13 noyabr 2019 13:47
590

Prezidentin icra başçılarına göndərdiyi mesaj hər kəsə dərs olacaq

"Bu tövsiyələrlə Cənab İlham Əliyev həmin icra başçılarının simasında bütün məmurlara və digər icra başçılarına mesajlar göndərdi".

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov bildirib: "Bildiyiniz kimi, dünən cənab prezident yeni təyin edilmiş və yerlərini dəyişən icra başçılarını qəbul etdi. Onlara öz tapşırıq və tövsiyələrini verdi. Ölkə başçısı rüşvətxorluğa, korrupsiyaya yol verməmək, insanların arasında olmaq, vətəndaşları düşündürən, narahat edən məsələləri vaxtında öyrənib həll yollarını tapmaq, yeri gələrsə daha yuxarı mərkəzi icra orqanlarına yönləndirmək, həmin regionlara böyük investisiyalar cəlb etmək, sahibkarlığın inkişafına dəstəyi təmin etmək kimi önəmli tapşırıqlar verdi. Bütün bunlar o deməkdir ki, Azərbaycan artıq yeni idarəetmə mərhələsinə qədəm qoyub. O mərhələ ki, vətəndaş məmnuniyyəti hər şeydən üstündür. Cənab prezidentin bir nömrəli tapşırığı vətəndaş məmnunluğunun təmin edilməsidir. Yəni burada artıq vətəndaş-məmur münasibətlərində yeni yanaşmanın ortaya qoyulması birinci yerdə dayanır. Bütün bunlar ölkədə baş vermiş neqativ hallara son qoyacaq. Bütün icra başçılarına göndərilən mesajdan hər kəs nəticə çıxaracaq", - millət vəkili qeyd edib.