29 avqust 2019 13:31
1307

Prezidentin sosial sərəncamları ona görə davamlıdır ki...

2019-cu ilin iqtisadi göstəricilərinə görə, Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti xeyli artıb. Aztəminatlı təbəqə dövlət tərəfindən sosial müdafiəyə cəlb olunub. Nəticədə ölkəmizin inkişafyönümlü iqtisadi siyasəti sosial sahənin də yüksəlməsinə, vətəndaşların rifah halının yaxşılaşmasına gətirib çıxarıb. Bu gün dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə dünyaya nümunə göstərilən bir inkişaf modeli formalaşıb. Məhz bu müsbət tendensiyaların mövcudluğu səbəbindən iqtisadi və siyasi sabitliyimiz davamlıdır. Bu amilləri yüksək qiymətləndirən Prezident İlham Əliyev  bildirir ki, dünyanı bürüyən böhranlardan asılı olmayaraq Azərbaycanın inkişafı və ölkədəki ictimai-siyasi sabitlik bizim böyük sərvətimizdir.

Ən önəmli məqam isə ondan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur. Xüsusən sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı Dövlət proqramları, böyük layihələr həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunmuş və icra edilmişdir. Çox önəmli faktdır ki, hər il ölkəmizin başçısının imzaladığı Fərman və sərəncamların 70 faizi məhz sosialyönümlüdür.

Son 15 ildə hər il yeni iş yerlərinin açılması, yeni istehsalat müəssisələrinin, emal zavodlarının yaradılması artıq bir ənənə halını almışdır. Belə ki, bu dövr ərzində işsizlik və yoxsulluq 49 faizdən 4,9 faizə düşmüşdür. Ölkədə minlərlə yeni müəssisə yaradılmaqla 1.7 milyondan artıq yeni iş yeri açılmışdır. 3 mindən çox məktəb, altı yüzdən çox tibb ocağı tikilmiş və ya əsaslı şəkildə təmir edilmişdir.

İnfrastrukturların qurulması həcminə görə MDB-də birinciyik

Bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, sosial və mədəniyyət obyektləri inşa edilmişdir. 2400 meqavat  istehsal gücü olan 30-dək elektrik stansiyası tikilməklə ölkənin enerji təhlükəsizliyi tam təmin edilmişdir. Qazlaşdırma 51 faiz səviyyəsindən 95 faizə çatdırılmış, ölkə ərazisi, hətta sovet dövründə qaz verilməyən yaşayış məntəqələri qazlaşdırılmışdır. MDB məkanında yeni yolların ən çox çəkilişinə görə də öndəyik. Son bir neçə ildə 12 min kilometrdən çox avtomobil yolu tikilmiş, təkcə magistral və şəhərlərarası yollar deyil, həmçinin kəndlərarası yollar ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulmuşdur. Regionlardan Bakıya yeni su xətti çəkilmiş, paytaxtın fasiləsiz su təminatı 80 faizə çatmışdır. Həmçinin regionlarda modul tipli sutəmizləyici qurğular quraşdırılmış, əhalinin içməli su ilə təminatı yaxşılaşdırılmışdır. Məcburi köçkünlər üçün 100-dək qəsəbə inşa edilmiş, 200 mindən çox məcburi köçkün yeni müasir mənzillərlə təmin edilmiş, ölkədə bütün çadır şəhərcikləri ləğv olunmuşdur. Məhz infrastrukturların qurulması həcminə görə MDB-də birinciliyə yüksəlmişik.

Dövlət başçısı sosialyönümlü Sərəncam və fərmanlara aprelin 15-də daha birini də əlavə etməklə müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin 80 manat məbləğində təqaüdü təsis  edildi. Fərmanda qeyd olunurdu ki, həmin təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Bu Fərman on minlərlə insana şamil olunacaqdır. Həmçinin müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün Prezident təqaüdünün məbləği I qrup əlilliyə görə 182 manatdan 250 manata, onlara qulluq edənlərə isə 50 manat, II qrup əlilliyə görə 158 manatdan 230 manata, III qrup əlilliyə görə, 121 manatdan 210 manata çatdırılıb.

Beləliklə, əgər I qrup müharibə əlilləri və onlara bərabər tutulan şəxslər 150 manat sosial müavinət alırdılarsa, bundan sonra həmin məbləğin üzərinə 250 manat Prezident təqaüdü və 50 manat da onlara qulluq edən şəxsin məvacibi daxil ediləcək. Yəni, bu kateqoriyaya aid şəxslər ayda ümumilikdə 450 manat alacaqlar. II qrupa aid olanların (130 + 230) 360, III qrupa aid olanların isə (110+ 210) alacaqları müavinət 320 manata yüksəlib.

Ölkə başçısının imzaladığı sosial islahatlar paketi əhatə dairəsinə görə inqilabi addımlardır

Əslində, Prezident İlham Əliyevin son 6-7 ayda böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı sərəncamlar, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına, əhatə dairəsinə görə inqilabi qərarlardır. Təbii ki, sosial siyasətin belə uğurla aparılması iqtisadi qüdrətimizin davamlı artmasından qaynaqlanır. Ekspertlərin qənaətinə görə, 2019-cu ilin ilk rübündə elə bir sahə yoxdur ki, maaşlarda, eləcə də sosial müavinətlər və təqaüdlərdə artımlar edilməsin. Prezident İlham Əliyev ilk növbədə qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin durumunu diqqətdə saxlamaqla bu kateqoriyaya aid insanlara öz dəstəyini göstərdi.

Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə  2019-cu ilin əvvəllərindən başlayaraq minimum əməkhaqqının 38 faiz artılıraraq 130 manatdan 180 manata çatdırılması, minimum pensiyaların 38 faiz artırılaraq 116 manatdan 160 manata qədər qaldırılması, 100 minə yaxın tələbənin təqaüdünün yüksəldilməsi əhali tərəfindən rəğbətlə qarşılanıb. Həmçinin aprelin 1-dən etibarən dövlət başçısının “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı qüvvəyə minməklə 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırıldı. Beləliklə, 600 minə yaxın insanın, (buraya əlilliyi olan 300 min şəxs də daxildir) sosial durumu daha da  yaxşılaşdırılacaq.

Dünyanı heyran edəcək sosial hədəf: 2025-ci ilədək ölkədəki evsizlərin sayı minimuma endiriləcək

Bir sözlə, ölkəmizin başçısının da vurğuladığı kimi, əgər 2017-ci il iqtisadi sabitləşmə, 2018-ci il isə dərin iqtisadi islahatlar ili olubsa, 2019-cu il həm sosial islahatlar ili, həm də iqtisadi artımın yüksək templərlə təmin ediləcəyi dövr kimi tarixə  düşəcəkdir. Eyni zamanda, sosial siyasətin ən önəmli istiqaməti olan müharibə iştirakçılarının, şəhid ailələrinin, əlillərin, hərbçilərin, alimlərin, KİV işçilərinin sosial təminatının yüksəldilməsi, mənzil-məişət problemlərinin həlli ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilmişdir. Xeyli vaxtdır ki, sosial mənzillərin Bakının bir neçə ərazisində tikintisinə başlanılıb. Artıq Yasamal rayonunda ilk mənzillər verilib. Ümumiyyətlə, bu gün qarşıya qoyulan əsas hədəflərdən biri də 2025-ci ilədək evsizlərin sayını minimuma endirməkdir. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti  daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial  problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Elçin Zaman,

“İki sahil”