11 oktyabr 2019 19:24
109

Qaçqın və məcburi köçkünlərə dövlət qayğısının daha bir nümunəsi

Azərbaycan dövləti vətəndaşların problemlərinin həllinə hər zaman həssaslıqla yanaşır

Bu gün dünyada demokratik, hərtərəfli inkişaf etmiş dövlət kimi özünə layiqli yer tutan Azərbaycanda əhalinin rifah halının yaxşılaşdırılması müstəqil dövlətimizin qarşısında duran prioritet məsələlərdəndir. Ölkəmizin maliyyə imkanlarının artması istər regionların sosial-iqtisadi inkişafı, istərsə də insanların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində bir sıra layihələrin reallaşdırılmasına da imkan verib. Sözsüz ki, bu cür inkişafı ölkənin bütün vətəndaşları kimi, məcburi köçkünlər də gündəlik həyatlarında hiss edirlər.

Məlum olduğu kimi, bu il məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bir neçə yaşayış kompleksinin inşasına başlanıb, bir neçəsi isə artıq istifadəyə verilib və veriləcək.

Bu günlərdə Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı da məhz bunların sırasındadır. Açılışda iştirak edən Prezident İlham Əliyev bildirib ki, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq: “Orta hesabla hər bir ailədə 5 nəfər vardır, beləliklə, hər il 30 min insan üçün biz yeni evlər, mənzillər tikib təhvil veririk. Yəni bu, əslində, bir şəhərdir. İndi Qobu qəsəbəsində yeni bir şəhər yaradılıb. Bütün infrastruktur var. Təsadüfi deyil ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT Azərbaycanda məcburi köçkünlərə göstərilən qayğı və diqqətin səviyyəsini çox yüksək qiymətləndirir, bir çox ölkələr üçün Azərbaycanda bu sahədə aparılan siyasət bir nümunə kimi göstərilir. Eyni zamanda, bildiyiniz kimi, bu il məcburi köçkünlərə dövlət tərəfindən ayrılan müavinətin həcmi də 50 faiz artıb. Hər bir köçkünə bu məbləğ verilir, baxmayaraq ki, o, işlə təmin olunub, təmin olunmayıb. Bu da bizim sosial siyasətimizin nəticəsidir. Biz bundan sonra da ardıcıl olaraq bu siyasəti aparacağıq, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımızın yaşayış problemlərini həll edəcəyik”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu günlərdə keçirdiyi mətbuat konfransında çıxışında bildirib ki, məcburi köçkünlər üçün salınan, bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevin iştirakı ilə istifadəyə verilən “Qobu Park-2” yaşayış kompleksində görülən işlər diqqət mərkəzindədir: “Bildiyimiz kimi, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində bu günədək 100-dən çox qəsəbə salınmış, şəhərcik tikilmiş, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilmişdir. 1000-dən çox ailənin yaşadığı “Qobu-1” yaşayış kompleksi keçən il istifadəyə verilmişdir. “Qobu Park-2”-də 1300 ailə mənzillə təmin olunub. İnşası davam edən “Qobu -3”-də isə 1300 ailənin mənzil şəraiti yaxşılaşdırılacaq. Sevindirici haldır ki, bu qəsəbələr Pezident İlham Əliyevin tövsiyəsinə uyğun özəl sektorlar tərəfindən salınıb. 4000-ə yaxın ailə hər cür şəraiti olan yeni, müasir mənzillə təmin olunub. Yaşayış komplekslərində məktəblər, uşağ bağçaları, ticarət mərkəzləri, tibb məntəqələri tikilmiş, yollar çəkilmişdir. “Qobu” kimi digər qəsəbələrdə yaradılan infrastruktur, gözəl şərait göstərir ki, Azərbaycan dövləti ağır vəziyyətdə yaşayan vətəndaşlarının problemlərinin həllinə həssaslıqla yanaşır”.

Göründüyü kimi, Azərbaycanda qeydə alınan dinamik sosial-iqtisadi inkişaf məcburi köçkünlərin həyat səviyyəsinin yüksəlməsində də özünü qabarıq büruzə verir. Üzləşdikləri mənzil-məişət problemlərinin uğurlu həlli fonunda məcburi köçkünlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində doğma yurd yerlərinə qayıdacaqları günün də uzaqda olmadığını yaxşı bilirlər.

 “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir” deyən Prezident İlham Əliyev onu da bildirib ki, bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır və biz ardıcıl olaraq bu istiqamətdə öz siyasətimizi aparırıq: “Ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz. Bu, danışıqlar mövzusu deyil və olmayacaq. Daha da güclü olmalıyıq və güclənirik. Həm iqtisadi gücümüz artır, eyni zamanda, vətəndaşlarımızın əyilməz iradəsi, öz yurdundan didərgin salınan soydaşlarımızın əzmi torpaqlarımızın azad olunacağı günü yaxınlaşdırır”.

Mənsumə Babayeva, “İki sahil”