18 yanvar 2020 18:08
991

Prezidentin köməkçisi: Beynəlxalq ictimaiyyət Qarabağ münaqişəsinin tez bir zamanda nizamlanması üçün səyləri ikiqat artırmalıdır

Beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda nizamlanması üçün səyləri ikiqat artırmalıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Radio France Internationale” radiosuna müsahibəsində deyib.

O bildirib ki, Qafqaz regionunda təhlükəsizlik və sülh Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində sarsıdılıb:

“Ermənistan güc tətbiq edərək Azərbaycanın suveren ərazilərini işğal edib. Bu, qanunsuzdur və beynəlxalq hüququn pozulması deməkdir. BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini pisləyən və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Digər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamenti, ATƏT, Avropa Şurası kimi təşkilatlar Ermənistandan bu münaqişəni bitirməyi və qoşunları çıxarmağı tələb edən qətnamə və sənədlər qəbul edib. Amma təəssüf ki, biz münaqişənin həlli yolunda hər hansı bir irəliləyiş görə bilmirik”.

H.Hacıyev vurğulayıb ki, Ermənistan status-kvonu, yəni işğalı saxlamaqda davam edir, azərbaycanlı məcburi köçkün və qaçqınların bu ərazilərə qayıtmasına mane olur:

“Azərbaycanda bu ərazilərə qayıtmaq hüququ olan 1 milyon qaçqın və məcburi köçkün var. Ona görə də biz ATƏT Minsk Qrupunun həmsədrləri də daxil olmaqla, dünya ictimaiyyətini münaqişənin tez bir zamanda beynəlxalq hüquq norma və prinsiplərinə uyğun və ən əsası başlıca prinsip - ədalətin nəzərə alınması ilə həlli üçün səyləri ikiqat artırmağa çağırırıq. Əlbəttə, onlar öz işlərini görürlər və biz Minsk Qrupu həmsədr ölkələrinin vasitəçi qismində münaqişənin həlli ilə məşğul olmasını dəyərləndiririk. Amma əlbəttə ki, daha çox iş görmək lazımdır. Biz həmişə predmet danışıqları dəstəkləyirik. Ermənistan isə məğzdən qaçmağa çalışır. Münaqişənin məğzi nədir? Münaqişənin fundamental köklü səbəbləri var. Əsas səbəb Azərbaycan ərazilərinin işğal olunmasıdır”.

O qeyd edib ki, həmsədr ölkələr Ermənistana siyasi diplomatik təzyiq göstərməli, bu ölkədən beynəlxalq hüquq üzrə öhdəliklərini yerinə yetirməsini tələb etməlidir:

“Hər şey işğalın dayandırılmasından başlamalıdır. Bütün dünya ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət və əməl etməlidir”.

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.