KÖŞƏ

Vəli İlyasov

Prezidentin inqilabi addımları və pat vəziyyətində qalan müxalifət

27 iyun 2019 10:07
1703

2019-cu ilin birinci yarısı bitməmiş ölkədə minimum pensiya 40 faiz, minimum əməkhaqqı isə 2 dəfəyə qədər artırıldı. Biz  cari ili minimum əməkhaqqının 130 manatlıq həddi ilə qarşılamışdıqsa, Azərbaycan Prezidenti tərəfindən bir neçə gün əvvəl- iyunun 18-də imzalanan daha bir Sərəncamla bu hədd 250 manata yüksəlir. Bu isə əhalinin rifah halında  əsaslı müsbət dəyişiklik deməkdir. Bu artım hələ son deyil və qarşıdakı bir neçə ay müddətində yeni artımlar olacaq.

Prezident İlham Əliyevin məşhur kəlamı hamının yadındadır: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam.”  Həmin vaxtdan, yəni 2003-cü ildən dövlətimizin başçısı fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu sübut edir, ən sadə vətəndaşımızın belə etimadını qazanır. Qeyd etməliyik ki, cənab Prezident sadə vətəndaşlarımızın - aztəminatlı  insanların rifahının yaxşılaşdırılmasını  həmişə düşünür. Onun  fəaliyyətinin əsas istiqaməti  məhz belə insanların ehtiyaclarının ödənilməsi üçün əlverişli şərait yaratmağa hesablanıb. Ona görə də mərhələlərlə belə sərəncamlar və fərmanlar verir, aztəminatlı ailələrin üzünü güldürür.

Elan edilmiş əməkhaqqı artımı və minimum pensiyaların 40 faiz artırılması həm də Prezident İlham Əliyevin 2018-ci ilin aprelində növbəti dəfə bu vəzifəyə seçilməsindən sonra gerçəkləşdirdiyi inqilabi islahatlar zəncirinin növbəti halqasıdır.

Qeyd etməliyik ki, bu ilin əvvəlində də artım olmuşdu. O da çox ciddi rəqəmlə ifadə edilən artım idi. Həmin günlərdə radikal müxalifətin təmsilçiləri iddia edirdilər ki, guya Prezident onların tələblərini nəzərə alaraq  bu addımı atıb. Təbii ki, onların  boş iddiası gözlədikləri kimi cəmiyyətin diqqətini özünə çəkmədi. Çünki insanlar həm Prezident İlham Əliyevin xalqın rifahına yönəlmiş siyasətini, həm də  radikalların cığallıqlarını yaxşı bildikləri üçün bu cəfəng iddialara heç bir əhəmiyyət vermədilər.

İndi isə Prezidentin bu artım qərarı qəfil oldu. Dağıdıcı radikalların heç xəbəri də olmadı ki, belə bir addım atılacaq.   İlin əvvəlində olduğu kimi, bu yaxınlarda da heç bir mitinq, etiraz-filan keçirməyiblər ki, Prezidentin əməkhaqqı artımı qərarını öz adlarına çıxmağa bəhanə tapa bilsinlər.  Cənab Prezident bu planlı, düşünülmüş gedişi ilə  dağıdıcı müxalif ünsürləri seytnota saldı.

Tanınmış ekspert və politoloqlar dövlət başçısının inqilabi addımlarını yüksək qiymətləndirərək bildirirlər ki, son illər Azərbaycanda həyata keçirilmiş tədbirlər nəticəsində ölkə əhalisinin alıcılıq qabiliyyəti keçmiş MDB məkanında ikinci yerə yüksəlib. Bu, adi bir fakt deyil, ondan xəbər verir ki, azərbaycanlılar həyat tərzinə görə digər  ölkələrin əhalisindən yaxşı yaşayırlar. O da aydındır ki, bizə  bu şəraiti yaradan cənab Prezidentimizdir.

Birdəfəlik yadda saxlamalıyıq ki, yeganə güvənc yerimiz Azərbaycan dövləti və onun Prezidentidir. Heç şübhə yoxdur ki, soydaşlarımız  cənab İlham Əliyevə  bundan sonra öz etimadını davam etdirəcək və bunun müqabilində Azərbaycan insanının rifah halı yenə də yüksəlməkdə davam edəcək. Çünki Azərbaycan Prezidenti öz siyasətində insan amilini bütün digər məsələlərin fövqündə  görür.