07 oktyabr 2019 16:08
225

Prezidentin cavabı: İlham Əliyevin "Valday"da ifadə etdiyi tarixi tezislər

Azərbaycanın dövlət başçısı "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirak edib, geniş nitq söyləyib. İlham Əliyev 15 dəqiqə müddətində qlobal və regional geosiyasətin ən aktual məsələləri fonunda Rusiya-Azərbaycan münasibətlərinin strateji xarakterinə, Ermənistan rəhbərliyinin son vaxtlar ifadə etdiyi məsuliyyətsiz bəyanatlara, Azərbaycanın bu məsələdəki konkret mövqeyinə və dövlət quruculuğunda əldə edilən nailiyyətlərə toxunub. Azərbaycan rəhbəri Rusiya ilə əməkdaşlığın müxtəlif aspektlərini şərh edərək, bu prosesin artan sürətlə inkişaf etməsində maraqlı olduğunu deyib. Prezident İlham Əliyevin nitqində Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi populist fikirlərə tutarlı cavab verməsi xüsusi marağa səbəb olub. Azərbaycan rəhbərini çıxışı zamanı böyük diqqətlə dinləyiblər. Dövlət başçısının dərinməzmunlu nitqi iştirakçıların alqışları iləqarşılanıb. Bu məqamların işığında İlham Əliyevin nitqində ifadə edilən vacib tezislər üzərində geniş dayanmağa böyük ehtiyac duyduq.

Tarixi nitq: reallığa, obyektivliyə və ədalətə uyğun fikirlər

Dünyanın nüfuzlu "beyin mərkəzlərindən" hesab edilən "Valday" Beynəlxalq Diskussiya Klubu 2004-cü ildən fəaliyyət göstərir. Ötən illər ərzində aparıcı ekspertlərin görüş yerinə çevrilən klubun toplantılarında bəşəriyyəti düşündürən ən aktual siyasi, geosiyasi, iqtisadi, sosial, humanitar məsələlər müzakirə edilir, diskussiyalar aparılır. Builki tədbirə Rusiya PrezidentiVladimir PutinAzərbaycan Prezidenti İlham Əliyevi də dəvət etmişdi. Dövlət başçımızın "Valday" Klubundakı nitqi geniş əks-səda doğurub. İlham Əliyevin ifadə etdiyi fikirlər həm qlobal geosiyasət, həm də regional təhlükəsizliyin təmini baxımından prinsipial əhəmiyyətli məqamlarla bağlı olub. Azərbaycan Prezidentinin çıxışı böyük diqqətlə dinlənilib. Hiss olunurdu ki, İlham Əliyevin ifadə etdiyi tezislər üzərində dərhal düşünürlər.

İlham Əliyev nitqini dünya miqyasında müşahidə edilən başlıca trendlər və onların Avrasiya məkanına təsiri fonunda Rusiyanın dövlət olaraq fəaliyyətini qısa analizlə başlayıb. Keçən əsrin 90-cı illərinin ikinci yarısından Rusiyanın müxtəlif çətinlikləri dəf etdiyini vurğulayan İlham Əliyev bu prosesdə Prezident Vladimir Putinin başlıca rol oynadığını deyib. Bu, ümumiyyətlə, milli maraqlara və dövlətçiliyə əsaslanan bir Rusiya liderinin əldə etdiyi nailiyyətlərə verilən obyektiv qiymət idi. Və bir daha dünyaya xatırladırdı ki, müasir siyasətdə şəxsiyyət amili ciddi rol oynayır.

Azərbaycan Prezidenti Rusiya liderinin yüksək rolunu vurğulamaqla onun etibarlı tərəfdaş olduğunu da diqqətə çatdırıb. Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etməsinin böyük tərəfdarıdır və bunu təcrübə təsdiq edir. Təsadüfi deyil ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 20 faiz artıb. Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar həcmində sərmayə qoyub, Rusiya isə 4,6 milyard dollar. Bundan başqa, Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda 700-ə yaxın Rusiya şirkəti fəaliyyət göstərir. Hazırda 130 min şagird təhsilin rus dilində olduğu 338 məktəbdə təhsil alır və 25 min tələbə ali məktəblərin rus bölmələrində təhsil almaqdadır.

Onu da vurğulayaq ki, Rusiya Prezidenti Vladimir Putin çıxışında ifadə edib ki, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafının əsasında Azərbaycan Prezidentinin təşəbbüsləri dayanır, onun təklif etdiyi proqramlar uğurla reallaşır. O cümlədən Rusiyadan texnika alınması çərçivəsində 5 milyard dollarlıq saziş qüvvədədir. Onun artıq 3 milyard dolları reallaşıb və tərəflər onu davam etdirmək fikrindədirlər. Bu barədə iki Prezident arasında aparılan danışıqlarda fikir bildirilib.

Bununla Azərbaycan Prezidenti nitqində qlobal geosiyasi trendlərin fonunda Rusiyanın geosiyasi güclənməsi faktını vurğulayaraq, Rusiya-Azərbaycan münasibətlərini də həmin kontekstdə qiymətləndirib. Yəni söhbət iki müstəqil dövlətin strateji tərəfdaşlığından, qarşılıqlı fayda verən əməkdaşlığından gedir. Azərbaycan Rusiya kimi qüdrətli bir dövlətlə, dünyada söz sahibi olan ölkə ilə bərabərhüquqlu tərəfdaş statusunda əməkdaşlıq edir. Əlbəttə, bu, qürurvericidir və həmin məqam İlham Əliyevin nitqində olduqca yüksək səviyyədə təqdim edildi.

Bu cür fikirləri Ermənistan-Rusiya münasibətləri haqqında demək mümkün deyildir. Çünki Ermənistan həm forpostdur, həm də faktiki olaraq heç bir əməkdaşlıq təşəbbüsü və proqramı ilə çıxış etməyib. Görünür, Rusiya Prezidenti həm də Ermənistan rəhbərliyinə işarə edirdi ki, söz demək azdır, konkret əməl, təklif lazımdır. Kreml Azərbaycanla əməkdaşlığı konkret təklifləri qiymətləndirərək inkişaf etdirir. Ermənistan rəhbərliyinin bu mesajı necə dərk edəcəyi öz işidir, lakin siyasətin reallıqlarını heç kəs inkar edə bilməz.

"Qarabağ Azərbaycandır və nida": lakonik və dəqiq cavab!

Bu baxımdan İlham Əliyevin nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ifadə etdiyi fikirlər böyük maraq doğurub. Çünki onların hamısı reallığı əks etdirir. Bir daha xatırlatmaq istərdik ki, Nikol Paşinyan bir qədər əvvəl Ermənistanın mövqeyi ilə bağlı "tezis" demişdi və guya ki, bunu Azərbaycan tərəfinə də ifadə edib, ancaq cavab almayıb. Onun dedikləri qısaca olaraq belə idi: "Dağlıq Qarabağ (onlar "Arsax" deməyə başlayıblar, lakin bunun nəyi dəyişdiyi aydın deyil) Ermənistandır və nöqtə. Bundan sonra elə qərar qəbul edilməlidir ki, Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ xalqlarını qane etsin". Təbii ki, "Arsax xalqı" ifadəsi altında Nikol Paşinyan əsrlərlə orada yaşamış, aborigen azərbaycanlıları (türkləri) deyil, Rusiya imperiyasının həmin əraziyə köçürdüyü erməniləri nəzərdə tutur.

Ermənistanın baş nazirinin gözlədiyi cavabı Azərbaycan Prezidenti yığcam şəkildə və dəqiq verdi. Və qürurvericidir ki, özünə tam inamla, simasında təbəssümlə ifadə etdi. İlham Əliyev "Qarabağ Ermənistandır" ifadəsinin yalan olduğunu göstərdi. Həmin ərazinin statusu 1921-ci ildə Qafqaz bürosunun qərarı ilə "Azərbaycanın tərkibində qalsın" kimi müəyyən edilib. Nikol Paşinyan da daxil olmaqla, bəzi ermənilər isə "Azərbaycana verilsin" kimi yazıldığını iddia edirlər. Bunlar konkret sənədi də təhrif etməyə utanmırlar. Çünki həqiqətdən ənənəvi olaraq qorxurlar.

Daha qədimlərə müraciət edən Azərbaycan Prezidenti qətiyyətlə bəyan edib ki, Dağlıq Qarabağ tarixi, mədəni, demoqrafik, siyasi, geosiyasi və bütün digər mənalarda daim Azərbaycanın olub və ora indi də Azərbaycandır. Və həmin fikri Prezident tarixə düşən dəqiqliklə ifadə edib: "Qarabağ Azərbaycandır və nida işarəsi" Erməni mətbuatı bu fikrin Nikol Paşinyanın "nöqtəsini əzib keçdiyini" yazıb. Doğrudan da çox güclü, dəqiq, yığcam və eyni dərəcədə obyektiv cavabdır.

Bu, həm də "Valday" Klubunun toplantısında iştirak edənlərə bir diplomatik mesaj idi. Yəni Dağlıq Qarabağ işğal olunub! Bu işğal davam edir. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Onun üç həmsədri vardır: ABŞ, Rusiya və Fransa! Həmsədrlər də uzun illərdir ki, Azərbaycanın haqqının bərpa olunmasına yardım etmir, sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, ancaq işğalçının zəbt etdiyi ərazilərdən çıxması üçün heç bir real təzyiq göstərmirlər. Əksinə, məsələ üzərində öz maraqlarına uyğun "oynamaqda" davam edirlər.

Bu baxımdan Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin icra olunmadığını xüsusi vurğulaması olduqca vacib idi. Ölkə rəhbəri ifadə edib ki, BMT bir sıra qətnamələri cəmi bir neçə gündə yerinə yetirir, digərlərinə gəldikdə isə 10 illər belə hərəkət etmir. Dağlıq Qarabağla da bağlı vəziyyət eynidir: BMT faktiki olaraq dişsizdir! Həmin səbəbdən bu təşkilatın nüfuzu aşağı düşüb və onun yenilənməsinə böyük ehtiyac yaranıb. Dağlıq Qarabağla bağlı məsələdə isə qətnamələrin implementasiyası olmalıdır. Əks halda, BMT-nin nə üçün mövcud olduğu sualı meydana çıxır.

Münaqişənin həllinə gəldikdə isə o, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Helsinki Yekun Aktının prinsiplərinə uyğun həll edilməlidir. Azərbaycan tərəfi daim danışıqlar yoluna üstünlük verib və indi də həmin mövqedədir. Lakin bu proses sonsuza qədər davam edə bilməz – vasitəçilər mütləq münaqişəni beynəlxalq hüquq çərçivəsində həll etməyə nail olmalıdırlar.

Ölkə rəhbəri nitqində Azərbaycanın əldə etdiyi nailiyyətlər üzərində də dayanıb. Ölkədə həyata keçirilən proqramların nəticələrindən bəhs edib. O cümlədən Azərbaycanın 26 ildir ki, sabitlik içində yaşadığını ifadə edib. Azərbaycanın müstəqillik illərində beynəlxalq nüfuzu yüksəlib. Bunun göstəricilərindən biri Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsidir. Həmin nəticəyə Azərbaycan diplomatiyası ciddi fəaliyyət əsasında nail olub.

Beləliklə, Azərbaycan Prezidentinin "Valday" Klubundakı nitqi tarixi hadisədir. Xüsusilə Ermənistan rəhbərliyinə verilən cavab böyük maraq doğurub. Ermənistan XİN ona cavab verməyə çalışıb, lakin gülünc bir vəziyyət yaranıb. XİN sözçüsü "Azərbaycanın təcavüzkar siyasəti"ndən bəhs edib, gəlişigözəl terminlər işlədərək "dehumanizasiya" kimi ibarələrə baş vurub. Ancaq Xocalı soyqırımının, təhqir edilən azərbaycanlı qəbiristanlıqlarının, güllələnən və dağıdılan mədəni abidələrin, deportasiya olunan yüzminlərlə azərbaycanlının bu "dehumanizasiya"nın harasında olduğundan və kimin ayağına yazıldığından bəhs etməyib.

Nə qədər ki, ermənilər bu hadisələrin baş verdiyini inkar edirlər, onlar quyunun dibinə düşəcəklər. Çünki hər hansı problemin həlli həqiqətin etirafından, baş verən hadisələrin səmimi qəbul edilməsindən başlayır. Özü 100 il bundan əvvəl olmayan hadisəyə görə, başqasından etiraf gözləyən bir hakimiyyət, dünən baş verənləri inkar etməyə çalışmaqla, ədalət bir yana, ümumiyyətlə, insanlıqdan uzaq olduğunu təsdiqləyir. Bu da onların faciəsidir!

Newtimes.az