İbrahim Fazil oğlu Cəfərov 1995-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 267 saylı orta məktəbin məzunudur. Azərbaycan Dövlət Dəmir Yolu Liseyini bitirəndən sonra müddətli həqiqi hərbi xidmətə çağırılıb. Ağcabədi və Beyləqandakə “N” saylı hərbi hissələrdə ilyarımlıq hərbi xidməti ərzində əsl vətənpərvərlik dərsi keçib, hər bir gənc əsgər kimi Vətənə, xalqa, dövlətə sevgi İbrahimin də həyatının mənasına sevrilib.
Bu il 25 yaşına qədəm qoyanda bacılarının arzusu onun sevib-seçdiyi qızın barmağına nişan üzüyü taxmaq idi. Lakin Tovuz rayonu istiqamətində sərhəd xəttində erməni təxribatı nəticəsində baş vermiş qısamüddətli döyüşlər zamanı general Polad Həşimov başda olmaqla bir neçə əsgər və zabitlərimizin şəhid olması İbrahimin də dərin hiddətinə səbəb oldu. Müsəlləh əsgər kimi Vətən yolunda fədakarlıq və qəhrəmanlıq göstərməyə hər an hazır olan İbrahim Səfərbərlik və Hərbi Xidmət üzrə Dövlət Xidmətinə müraciət edib.
İ.Cəfərov 2020-ci il sentyabrın 21-dən hərbi təlimlərə qatılıb, döyüş vərdişlərinə yiyələnib. Sentyabrın 27-si səhər saat 6 radələrində Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarında yenidən atəşkəsi pozdu. Düşmənə qarşı Silahlı Qüvvələrimiz əks - hücuma başladı. İbrahim də bütün silahdaşları ilə çiyin-çiyinə Vətən yolunda həlak olan şəhidlərimizin, o cümlədən Tovuz istiqamətində döyüşlərdə şəhid olmuş qəhrəman əsgər və zabitlərimizin qanını yerdə qoymayacağına and içib torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atıldı.
44 gün davam edən Vətən müharibəsində Füzuli və Cəbrayıl şəhərlərinin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsində iştirak edən İbrahim Şuşa şəhəri uğrunda gərgin döyüşlərdə də sücaət göstərdi. Özünün mərd, cəsur silah yoldaşları ilə birlikdə Cıdır düzündə qaladığı tonqalın dövrəsində oturub Şuşanın dağlarına tamaşa edə-edə keçdiyi şərəfli döyüş yolundan danışmaq ona da nəsib oldu. Azərbaycanın musiqi və mədəniyyət beşiyi sayılan Şuşanın düşmən caynağından xilası bütün əsgərlər kimi onun da ürəyini dağa döndərmişdi. Hamı kimi İbrahim də yaxşı bilirdi ki, Şuşanın azad edilməsi müharibənin gedişində həlledici dönüş nöqtəsidir. Məhz o gündən işğalçı düşmən dərk etdi ki, bundan sonra Azərbaycan Silahlı Qüvvələrinə qarşı müqavimət göstərməyin heç bir əhəmiyyəti yoxdur və o iqtidarda da deyillər.
Azərbaycan əsgərlərinin Şuşa zəfəri Ermənistanı Ağdamdan, Kəlbəcərdən, Laçından öz xoşları ilə çıxmasına güclü təkan verdi. Atəşkəs elan olunduqdan sonra da İbrahim öz silahdaşları ilə Qarabağımızda hərbi xidmətini davam etdirir. Onun barəsində ürək sözlərini həyəcanla dilə gətirən bacısı Esmira xanım deyir ki, bu qırx dörd gün ərzində həmişə ön cəbhədə döyüşən bütün əsgərlərimiz üçün dualar edib, hər an İbrahimdən xoş xəbər eşitmək arzusuyla yaşayıb: “Mən və bacım qardaşımız İbrahimin Vətənimizin qazandığı şanlı qələbədə bir övlad, bir vətəndaş, bir əsgər kimi iştirak etməsindən qürur duyuruq.”
Esmira xanımın 15 yaşlı oğlu Mirzağa da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində iştirak edən dayısı ilə fəxr edir.
Esmira xanımın dediyinə görə, indi İbrahimin ən böyük arzusu Kəlbəcərin təhvil alınmasında və Bakıda qələbə paradında iştirak etməkdir: “Mən öz sinələrini Vətən uğrunda sipər edən şəhidlərimizə ailəmiz adından Allahdan rəhmət, yaralı əsgərlərimizə şəfa diləyirəm. İndi biz İbrahimin yolunu gözləyirik, əminəm ki, tezliklə onun yaddaşlara əbədi köçəcək döyüş hekayətlərini öz dilindən eşidəcəyik. Bir də bir ana, bir bacı kimi subay Azərbaycan qızlarına tövsiyə edərdim ki, döyüşlərdə aldığı yaralardan, əlillik dərəcəsindən asılı olmayaraq, özlərinə Vətən naminə savaşan igid, cəsur oğullarımızı həyat yoldaşı seçsinlər.”
Nurəddin Muğanlı, “İki sahil”