23 may 2019 10:42
1278

Qara piar kampaniyası iflasa məhkumdur

Bakıda keçiriləcək UEFA Avropa Liqası çərçivəsində “Arsenal”-”Çelsi” qarşılaşmasına sayılı günlər qaldı. Azarkeşlər, dünya idman ictimaiyyəti bu oyunu səbirsizliklə gözləyir. Yarışa ev sahibliyi edəcək Azərbaycan final oyununun ən yüksək səviyyədə təşkil olunması üçün bütün tədbirləri həyata keçirir. Təbii ki, respublikamızın beynəlxalq yarışların, konfransların keçirilməsi baxımından imkanları və potensialı olduqca genişdir. Bu gün ölkəmizdə Avropa standartlarına uyğun idman kompleksləri, olimpiya mərkəzləri fəaliyyət göstərir. Dünyada sabitlik, əmin-amanlıq məkanı kimi tanınan ölkəmiz təhlükəsizlik baxımından da geniş imkanlara malikdir.

Çox təəssüf ki, anti-Azərbaycan şəbəkə, erməni lobbisi və onların təsiri altında olan bəzi qurumlar, müəyyən maliyyə və siyasi mərkəzlərin əlində təzyiq vasitəsi yolunu tutan bəzi media orqanları öz ənənələrinə sadiq qalaraq əvvəllər olduğu kimi, UEFA-nın Bakıda keçiriləcək final oyunu ərəfəsində ölkəmizin yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsini həzm edə bilməyərək

Azərbaycana qarşı qara piar kampaniyasının növbəti mərhələsinə start veriblər.

Xaricdəki bəzi media orqanları, müəyyən qurumlar erməni lobbisinin və anti-Azərbaycan dairələrin məkrli oyunlarının tələsinə düşüblər. Çox təəssüf ki, gündən-günə beynəlxalq nüfuzu artan, regionda söz sahibinə çevrilən Azərbaycanın güclənməsini, inkişaf və tərəqqisini  istəməyən qüvvələr  bu qurumları UEFA-nın final oyunu ərəfəsində  ölkəmizə qarşı hazırladıqları məkrli planlarının təsiri altına sala biliblər.  Azərbaycan inkişaf etdikcə, dünya birliyindəki mövqelərini gücləndirdikcə uğurlarımızı gözü götürməyənlər, onların yerli maşaları olan antimilli ünsürlər daha da aqressivləşərək hər vəchlə ölkəmizə, xalqımıza  qarşı əsassız yanaşmalarla, qərəzli fikirlərlə, ədalətsiz hücumlarla, ləyaqətsiz hərəkətlərlə dolu qarayaxma kampaniyasını daha gücləndirərək  beynəlxalq aləmdə ölkəmizin əleyhinə yanlış rəy formalaşdırmağa çalışırlar. Təbii ki, bütün bunlar gözlənilən idi. Çünki bundan əvvəl “Eurovision-2012”  mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 üzrə Azərbaycan Qran-Prisi kimi beynəlxalq əhəmiyyətli tədbirlər zamanı biz bunu müşahidə etmişdik.

Görəsən, istər milyonların böyük marağına səbəb olacaq UEFA-nın final oyunu ərəfəsində, istərsə də digər beynəlxalq əhəmiyyətli tədbirlər zamanı anti-Azərbaycan dairələrin ölkəmizə qarşı qara piar kampaniyasını genişləndirməkdə məqsədləri nədir?  Cavab çox sadədir:  Bütün dünya Azərbaycanın təhlükəsizlik və sabitlik məkanı olduğuna bir daha əmin olacaq, ölkəmizə gələn qonaqlar respublikamızın qısa müstəqillik illəri ərzində əldə etdiyi  böyük nailiyyətlərlə, uğurlarla, onun iqtisadi gücü ilə daha yaxından tanış olacaq, final yarışması respublikamızın turizm sektoruna böyük gəlirlər qazandıracaq və s.

Əslində anti-Azərbaycan şəbəkənin və erməni lobbisinin Avroliqanın final oyunu ərəfəsində ölkəmizə qarşı apardıqları şər-böhtan kampaniyası sabun köpüyünə bənzər qara-qışqırıqdan başqa bir şey deyil. Onların iddiaları isə əsassız, qondarma və gülüncdür. UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu ilə bağlı ölkəmizə səfər edən azarkeşlərin viza problemlərinin olmasını söyləmək isə ən azından vicdansızlıq və ləyaqətsizlikdir. Çünki ölkəmizdə əcnəbilər üçün sadələşdirilmiş viza rejimi tətbiq edilir. Əcnəbi vətəndaşlar Azərbaycana gəlmək üçün çox rahatlıqla viza əldə edə bilirlər. O ki qaldı  otellərin baha olması barədə söylənilənlərə bunlar da  həqiqəti əks etdirmir. Bu gün Bakıda 20-30 dollardan başlayaraq otellər on minlərlə idman azarkeşini ən yüksək səviyyədə  qəbul etməyə hazırdır.

Azərbaycan əvvəllər olduğu kimi,  mayın 29-da da UEFA Avropa Liqasının final yarışına layiqincə ev sahibliyi edəcək. Bunun üçün lazım olan bütün tədbirlər həyata keçirilir. Məsələn, Dövlət Turizm Agentliyi may ayının 29-da UEFA-nın Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi ilə bağlı ölkəyə gələcək xarici qonaqlar və turistlərin rahatlığı üçün digər dövlət orqanları ilə, xüsusilə Azərbaycan Hava Yolları (AZAL),  Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə fəaliyyət göstərəcək.

Paytaxt Bakıda müxtəlif büdcəli, həm beynəlxalq, həm də yerli brendlərə məxsus hotellərin mövcudluğu xarici qonaqların yarış ərəfəsində rahatlığını təmin edəcək. Turistlərin ölkəyə gəlişi, yerləşdirilməsi və Azərbaycanda qalma müddəti ərzində təhlükəsizlik də daxil olmaqla digər bütün məqamlar dövlət və özəl biznesin təmsilçiləri tərəfindən diqqətlə düşünülüb.

Əslində  ölkəmizdəki təhlükəsizlik məsələləri ilə bağlı qeyri-obyektiv, daha çox isə böhtan xarakterli ittihamlar erməni lobbisinin dirijorluğu ilə aparılan informasiya müharibəsindən başqa bir şey deyil. Daha doğrusu, sözün həqiqi mənasında absurddur. Belə ki, bu gün  Bakıda minlərlə əcnəbi vətəndaş yaşayır, böyük şirkətlər fəaliyyət göstərir, onun nümayəndələri, orada işləyən əcnəbi vətəndaşlar, onların ailələri Bakıda və bütövlükdə ölkəmizdə şad-xürrəm yaşayır, azad şəkildə gəzir.

Erməni lobbisinin, dünya erməniliyinin izləri açıq-aşkar görünməkdədir. Belə olmasaydı Ermənistan XİN mətbuat katibi Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyunu və “Arsenal”ın oyunçusu Henrix Mxitaryanın Bakıya səfər etməməsi ilə bağlı açıqlama ilə çıxış etməzdi. Özü də riyakar bir açıqlama ilə. Onlar yaxşı bilirlər ki, Azərbaycan H.Mxitaryanın təhlükəsizliyinin təminatı ilə bağlı UEFA-nın tələb etdiyi bütün mümkün zəmanəti təqdim edib, eləcə də bütün pərəstişkarların təhlükəsizliyinin tam şəkildə təmin olunacağı barədə məlumat verib. Görünən odur ki, Ermənistan yenə öz xislətinə uyğun olaraq “Arsenal”ın erməni əsilli oyunçusunu öz təxribatçı məqsədləri üçün istifadə edir.  Bir də ki, məsələ təkcə H.Mixitaryanla bağlı deyil. Son illərdə çox sayda erməni idmançı hər hansı insident olmadan Azərbaycanda təşkil olunan beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edib, hətta mükafatlar qazanaraq sağ-salamat, ölkəmizdən, xalqımızdan çox razı halda öz ölkələrinə qayıdıblar.

Nəhayət,  dairələr ölkəmizə qarşı qarayaxma kampaniyasının rəngini daha da tündləşdirən, öz yalan və böhtanları ilə siyasi mənəviyyatsızlıq edib beynəlxalq ictimai rəyi çaşdırmağa çalışan anti-Azərbaycan qüvvələr və onların yerli kölələri nə qədər Don Kixotluq etsələr də, heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycan əvvəlki tədbirlərdə olduğu kimi, final oyununu ən yüksək səviyyədə təşkil edəcək. Anti-Azərbaycan kampaniyası effekt verməyəcək. Ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası bu dəfə  də iflasa uğrayacaq. 

Zahid Rza, “İki sahil”