26 iyun 2020 11:37
447

Qanuna dəyişiklikdən sonra: Daha çox şəxsin işsizlikdən sığorta ödənişi almaq imkanı yaranacaq

Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb. Layihədə işsizlikdən sığorta ödənişlərinin şərtlərinin yumşaldılması və bu ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üçün təkliflər əksini tapır.

Belə ki, mövcud qanunvericilikdə müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin verilməsi nəzərdə tutulub və bunun üçün azı 3 il sığorta stajı tələb olunub. Yeni layihədə bu müddətin 3 ildən 1 ilədək azaldılması təklif edilir.

Qeyd edək ki, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planında işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və proaktiv təyinat mexanizminin yaradılması nəzərdə tutulub. Maliyyə mənbəyinin İşsizlikdən Sığorta Fondu olan tədbirin icrasına 20 milyon manatın yönəldilməsi planlaşdırılıb.

Bundan başqa, layihədə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslərə də sığorta ödənişinin təyin olunması təklifi yer alır. Lakin burada onu diqqətə çatdıraq ki, nazirlik Əmək Məcəlləsinin 47-ci maddəsinin də təkmilləşdirilməsi ilə bağlı təklif hazırlayıb. Yeni qanun layihəsində işin, xidmətlərin daimi olduğu əvvəlcədən məlum olduğu hallarda işçi ilə əmək müqaviləsinin müddətli bağlanmasına şərait yaradan halların aradan qaldırılması nəzərdə tutulub.

“İşsizlikdən sığorta haqqında” qanun layihəsində, həmçinin işsizlikdən sığorta ödənişinin hesablanması, bu ödənişlərin elektron qaydada təyinatı və s. ilə bağlı təkliflər də əksini tapır.

Beləliklə, dəyişikliklərdən sonra daha çox şəxsin işsizlikdən sığorta ödənişi almaq imkanı yaranacaq. Üstəlik koronavirus pandemiyasının iqtisadiyyata təsiri səbəbindən müəssisələrin ləğvi və ya işçilərin sayının ixtisar edilməsi ehtimallarının artması işsizlikdən sığorta ödənişi almalı olacaq şəxslərin sayını daha da artıra bilər. Bu isə Fondun xərclərinin artması deməkdir.

İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsinin ümumi məbləği 128 milyon 235 min 400 manat olan xərclərinin istiqamətlərinə nəzər salanda isə məlum olur ki, bu il üçün işsizliyə görə sığorta ödənişləri üçün cəmi 5 milyon manat nəzərdə tutulub. Müqayisə üçün deyək ki, 2019-cu ildə bu göstərici 11 milyon manat, 2018-ci ildə isə 33 milyon 478 min manat olub.

Sözügedən Tədbirlər Planında, həmçinin işsizlikdən sığorta ödənişi bitmiş, lakin işlə təmin olunmamış şəxslərə və peşə hazırlığı kurslarında fasilə yaranmış müdavimlərinə xüsusi karantin rejimi dövründə sığorta ödənişinin və təqaüdlərin davam etdirilməsinin, əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramının təkmilləşdirilməsinin maliyyələşdirilməsinin də İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına həyata keçirilməsi planlaşdırılıb. Eyni zamanda, BMT İnkişaf Proqramı və Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi də yer alıb ki, bu vəzifələrin yerinə yetirilməsi məqsədilə 70 milyon manatın xərclənməsi nəzərdə tutulub. Fondun 2020-ci ildəki xərcləmələrində isə bu istiqamətə 63 milyon 735 min 400 manatın yönəldilməsi nəzərdə tutulub.

Bununla belə, o da vurğulanmalıdır ki, Fondun 2020-ci ildə nəzərdə tutulmuş gəlirlərinin 128 milyon 235 min 400 manat olacağı gözlənilir ki, bu da 2019-cu ildəkindən 30 faiz, 2018-ci ildəkindən isə 44 faiz çoxdur. Artımı yaradan amillərdən biri 2018 və 2019-cu illərdə istifadə olunmamış vəsaitlər olub və bu vəsaitlər növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilib.

Ceyhun Piriyev,

“İki sahil”