17 noyabr 2020 18:22
1466

Qalib Prezidentə xalqın ehtiramı

Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərinin böyük izdihamla  qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin göstəricisidir

Azərbaycan yeni reallıqlar yaratdı. Bu reallıqlar regionun geostrateji mənzərəsini  dəyişməklə ölkəmizin beynəlxalq aləmdə yeri və roluna, söz sahibi olmasına bir daha işıq saldı.  Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, sözümüz imzamız qədər əhəmiyyətlidir.

44 günlük müharibə Azərbaycanın qətiyyətli mövqeyinin təqdimatı oldu. Danışıqlar masası ətrafında hansı şərt daxilində oturacağını xalqa bütün müraciətlərində, xarici mətbuata müsahibələrində bəyan edən dövlətimizin başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın gec-tez diz çökəcəyini, yalvarışlar edib danışıqlara gələcəyini diqqətə çatdırırdı. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanat ölkəmizin siyasi qələbəsi, Ermənistanın məğlubiyyətidir.

Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri çərçivəsində  Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı verdiyi  göstərişə uyğun olaraq  layihənin icrasının gedişi ilə tanışlığı zamanı “Münaqişənin hərbi mərhələsi başa çatıb. Şuşanın azad edilməsi və noyabrın 9-da daha 70-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi münaqişənin hərbi mərhələsinə son qoyub. Mən münaqişənin və İkinci Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə bir daha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanında sübut edib” söyləyərək bildirmişdir ki, biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və beləliklə, bu günə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır.

Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının  822 saylı Qətnaməsinin yerinə yetirilməsi deməkdir. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, indiyədək bu öhdəliklər yerinə yetirilməmişdi. Bu gün Kəlbəcəri tərk edən erməni əhalisi rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla əşyalarını götürür, hətta evlərin dam örtüyü və unitazlarına qədər çıxarıb aparırlar. Üstəlik yaşadıqları və yaşamadıqları evləri yandırır, meşələrə od vurur, vandallıq edirlər - 27 il əvvəl buradan qovulmuş azərbaycanlıların evlərində yaşayan ermənilər indi həmin evlərə od vuraraq gedirlər. Azərbaycan tərəfi Kəlbəcərdəki erməni hərbi birləşmələrinin ərazidən çıxması üçün humanitar qaydalara tam uyğun olaraq, qabaqcadan razılaşdırılmış müddət ayırıb, lakin erməni tərəfi işğal zamanı bunların heç birini etməyib. Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalidən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub,  dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı erməni ordusu tərəfindən qarət olunub. Bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün mühümdür. Azərbaycan humanist ölkə olduğunu bir daha nümayiş etdirdi.  Kəlbəcərdə  qeyri-qanuni yerləşdirilmiş ermənilərin rahat şəkildə çıxmaları üçün əlavə 10 gün də verdi. Amma bunun qarşılığında onların törətdikləri vandalizm, barbarlıq göz önündədir. Çünki ermənilər hər zaman faşizm ideologiyasının davamçıları olduqlarını qabarıq şəkildə büruzə verir, dünya buna göz yummaqla açıq-aşkar ədalət deyilən məfhumun onlar üçün yad olduğunu təsdiqləyir. 30 ilə yaxın müddətdə Azərbaycanın dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların yalanlarına inanaraq danışıqlar prosesini davam etdirməsi həmin dövr üçün işğalçı dövlətə uğur kimi görünsə də, hər halda bu imitasiyaların sonda hansı ağır nəticələrə yol açacağından xəbərdar idilər. 44 gün Ermənistana ağır dərs oldu.  İşğalçı dövlət bu dərsi heç zaman unutmayacaq. 

Bu gün xalqımız qələbə sevincini böyük coşqu ilə yaşayır. İşğaldan azad olunan torpaqlarımızda yeni həyat başlayır. «Bu gün bu gözəl təməlqoyma mərasimi böyük rəmzi məna daşıyır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  biz işğaldan azad edilmiş Füzuli şəhərindən və ona qədər olan kəndlərdən Füzuli şəhərinə qədər və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin bilirlər ki, Şuşaya sovet vaxtında yol Ağdam ərazisindən gedirdi - Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil.

Göründüyü kimi, Qarabağa yeni nəfəs gəlir. Ermənilərin işğalından azad edilmiş torpaqlarımızda son 27 ildə etdikləri vəhşiliklər təqdim edilən  videogörüntülərdən aydın görünür. Bu, ermənilərə xas olan xüsusiyyətdir. Onlar azərbaycanlılara qarşı nifrətlərini daşımıza, ağaclarımıza da göstərirlər. Həmin ərazilərimizdə törətdikləri ekoloji terror deyilənlərin təsdiqidir. Amma xalqımız tam əmindir ki, malik olduğumuz iqtisadi və maliyyə imkanları əsasında  bütün dağılmış evlər yenidən bərpa olunacaq, soydaşlarımızın yaşayışı üçün bütün zəruri olan şərait yaradılacaq.

Dövlətimizin  başçısı qeyd edilən səfər çərçivəsində yol layihəsi ilə tanışlıqdan sonra   yolda gedərkən yol kənarına toplaşan insanları görüb avtomobili saxlayaraq onlarla görüşmüşdü. Bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılanmışdır. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqı ilə  bölüşmüş oldu. Hər zaman xalqın dəstəyinə arxalanan Prezident xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi xalqın yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü.  Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük”! şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir.    

Müharibənin fərqli  nəticələrinə diqqət yetirdikdə   Ermənistanda öz xalqından gizlənən Paşinyanı gördüyümüz halda  Azərbaycanda dövlət başçısı İlham Əliyev müzəffər ordu ilə qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər edib. Prezident İlham Əliyev bu səfəri ilə eyni zamanda,  tarix yazan ordunun yanında olduğunu təsdiqlədi. Qazilər ilə görüşdə “Mən hər zaman Sizin yanınızda olacağam”, xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu.

Bu məqamı da xüsusi qeyd edək ki, Prezidentin cəbhə bölgəsinə səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsi xüsusi simvolik məna daşıyır. Bu, qələbəmizin rəmzidir.

Bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin ümumi mənzərəsini yaradır.  Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir. Təbii ki, qələbənin əldə edilməsində güclü iqtisadiyyatımız, müasir ordumuzla yanaşı, milli həmrəylik, xalq-iqtidar birliyi mühüm rol oynadı. Azərbaycan Prezidentinin dediyi kimi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi. Həmçinin imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Ölkə rəhbərliyi böyük siyasi iradə və birlik göstərərək bu qüvvələrin ölkəni parçalamaq cəhdlərini, planlarını dəf etdi. Azərbaycan xalqı isə bir millət olaraq öz varlığını müdafiə etdi. Prezident İlham Əliyev qələbənin əldə edilməsində bu birliyin əhəmiyyətini xalqa son müraciətlərində xüsusi vurğulayıb: “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”.

Bu tarixi qələbəyə aparan yolda beynəlxalq səviyyədə həyata keçirilən siyasətin, diplomatik fəaliyyətin, dünya ölkələri ilə yaradılan dostluq münasibətlərinin yeri ayrıca qeyd edilməlidir. Həm ölkə daxilində fasiləsiz şəkildə təşkil edilən, dünya miqyaslı problemlərin müzakirə olunduğu beynəlxalq tədbirlər, həm də dünyanın fərqli ölkələrində keçirilən müxtəlif səviyyəli tədbirlərdə Azərbaycanın yüksək səviyyədə təmsil olunması, dünyanın əsas aparıcı ölkələrində və beynəlxalq təşkilatlarında fəaliyyət göstərən diplomatik nümayəndələrimiz Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynadılar. Məhz bu gərgin və fasiləsiz əmək nəticəsində bütün dünyaya sübut edildi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmə xalqdır. Məhz bu gərgin zəhmətin nəticəsində dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Azərbaycan rəhbərliyinin dərindən düşünülmüş xarici siyasəti nəticəsində ölkəmiz təcrid vəziyyətindən çıxdı.

Qeyd olunan istiqamətlərdə əldə edilən uğurlar yenə də dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti ilə bağlıdır.  10 noyabr  qələbəmizdə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məxsusi rolu nəinki ölkə, eyni zamanda, beynəlxalq aləmdə də  xüsusi vurğulanır.  Məhz onun böyük təşkilatçılıq qabiliyyəti, strateji düşüncə tərzi, dünya liderləri arasında xüsusi mövqe qazanmasına səbəb olmuş yüksək intellekti, Vətənimizə böyük uğurlar qazandıran dövlətçilik və idarəçilik məharəti, həmçinin son hadisələrin də təsdiq etdiyi kimi ən müasir tələblərə cavab verən sərkərdəlik məharəti bu Qələbənin əldə olunmasında mühüm rol oynadı. Azərbaycan Prezidenti yalnız bir sərkərdə kimi müharibəyə rəhbərlik etmədi, o, həm də mahir diplomat olaraq dünyanın nüfuzlu dövlətləri qarşısında ölkəmizin beynəlxalq nüfuzunu qorudu və daha da artırdı.  Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzuları Prezident İlham Əliyevin qətiyyəti əsasında reallaşdı.

44 gündə, eyni zamanda 10 noyabr tarixi qələbəmizdən sonra dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktublarında da onun şanlı qələbəmizdə rolu yüksək dəyərləndirilərək, belə Prezidenti olan xalqın hər zaman qalib olacağı xüsusi qeyd edilir. Saysız-hesabsız təşəkkür məktublarında xalqımız ölkə Prezidentinin onlar üçün necə lider olduğunun portretini təqdim edir.  Azərbaycan xalqının dünyanın ən xoşbəxt xalqları sırasında yer alması da məhz bu amillə bağlıdır.  Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir.

Yeganə Əliyeva, «İki sahil»