11 noyabr 2020 18:49
3130

«Qarabağ Azərbaycandır və nida» ifadəsi artıq qələbəmizin rəmzinə çevrilib

Prezident İlham Əliyev: Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-dən başlanan əks- həmlə əməliyyatları nəticəsində 300-ə yaxın kənd, şəhər, qəsəbənin, Murov zirvəsinin, Hadrut qəsəbəsinin, strateji əhəmiyyətli bir neçə yüksəkliklərin, tarixi qələbəmiz olan Xudafərin körpüsünün işğaldan azad edilməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin, müdafiə qüdrətimizin etibarlı təminatı, Milli Ordumuzun ən müasir silah və sursatlarla, hərbi texnika ilə təchiz edilməsinin nəticəsidir. 2016-cı ilin Aprel döyüşləri, Lələtəpə, Günnüt əməliyyatları, bu ilin iyul ayında düşmənin Tovuzda törətdiyi təxribatın qarşısını alan Milli Ordumuzun şücaəti Ali Baş Komandan İlham Əliyevin «Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir» sözlərinin təsdiqi olmaqla Ermənistan üzərində qələbəmizin də göstəricisidir.

Torpaqlarımızın erməni faşistlərinin işğalından azad olunması üçün aparılan Vətən müharibəsi, ağır şəraitdə davam edən döyüşlər də göstərdi ki, ordu quruculuğu, ölkəmizin müdafiə qüdrətinin artırılması, hərbi kontingentin döyüş qabiliyyətinin gücləndirilməsi və modernləşdirilməsi, NATO standartlarına uyğun formalaşdırılması naminə ölkəmizdə aparılan siyasət öz nəticəsini verir. Ordumuzun döyüş hazırlığının nəticəsidir ki, əməliyyatlar zamanı Ermənistan ordusuna çox böyük zərbələr vurulmuş, xeyli silah –sursat, hərbi texnika qənimət götürülmüşdür.

Ermənistanın baş naziri Nikol Paşinyanın xəyal olan «Qarabağ Ermənistandır» sözlərinin reallığını Azərbaycan əsgəri Dağlıq Qarabağı işğaldan azad etməklə reallaşdırdı. Dağlıq Qarabağı «müstəqil» dövlət adlandıran, Azərbaycana bir qarış da olsun torpaq verilməyəcəyi ilə bağlı sərsəm fikirlər söyləyən Paşinyana ən uzaq qəbilə başçılarına, şamanlara belə zəng etməyi məsləhət bilən Prezident İlham Əliyevin « nə oldu bəs?! Gəl tut o işğal edilmiş torpaqları. Bəs, verməyəcəkdin? Nə oldu verdin? Nə oldu qaçdın? İndi gedirsən onun-bunun dabanını yalaya-yalaya, özünü alçalda-alçalda öz xalqını alçaldırsan. Öz ölkəni sıfıra bərabər etmisən. Demişdi ki, verməyəcəkdi bu torpaqları. Kimdir səndən soruşan, verəcəksən, ya verməyəcəksən?! Gəldik götürdük, vəssalam. Götürəcəyik , nə qədər lazımdır, istəsək artıqlaması ilə. Necə ki, iyul ayında götürə bilərdik» sözləri qalibin məğlub üzərində qələbəsini əks etdirən məğrurluqdur. Həmişə nəyi, nə vaxt edəcəyini dəqiqliklə hesablayan Prezident İlham Əliyev xalqa, güclü ordumuza arxalanaraq hamını heyrətləndirən uğurlara nail oldu. Otuz il davam edən səmərəsiz, nəticəsiz danışıqlarda müzakirə olunan məsələləri 44 gündə həll edən Azərbaycan Ordusu işğalçıya tarixi dərs verdi.

Nəhayət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 10 noyabr 2020-ci ildə imzaladıqları Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bəyanatın tarixi əhəmiyyətini yüksək qiymətləndirən və nəzərdə tutulan bəndləri ayrı-ayrılıqda izah edən Prezident İlham Əliyevin bildirdiyi kimi, Ermənistanın hərbi kapitulyasiyası olan bu sənəd eyni zamanda, Azərbaycan Ordusunun, xalqımızın düşmən üzərində zəfəri, tarixi qələbəsidir. Strateji, mənəvi, siyasi əhəmiyyətə malik Şuşanı, düşmənin belini qıran ordumuzun Dövlət Bayrağı Günündə 72 yaşayış məntəqəsini işğaldan azad etməsindən sonra imzalanan bəyanat zamanın, haqqın, ədalətin faşist Ermənistana verdiyi cəza, əməlinə görə layiq olduğu ölüm fərmanıdır. Bəyanatda nəzərdə tutulduğu kimi illərdən bəri Ermənistanın işğalı altında qalan Laçın, Kəlbəcər, Ağdam rayonları da qan tökülmədən, əsl sahiblərinə qaytarılır.

Məcburi köçkünlər doğma evlərinə qayıdacaq, dağıdılmış ərazilərdə həyat yenidən axarına düşəcək, kommunikasiyalar bərpa olunacaq. Uğurları bütün Azərbaycan xaqının qələbəsi adlandıran Prezident İlham Əliyevin hədəfində olan düşmənin qovulması həllini tapdı: «Demişdim ki, qovacağıq, iti qovan kimi qovacağıq və qovmuşuq, iti qovan kimi qovmuşuq. Qorxularından indi bu sənədə imza atır, bilir ki, biz Ağdama da, Kəlbəcərə də, Laçına da gələcəyik. Heç kim bizi saxlaya bilməz. Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı. Ona görə qovmuşuq onları, əcəb də etmişik.»

 Azərbaycan Ordusu bədxahların «münaqişənin hərbi yolla həlli yoxdur» sözlərinin də reallıqdan kənar olduğunu təsdiqlədi. Münaqişənin sülh yolu ilə həlli prinsipini ortaya atanlar, vaxtında Ermənistana işğal etdikləri torpaqları boşaldın deməyənlər indi əl- ayağa düşüblər, yollar axtarırlar. Amma zamanla ayaqlaşan, beynəlxalq hüquq normalarına sadiq qalan Azərbaycan ən düzgün yol seçərək haqqına nail oldu. Torpaqlarımız işğal altında qalanda, qaçqın və köçkünlərimiz əziyyət çəkəndə belə Azərbaycana «dayanın», «səbir» deyənlərin səsləri eşidilmir. Məscidlərimizi murdarlayan, dağıdan ermənilərin ərköyünlüyünü görməyən bəzi qərəzli KİV nümayəndələri, erməni kilsəsinin düşən bir daşı üçün əsassız olaraq Azərbaycandan az qala hesabat tələb edənlərin səsləri eşidilmir. Ermənistan tərəfində vuruşan Suriyadan, Livandan gətirilən muzdluları, terrorçuları, PKK-çıları, ASALA təmsilçilərini görməyənlər Azərbaycan-Türkiyə qardaşlığına zərrəbinlə nəzər yetirir, hərbi dəstək axtarırlar. Artıq bu cür bəhanələr, ikili yanaşmalar geridə qaldı. Sərxoş halda Cıdır düzündə rəqs edən Paşinyanın başı indi konyakdan deyil, Şuşanın dağlarını bürüyən dumandan, məğlubiyyətdən itib. Ermənistan kimi bütün dünya anladı ki, Azərbaycan xalqının səbri ilə oynamaq asan deyil. «Biz imzamıza hörmətlə yanaşırıq. Qarşı tərəf də dayanmalıdır. Çünki dayanmasa, biz də dayanmayacağıq» söyləyən Ali Baş Komandan sona qədər gedəcəyini, heç bir qüvvənin Azərbaycan Ordusunun qarşısını ala bilməyəcəyini diqqətə çatdırır. Bəyanatda qeyd olunan, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılacaq sülhməramlı mərkəzdə təmsil olunacaq Rusiya və Türkiyə hərbçilərinin fəaliyyətinin səmərə verəcəyinə inamını ifadə edən dövlət başçımız əminliklə ifadə edir ki, gələcəkdə bu əməkdaşlıq formatı daha çoxşaxəli ola bilər.

Bəyanatda Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi ilə bağlı bəndin salınması tarixi əhəmiyyətə malikdir. «Mən bir məsələni də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm. Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri. Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, «müstəqil» dövlətdir”. Bunlar uzun illərdir « müstəqil dövlət kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəlmə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu, Paşinyan? Deyəsən, bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var» söyləyən Prezident İlham Əliyev sınaqlardan çıxan Azərbaycan xalqının gücünü, müstəqilliyimizin əbədiliyini göstərir. «Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!.. Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”

 Xuraman İsmayılqızı, «İki sahil»