25 iyun 2020 20:27
373

Professor Nəsib Quliyev: Gələcək nəslin sağlamlığı ana südü ilə qidalanmadan başlayır

Ana və uşaqların sağlamlığının mühafizəsi Azərbaycan səhiyyəsinin prioritetidir

Bu şəfa ocağında ilk dəfə körpə qığıltısı 93 il əvvəl eşidilib. Ölkəmizin ilk tibb müəssisələrindən olan 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil edilərək yenidən qurulan Ana və Uşaqların Mühafizə İnstitutu ötən müddət ərzində böyüyüb inkişaf edərək ən böyük uşaq müalicə mərkəzlərindən birinə çevrilib. Bir əsrə yaxındır ki, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu həm müalicə, həm də təhsil müəssisəsi kimi fəaliyyət göstərir, ana və uşaqların sağlamlığı keşiyində dayanır. İndi institutda 245 çarpayılıq 8 klinik şöbə fəaliyyət göstərir, 50 çarpayılıq yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsi respublika üzrə mərkəz funksiyasını yerinə yetirir. Hazırda bu uşaq sağlamlıq müəssisəsində 500-ə yaxın əməkdaş, o cümlədən 100 nəfərə yaxın həkim və elmi işçi çalışır. Hər il burada 30 mindən çox xəstə uşağa stasionar və ambulator tibbi xidmət göstərilir.

Ulu öndər Heydər Əliyevin qayğısı və diqqəti sayəsində pediatriya xidməti əsl inkişaf yoluna çıxıb

Əməkdar elm xadimi, tibb üzrə elmlər doktoru, professor, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna ötən əsrin 90-cı illərinin ortalarından rəhbərlik edir. Professor AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı həmin illəri xatırlayıb:

- Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması daim dövlətin diqqət mərkəzindədir. Ölkəmizin müstəqilliyinin ilk illərində, xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Azərbaycan səhiyyəsinin, eləcə də ana və uşaqların sağlamlığının qorunması işinin əsası qoyulub. Ötən əsrin 90-cı illərinin əvvəlində digər sahələrdə olduğu kimi, tibb sahəsi də ağır böhran içində idi. O vaxt uşaqlar arasında difteriya, poliomielit və qızılca xəstəlikləri tüğyan edirdi və həmin epidemiyalar nəticəsində xeyli uşaq həyatını itirirdi. O vaxt MDB ölkələri arasında birinci olaraq Ulu Öndərin şəxsi təşəbbüsü ilə Avropadan “Ekzimbank” vasitəsilə 20 milyon ABŞ dolları məbləğində kredit götürüldü və həmin vəsait hesabına qısa müddət ərzində tibbi ləvazimat, dərman və vaksin preparatları respublikamıza gətirildi.

1996-cı ildə Ümumdünya Səhiyyə Təşkilatının Daşkənddə keçirilən müşavirəsində təşkilatın ekspertləri Azərbaycanın MDB ölkələri arasında birinci olaraq difteriya və poliomielit xəstəliyinin epidemiyasını ləğv etməyə nail olduğunu bildirdilər. 1997-ci ildə “Əhalinin sağlamlığının qorunması haqqında” qəbul olunan Qanunda uşaqların sağlamlığının qorunması, onlara aid olan güzəştlər, imtiyazlar və digər məsələlərlə əlaqədar müddəalar da öz əksini tapmışdı. 90-cı illərin axırlarında səhiyyədə stabilləşmə dövrü başlandı və o vaxtdan da ana və uşaqların sağlamlığının mühafizəsi işi ölkə səhiyyəsinin prioriteti olaraq təsbit olundu. Xüsusi qeyd etməyə dəyər ki, həmin xətt bu gün də davam edir.

Ulu öndərin layiqli davamçısı İlham Əliyev ölkə Prezidenti seçildikdən sonra 2003-cü ilin noyabrında qəbul edilən “Azərbaycanda sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Dövlət Proqramında səhiyyənin inkişafına xüsusi yer ayrıldı. 2004-cü ilin fevralında “Körpələrin və erkən yaşlı uşaqların qidalandırılması haqqında” Qanun qüvvəyə mindi və uzun illər bu sahədə çalışan mütəxəssis kimi bildirmək istəyirəm ki, körpələrin düzgün qidalandırılması onların sağlamlığında birinci dərəcəli əhəmiyyət kəsb edir. Məhz bu cür həyati əhəmiyyət kəsb edən qanunların qəbul edilməsi və həyata keçirilməsi sayəsində səhiyyədə çox böyük irəliləyişlərə nail olundu.

1993-cü ildə epidemiya və yoluxucu xəstəliklərə qarşı cəmi beş peyvənd aparılırdısa, indi dünyanın aparıcı ölkələrində olduğu kimi yoluxucu xəstəliklərə qarşı on bir peyvənd aparılır və bunların hamısı dövlət vəsaiti hesabına həyata keçirilir. Körpə dünyaya gələndən 12 saat sonra hepatit B virusu əleyhinə, 4-7-ci günlərdə isə vərəm və poliomielitə, iki aylıq olanda difteriya, tetanus, göyöskürək, pnevmokokk, B tipli hemofil infeksiya, 1 yaşında isə qızılca, məxmərək və parotit xəstəliyinə qarşı peyvənd aparılır. Sonrakı yaş dövrlərində həmin peyvəndlərin revaksinasiyası, yəni təkrar vaksinasiyası aparılır. Beləliklə, uşaq 6 yaşına çatanda Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi peyvənd təqvimi tamamlanmış olur. İndi ölkəmizdə demək olar ki, bütün uşaqların sağlamlıq kartları var və körpə doğulandan onun sağlamlıq vəziyyəti ilə bağlı bütün məlumatları həmin kartdan öyrənmək mümkündür.

Ölkəmizdə uşaq sağlamlığı ilə bağlı çoxlu yeni xidmət sahələri və müəssisələr yaradılıb

-Son illər uşaqların hüquq və sağlamlıqlarının qorunması sahəsində xüsusilə böyük addımlar atılıb...

-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərinin genişləndirilməsi və uşaqların sağlamlığına göstərilən diqqət də bu sahədə çox mühüm addımlardan biri kimi qəbul olunmalıdır. Ölkəmiz 1992-ci ilin iyulunda Beynəlxalq Uşaq Hüquqları Konvensiyasına qoşulan ilk MDB dövlətlərindən biri olub. Konvensiyanın “Uşaq kimdir?” adlanan ilk bəndində dünyaya gələn uşaq 18 yaşına çatana qədər sənəddə təsbit olunan həmin hüquqlardan bəhrələnmək imkanına malikdir.

Səhiyyədə stabilləşmə yaranandan sonra ölkəmizdə bu sahə çox böyük inkişaf və yüksəliş yoluna qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi dövründə 750-dən çox tibb müəssisəsi istifadəyə verilib. Bunların arasında uşaqlara göstərilən bir sıra yeni tibbi xidmət sahələrinin açılışı xüsusilə təqdirəlayiqdir. Son illər istifadəyə verilən Uşaq Kardiocərrahiyyə Mərkəzi, Uşaq Nefrologiya Mərkəzi, Uşaq Kardioloji Xidməti, Uşaq Neyrocərrahiyyə Xidməti, Uşaq Onkohematologiya Xidməti, Uşaq Onkologiyası Mərkəzi, Talassemiya Mərkəzi tibbi xidmətlərin çox böyük spektrini əhatə edir. İndi Azərbaycanda uşaqlara xidmət göstərən istər ambulator-poliklinik, istərsə də stasionar tibb müəssisələrinin hamısı yenidən qurulub və ya yeni binaya köçürülüb. 2013-cü ildə qəbul olunan “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanun ölkəmizdəki bütün uşaqları - 2 milyon 700 min uşağı əhatə edir.

2014-cü ilin dekabrında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu da tam təmir edilərək yenidən qurulub və ən müasir avadanlıqla təchiz edilib. Bütün bunların nəticəsində uşaqlara göstərilən xidmətin səviyyəsi yüksəlib, ana və uşaqlar arasında ölüm halları minimuma enib. 1992-ci ildə hər 1000 diridoğulan uşaqda 1 yaşına çatanadək ölüm halları 29-30 idisə, indi həmin göstərici 11, 2 promilliyə düşüb. 1990-cı ildən 2001-ci ilədək Azərbaycanda hər il doğulan uşaqların sayı azalmaqda idisə, 2001-ci ildən 2012-ci ilin axırlarınadək hər il doğulan uşaqların sayı 120 mindən 176 minədək artıb. Uşaq doğumun artım səviyyəsi iqtisadi inkişaf və həyat təminatının yaxşılaşması baxımından əsas göstəricilərindən biri hesab olunur. Beləliklə, ölkəmizdə əhalinin artım indeksi bu illər ərzində 1 faiz həddinə çatıb. Halbuki Avropanın inkişaf etmiş ölkələrində və qonşu ölkələrin heç birində belə dinamika müşahidə edilmir. Müqayisə üçün, bir faktı göstərmək kifayətdir ki, Gürcüstanda bu sahədə artım yoxdur, Ermənistanda isə əhalinin sayı azalmaqda davam edir.

Pandemiya ilə mübarizə Azərbaycan səhiyyəsinə inamı qaytardı

- Dünyanı cənginə alan koronavirus pandemiyasını müharibəyə bənzədirlər. Bu amansız virusla döyüşün ön sıralarında tibb işçiləri gedir. Biz hamımız onların fədakarlığına şahidik...

- Azərbaycan səhiyyəsi son 17 ildə misilsiz inkişaf yolu keçib, yüksək ixtisaslı kadrlar yetişib. Bu böhranlı günlərdə yeni xəstəxanalar, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə müəssisələri, laboratoriyalar köməyə çatdı.

Səhiyyəmiz bugünkü yüksək səviyyəyə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində çatıb. Ölkəmizdə insan amili, insanların sağlamlığı ön planda dayanır. Biz hazırkı ağır, çətin dövrdə bunun bir daha şahidi olduq.

Koronavirus xəstələri son illərdə tikilmiş 20-dən çox tibb müəssisəsində müalicə alırlar. Qısa müddətdə Prezidentin göstərişi ilə modul tipli 5 xəstəxana qurularaq istifadəyə verilib. Daha beş xəstəxananın tikintisi gedir. Yaradılmış şərait və həkimlərimizin peşəkarlığı, fədakarlığı nəticəsində virusa yoluxanlar lazımi müalicə alırlar. Bu və digər amillər Azərbaycan səhiyyəsinə, Azərbaycan həkiminə inamı qaytarıb.

Ümumbəşəri təhlükə ilə mübarizə ölkəmizin ağxalatlı peşə sahibləri üçün əsl imtahan oldu və onlar bu sınaqda özlərini doğruldurlar. Qorxunc epidemiyanın yayıldığı ilk gündən böyük cəsarət göstərərək öz missiyalarını fədakarlıqla yerinə yetirirlər.

Prezident İlham Əliyevin həkim əməyinə verdiyi yüksək qiymət, dediyi bu xoş sözlər qəlbimizdə sonsuz qürur hissi doğurur: “Həkimlər öz həyatını və yaxınlarının sağlamlığını risk altına qoyur, xəstələrə gecə-gündüz xidmət edirlər. Biz həkimlərin fədakarlığını yüksək qiymətləndiririk. Bir daha Azərbaycan xalqı gördü ki, ən çətin dövrdə, bu pandemiya dövründə aparıcı şəxs, aparıcı adam insanların həyatını qoruyan həkimdir. Əlbəttə, bütün başqa amillərlə bərabər, dövlət lazımi tədbirləri görür. Amma son nəticədə xəstələri müalicə edən, onları həyata qaytaran həkimlərdir. Həkimlər gecə-gündüz işləyir, insanları xilas edirlər. Bu xəstəlikdən canını qurtaran bütün pasiyentlər, ilk növbədə, həkimlərə minnətdar olmalıdırlar”.

Zənnimcə, həkim əməyinə bundan yaxşı qiymət ola bilməz.

Bir uşağın da həyatını itirməsi fəlakətdir

- Pandemiyadan söhbət düşmüşkən, bu xəstəlik uşaqlarda özünü necə göstərir?

- Xəstəliyin yayılmağa başladığı ilk vaxtlarda onun daha çox yaşlılar arasında yoluxmaya səbəb olduğu deyilsə də, pandemiyanın davam etdiyi bu aylar ərzində virusun uşaqların həyatı üçün də təhlükə doğurduğuna şahidlik etdik. Təəssüf ki, bu gün bizim ölkəmizdə də uşaqlar arasında, hətta yenidoğulanlar arasında da yoluxanlar var. Bəzən uşaqlar arasında bu xəstəlik çox ağır keçir və Kavasaki xəstəliyinə səbəb olur: qan damarları zədələnir, dəri altına, daxili orqanlarda qansızmalar, səpgilər əmələ gəlir, qan parçalanır və s. Doğrudur, yaşlılarla müqayisə ediləndə uşaqlar arasında xəstəlikdən ölüm faizi çox aşağıdır. Lakin mən bir həkim kimi bir uşağın da həyatını itirməsini fəlakət kimi qəbul edirəm.

-Yay mövsümündə adətən uşaqlar hansı xəstəlikdən daha çox əziyyət çəkirlər?

-Payız-qış mövsümündə soyuqdəymə xəstəliklərini bir qayda olaraq viruslar törədir. Bura qrip, paraqrip, adenoviruslar, rinoviruslar, rotaviruslar və s. daxildir. Yay mövsümündə isə xəstəlikləri əsasən bakteriyalar törədir. Məsələn, bağırsaq çöpləri, pnevmokokklar, qarın yatalağını törədən bakteriyalar və s. Yay mövsümündə uşaqlar arasında daha çox mədə-bağırsaq traktının xəstəlikləri, həzm sisteminin pozulması, mədə-bağırsaq infeksiyaları, bakterial mənşəli xəstəliklər və helmintozlar kimi xəstəliklərin çoxalması müşahidə edilir. Təəssüf ki, bu gün ölkəmizdə ən çox yayılmış parazitar xəstəliklərdən biri də qurd invaziyalarıdır. Bunun səbəbi uşaqların, xüsusən məktəbəqədər yaş dövründə gigiyena qaydalarına riayət etməməsidir. Ona görə də həmin yaş dövründə qurda yoluxma ehtimalı çox yüksək olur. Həmin yaş dövründə hər şey valideynin nəzarətindən asılı olur və çox vaxt onlar buna lazımınca əməl edə bilmədiklərindən qurd xəstəlikləri çoxalır. 2018-ci ildə rayon və kənd yerlərində yaşayan uşaqların müayinəsi zamanı onların 95 faizində bizquyruq, askarid və bəzən də yastı qurdlar aşkar edilib.

-Statistika anemiyaların da yüksək faizini göstərir...

-Uşaq orqanizminin bir sıra anatomik-fizioloji xüsusiyyətləri var. Onlardan biri də normal dünyaya gələn uşağın 2- 2,5 aylığında qanyaranmanın sürəti ilə ümumi inkişaf sürəti arasında uyğunsuzluğun müşahidə olunmasıdır. Körpələrdə anemiya əlamətlərini iki aylığından etibarən müşahidə etmək olur. Dünyada erkən yaşlı uşaqlar arasında anemiya 42 faiz həddindədir. Hətta bəzi ölkələrdə onun səviyyəsi 63 faizə çatır. Bunun ən mühüm səbəblərindən biri uşaqların ana südü ilə qidalanmasının pozulması və onların açıq havada olmasının təmin edilməməsidir. Hazırda Milli Məclisdə unun fortifikasiyası haqqında qanun müzakirə olunur. Məqsəd onda ibarətdir ki, unun tərkibinə elə mikroelementlər qarışdırılsın ki, ondan hazırlanan çörəyi, sıyığı və digər qida maddələrini qəbul edəndə anemiya inkişaf etməsin. Anemiyanın yaranmaması üçün qanın yaranmasında iştirak edən bütün elementlər lazımi miqdarda qəbul edilməlidir. Bu yolla dəmir və zülal defisitli anemiyaların qarşısını almaq mümkündür.

Uşaqların sağlamlıq problemləri doğuşdan başlayır...

-Nəsib müəllim, təəssüf ki, son vaxtlar qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirənlərin sayı kifayət qədər çoxdur...

-Əslində, həmin əməliyyat Sezar əməliyyatı adlanır. Rəvayətə görə, qədim Roma hökmdarı Yuli Sezarı ölmüş hamilə ananın bətnindən çıxarıblar. İlk vaxtlar “sezariyyə” adlandırılan həmin əməliyyat sonradan bir sıra dillərdə dəyişdirilərək bəzən keysəriyyə, bəzən də qeysəriyyə şəklində işlədilir. İndiki zamanda həyata keçirilən əməliyyatları cərrahi doğuş adlandırmaq daha düzgün olardı. Yalnız tibbi göstəriş olduğu təqdirdə həmin əməliyyatın aparılmasına icazə verilməlidir. 1987-ci ildə Braziliyanın Fortaleza şəhərində qəbul edilən bəyannaməyə görə, dünyanın hər yerində doğuş prosesində tibbi müdaxilələrin sayı 10 faizi keçməməlidir. Təəssüf ki, indi Azərbaycan da daxil olmaqla dünyada elə ölkələr var ki, körpələrin 70-80 faizə qədəri cərrahi doğuşla dünyaya gətirilir. Elə özəl klinikalar var ki, orada cərrahi doğuş 90 faiz təşkil edir. Bu cür doğuşlar həm ana, həm də uşağın sağlamlığı üçün əsl bəladır və çox böyük fəsadlar törədir.

Tibbi təsnifata görə, insan həyatının üç dövrü var. Hamiləliyin davam etdiyi doqquz ay pediatriyada antenatal dövr adlanır. İntranatal dövr cəmi bir neçə saat çəkən doğuş dövrünü əhatə edir, doğulandan sonra yaşanan həyat postnatal dövr adlanır. Doğuş dövrü son dərəcə həyati vacib proses olduğuna görə tibb mütəxəssisləri onu insan həyatının ayrıca bir dövrü hesab edirlər. Elmi araşdırmalar sübut edib ki, körpənin dünyaya gəldiyi doğuş dövründə həm ananın, həm də dölün orqanizmində minlərlə proses gedir və o qədər də çox dəyişikliklər baş verir. Körpə ana bətnində su mühitində yaşadığı dövrü dünyaya gələndən sonra özü nəfəs almaqla davam etdirir. Doğuşdan əvvəl körpənin ciyərləri su ilə dolu olur, doğuş prosesi zamanı göbək ciyəsi anaya bağlı ola-ola ciyərlərində olan su passiv şəkildə sıxılaraq kənarlaşır və körpə doğulan kimi çığırır. Tibdə buna ilk tənəffüs deyilir və körpənin çığırtısı onun dünyaya gəlməsi kimi qəbul olunur.

Mən doğuş zamanı baş verən çoxsaylı təbii proseslərdən yalnız birini misal göstərdim. İndi təsəvvür edin ki, bu proses cərrahi yolla aparılanda ağciyərlər dölyanı maye ilə dolu qalır və istər ana, istərsə də uşaq nə qədər zədə alır, müxtəlif fəsadlarla üzləşir. Bu gün dünya təbabətində körpənin ağciyərlərində olan həmin mayeni çıxara biləcək üsul yoxdur. Çox vaxt dünyaya gələn körpələr həmin mayenin infeksiyalaşması nəticəsində pnevmoniya xəstəliyinə tutulurlar. Ona görə də analara izah edilməlidir ki, cərrahi üsulla dünyaya gələn körpə fəsadlarla üzləşir və onun sağlamlığı risk altında qalır.

Hədəf ana südü ilə qidalanmanı 95-98 faizə çatdırmaqdır

- Uşaqların sağlamlığında narahatlıq doğuran başqa hansı məqamlar var?

- Ən böyük problem qidalanma ilə əlaqədardır. Bircə faktı deyim: 1992-ci ildə apardığımız araşdırma nəticəsində məlum oldu ki, Azərbaycanda bir yaşına qədər ana südü ilə qidalanan uşaqların sayı 25 faiz təşkil edir. Bundan sonra dövlət səviyyəsində görülən tədbirlər, o cümlədən Səhiyyə Nazirliyinin nəzdində ana südü ilə qidalanma üzrə Milli Komitənin yaradılması, 2003-cü ildə bu sahədə xüsusi qanunun qəbul edilməsi, südverən analara əlavə güzəşt və müavinətlərin ayrılması və digər tədbirlər nəticəsində süd verən anaların sayı 50 faizə çatdırıldı. Lakin ana südü ilə qidalanmanı 95-98 faizə çatmağı hədəf kimi qarşıya qoymuşuq, çünki gələcək nəslin sağlamlığı məhz həmin bünövrədən başlayır.

Digər bir problem uşaqların, xüsusilə məktəbyaşlıların internet və kompüter oyunlarına aludəliyi nəticəsində görmə problemlərinin yaranmasıdır və təəssüf hissi ilə qeyd etmək istərdim ki, eynək gəzdirən uşaqların sayı ildən-ilə artır. Əlbəttə, bu sahədə həkim və tibb işçilərinin apardığı maarifləndirmə işi ilə yanaşı, valideynlərin də üzərinə böyük məsuliyyət yükü düşür.

Zaman keçdikcə uşaqlar arasında xəstələnmə göstəriciləri də dəyişir. Məsələn, ölkəmizin müstəqilliyinin ilk illərində uşaqlar arasında daha çox yoluxucu xəstəliklər və tənəffüs sistemi, ağciyər xəstəlikləri üstünlük təşkil edirdisə, indi yenidoğulma dövrünün xəstəlikləri çoxluq təşkil edir. Yenidoğulma dövrünün xəstəlikləri arasında anadangəlmə ürək qüsurları və irsi xəstəliklər artır. Bununla yanaşı, inkişaf qüsurları, doğuş zədələri, tibbi dildə desək, bətndaxili infeksiyalar da körpə sağlamlığına mane olan əsas səbəblərdən sayılır. Hamiləliyin son aylarından etibarən uşaq doğulandan ilk yeddi günədək olan müddət perinatal dövr adlanır. Həmin dövrün xəstəlikləri dünyanın hər yerində olduğu kimi ölkəmizdə də birinci yerə çıxıb. Lakin bunların hamısı təkcə həkim və tibb işçilərinin deyil, həm də ailələrin, valideynlərin, xüsusən anaların birgə səyi ilə həll edilə və aradan qaldırıla bilər.