22 yanvar 2020 10:38
1235

Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı

Ölkə əhalisinin həssas təbəqələrinin sosial problemlərinin həlli dövlətin prioritet məsələlərindəndir

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafın əsas xüsusiyyətlərindən biri də insanların həyat şəraitinin yüksəldilməsidir. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma torpaqlarından qovulmuş və didərgin salınmış insanların taleyi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi daim dövlətin diqqət mərkəzindədir.

Vaxtilə ulu öndər Heydər Əliyev bu qəbildən olan insanlara daim diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görüb. Bu gün Ulu Öndər siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev də fəaliyyətində qaçqın və məcburi köçkünlərə xüsusi diqqət və qayğını ön planda saxlayır. 2003-cü ildən bu günədək Prezident İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox Fərman və Sərəncam imzalaması, bir çox proqramların qəbul edilməsi bunun əyani sübutudur. 

Bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlərlə görüşü də dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının bariz nümunəsidir.

Komitə sədri qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin mühüm istiqamətləri, son bir ildə görülən işlər, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrdən söz açaraq bildirib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirir və zəruri tədbirlər görür: “Son iki ildə məcburi köçkünlər üçün 13 yeni qəsəbə salınıb, bu kateqoriyadan olan vətəndaşlara verilən vahid aylıq müavinətin məbləği ötən il 50 faiz artırılıb. Bakıda, Sumqayıtda və regionlarda yeni yaşayış komplekslərinin inşası davam etdirilir. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da həssaslıqla yanaşır, onlarla görüşlər keçirir, qaldırdıqları məsələlərin həlli ilə bağlı tapşırıqlar verir və icrasına nəzarət edir”.

Bildirilib ki, “Qobu Park” layihəsi bütünlüklə özəl sektor tərəfindən gerçəkləşdirilir. Kompleksin üçüncü mərhələsi üzrə işlər də artıq yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan “Qobu Park-3” qəsəbəsində 1300 ailə məskunlaşacaq.

Göründüyü kimi, qaçqın və məcburi köçkünlər Azərbaycan dövlətinin hərtərəfli qayğısı ilə tam əhatə olunublar. Heç bir şübhə yoxdur ki, Prezident İlham Əliyevin səyi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək, işğaldan azad olunacaq ərazilərdə həyat əvvəlki məcrasına qayıdacaq və soydaşlarımız öz ata-baba yurdlarına dönərək yenidən doğma torpaqlarında yaşayacaqlar.

“Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir” deyən Prezident İlham Əliyev onu da bildirib ki, bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır və biz ardıcıl olaraq bu istiqamətdə öz siyasətimizi aparırıq: “Ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz. Bu, danışıqlar mövzusu deyil və olmayacaq. Daha da güclü olmalıyıq və güclənirik. Həm iqtisadi gücümüz artır, eyni zamanda, vətəndaşlarımızın əyilməz iradəsi, öz yurdundan didərgin salınan soydaşlarımızın əzmi torpaqlarımızın azad olunacağı günü yaxınlaşdırır”.

Mənsumə Babayeva, “İki sahil”