22 iyul 2019 19:54
1697

Qarabağ qazisi: Döyüş başlandığı andan ön mövqedə olacağam

Mayor Asif Rəsulov Ağstafa rayonunda dünyaya göz açıb. Hərbçi olmaq onun arzusu olub. Elə bu məqsədlə də 1994-cü ildə Bakı Ali Hərbi Məktəbinə qəbul olunub. Bu məktəbdə çox şeylər öyrənib. Təcrübəli hərbçilərin, komandirlərin tövsiyələrindən, məsləhətlərindən faydalanıb. 1998-ci ildə həmin məktəbi bitirib və öz istəyi ilə zabit kimi ön cəbhəyə göndərilib: “Məqsədim soydaşlarımızı öz yurd-yuvalarından didərgün salan, xalqımıza qarşı soyqırımlar həyata keçirən, ərazilərimizi işğal edən ermənilərdən qisas almaq idi. Bu da mənə nəsib oldu. Onlara qarşı o qədər nifrətim var ki...”

Aprel döyüşlərində komandir müavini kimi döyüşlərə atılan Asif Rəsulov bir neçə postun alınmasında iştirak edib. Dediyinə görə, Talış yüksəkliyi  ermənilərdən alındıqdan sonra düşmən yenidən həmin mövqeni tutmağa cəhd edib. Həmin döyüşdə düşmənə layiqli cavab verilsə də Asifin 3 silahdaşı şəhid olub. 2 snayper, 3 avtomat gülləsi və qəlpə yaraları almış Asif isə “İki sahil” qəzetinə açıqlamasında özünün sağ qalmasını bir möcüzə kimi dəyərləndirdi: “Döyüş zonasından aprelin 5-də çıxarıldım. Bəli, mənim sağ qalmağım sanki bir möcüzə idi. Bədənimdən çoxlu sayda qəlpələr çıxarıldı. Həyatıma təhlükə yaranacağını nəzərə alan həkimlər onlardan birini çıxarmamağı qərara alıdılar. Elə indi də həmin qəlpəni bədənimdə gəzdirirəm. Yeri gəlmişkən onu da qeyd edim ki, mən 6 ay komada olmuşam”.

Asifin göstərdiyi qəhrəmanlıq yetərincə dəyərləndirilib. Belə ki, aprel döyüşlərində göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalla təltif olunub. Ona “Azərmaş” Açıq Səhmdar Cəmiyyəti tərəfindən minik avtomobili də hədiyyə edilib. O, bizimlə söhbətində mənzillə də təmin olunacağını söylədi.

Müsahibimizin sözlərinə görə, dövlətimiz, Prezidentimiz ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşanları hər zaman diqqətdə saxlayır və onlara hər cür yardım göstərir: “Zənnimcə, ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanlar və qazi olmuş şəxslər hər cür hörmət və ehtirama layiqdirlər. Yeri gəlmişkən, burada dövlət başçısının çıxışlarının birində şəhid ailələrinin və qazilərin ünvanlarına söylədiyi bu sözləri də xatırlatmaq yerinə düşərdi: “Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim”.

O, həmçinin vurğuladı ki, aprel zəfəri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bir dönüş nöqtəsi yaratdı və münaqişənin həll olunmasında tamam yeni bir səhifə açılmasına imkan qazandırdı. Ən əsası, aprel döyüşləri göstərdi ki, istənilən vaxt Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizi azad etmək gücündədir. Həmin döyüşlər bir daha təsdiqlədi ki, erməni işğalı uzun müddət davam edə bilməz.

Müsahibimiz ordumuzun bugünkü vəziyyətindən də söz açdı: “Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə bəyan edib ki, ordu quruculuğu dövlətin qarşıya qoyduğu ən zəruri məsələlərdəndir. Odur ki, bu məsələ daim diqqət mərkəzindədir. Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında qabaqcıl ölkələrdən biridir. Ordu quruculuğu bu gün də bizim üçün prioritet məsələdir, sabah da prioritet məsələ olacaq. Bu da təbiidir. Ərazisinin 20 faizi işğal altında olan bir ölkədə ordu quruculuğunun inkişafı  elə prioritet məsələ olmalıdır”.

İkinci qrup Qarabağ əlili, 25 ilə yaxın ordu sıralarında olan Asif Rəsulov hər an Ali Baş Komandanın verəcəyi növbəti döyüş əmrinə hazır olduğunu da vurğuladı: “Torpaqlarımızı işğal etmiş erməni daşnaklarına qarşı nifrətim sonsuzdur. Odur ki, mən hər döyüşdə iştirak etməyə can atıram. Hətta  bir neçə gün öncə hərbi komissarlığa məktubla müraciət edərək bildirmişəm ki, mən döyüş başlandığı andan ön mövqedə olacağam. Üstəlik, ərz etmişəm ki, iki övladım da mənimlə birgə döyüşlərə hazırdır. Nə gizlədim, ərazilərimizin işğal altında olması məni bir an belə rahat buraxmır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”