16 iyun 2019 17:30
307

Qarabağ bölgəsində buraxılış imtahanları uğurla başa çatıb

Dövlət İmtahan Mərkəzinin iyunun 16-da qurumun Bərdə regional bölməsinin əhatə etdiyi Ağcabədi, Beyləqan və Füzuli rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanının ikinci mərhələsi uğurla başa çatıb.

Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsinin müdiri Elton Süleymanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanların keçirilməsi üçün ümumilikdə 11 imtahan mərkəzi ayrılıb. İmtahanlarda Ağcabədi rayonu üzrə 1727, Füzuli rayonu üzrə 817, Beyləqan rayonu üzrə 1173 nəfər şagirdin iştirakı nəzərdə tutulub. İmtahanlar bu rayonlarda 11 ümumi imtahan rəhbəri, 31 imtahan rəhbəri, 339 nəzarətçi‑müəllim tərəfindən idarə olunub.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilib. Üç saat davam edən imtahanlar mövcud təlimata uyğun keçib və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.

Təhlükəsizliyin təminatı məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.