03 dekabr 2019 13:46
2486

Qarabağ qazisi: Qayğıdan kənarda qalmamışam

Vətən uğrunda canlarından keçmiş şəhidlərimizi, eləcə də döyüşlərdə qəhrəmanlıq göstərmiş qazilərimizi yaddan çıxarmaq mümkün deyil. Biz də bu amalla şəhidlərimizi anır, qazilərimizlə görüşür, onların fikirlərini ictimaiyyətə çatdırırıq. Budəfəki həmsöhbətimiz ehtiyatda olan mayor, I qrup Qarabağ əlili İlkin Ziyadovdur.

İlkin Ziyadov 1982-ci ildə Yardımlının Dəlləkli kəndində anadan olub.  O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirəndən sonra Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində ixtisas kursu üzrə biliklərini mükəmməlləşdirib və 2004-cü ildə ön cəbhədə taqım komandiri vəzifəsində hərbi xidmətə başlayıb. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Hərbi xidmətlərə görə” birinci dərəcəli medaIına layiq görülüb.  2015-ci il oktyabrın 28-də Tovuz rayonu istiqamətində erməni kəşfiyyatçılarının təxribatının qarşısını alarkən minaya düşüb, sol ayağını itirib, sağ ayaq və əlindən, üz nahiyəsindən qəlpə yaraları alıb. 2016-ci ildə ordu sıralarından tərxis olunub.

“Sağlamlığım bərpa olundu”

Mayor İlkin Ziyadov bizimlə söhbətə bu sözlərlə başladı: “Hələ uşaqlıq illərimdən hərbi mundir geyinməyi arzulayardım. Şükür edirəm ki, bu arzum ürəyimdə qalmadı. Arzumun reallaşmasında cəbhəyə könüllü getmiş və Qarabağ döyüşlərində şəhid olmuş (1995) əmim Famil Kamil oğlu Ziyadovun, eləcə də Tərtər istiqamətində şəhid olmuş (1992) atamın xalası oğlu İmanov Mahir Alxan oğlunun xidmətləri olub. Belə ki, mən məhz onların həyat yolları əsasında əsl vətənpərvərlik dərsini öyrənmişəm. Onu da deyim ki, hazırda vaxtilə təhsil aldığım Ostar kənd orta məktəbi Famil Ziyadovun, Yardımlı Uşaq-Gənclər Şahmat Məktəbi isə Mahir İmanovun adını daşıyır”.

Müsahibimiz, eyni zamanda, dövlət səviyyəsində digər şəhid ailələrinə, Qarabağ döyüşçülərinə göstərilən diqqətdən da danışdı: “Bu qayğıdan mən də kənarda qalmamışam. Məhz bu qayğı, diqqət sayəsində sağlamlığım bərpa olundu. Nəticədə ağır yaralarımın fəsad törətdiyi psixoloji durumum normallaşdı. Müasir tipli protezlə də təmin olunmuşam. Ev, maşın növbəsinə dayanmışam. Bütün bunlara görə Prezidentimizə, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm”.

3 bacının bir qardaşı və ailənin ilki olan İlkin Ziyadov yaralanmasını belə xatırladı: “Yağışlı havada partlayan mina məni göyə qaldırdı. 2-3 dəqiqədən sonra ayılanda gördüm ki, qəlpələr sol ayağımı aparıb, sağ ayağım isə  məni möhkəm incidir. Üzüm-gözüm qan içində idi. Bu acılara baxmayaraq, özümü ələ ala bildim. Belə ki, özüm özümə ağrıkəsici iynə vurdum. Daha sonra kəmərimlə sol ayağımın qanını kəsməyə çalışdım. Amma sağ əlim işləmədiyi üçün ayağıma doladığım kəməri dişlərimlə sıxmalı oldum. O anlarda elə bil İlahi bir qüvvə mənə özümü toparlamağa kömək edirdi. Bu mənada sağ qalmağım bir möcüzə idi”.

Mayorun gənclərimizə tövsiyəsi

11 il səngər həyatı yaşayan həmsöhbətimiz daha sonra dedi: “Biz Vətən uğrunda döyüşlərə atılan anlarda gözlərimiz önündə şəxsi arzularımız yox, yalnız milli dövlətçilık maraqları, torpağa olan sevgimiz canlanır. Yaxşı bilirik ki, hər şey torpağın üstündədir. Bu isə o deməkdir ki, bizim arzularımız  torpaqdan güc alır. Bizi döyüşlərdən-döyüşlərə aparan elə bu düşüncəmizdir. Aprel döyüşləri bunu bir daha təsdiq etdi. Yeri gəlmişkən, Azərbaycanın müasir hərb tarixində aprel döyüşlərinin əhəmiyyəti böyükdür. Bu, hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Çünki qəhrəman əsgər və zabitlərimiz əlverişsiz mövqelərdən irəliləyərək çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etdi, minlərlə hektar ərazini nəzarət altına aldılar. Bu döyüşlər mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyət kəsb etdi”.

Orta məktəbi fərqlənmə attestatı ilə başa vurmuş İlkin Ziyadov gənclərimizə belə bir tövsiyə də verdi: “Qoy gənclərimiz  igidlərimizlə fəxr etsinlər. Onları, eləcə də Milli Qəhrəmanlarımızı hər yerdə təbliğ etsinlər. Vətən uğrunda canından keçmiş Mübariz İbrahimovdan söz açsınlar. Tariximizə yaxşı bələd olsunlar. Tariximizi, mədəniyyətimizi dünyanın müxtəlif dillərinə tərcümə etsinlər. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda daha fəal olsunlar. Bu gün qloballaşan dünyada belə nüanslara ciddi ehtiyac duyulur”.

3 övlad atası İlkin Ziyadov asudə vaxtı ilə bağlı sualımızı isə belə cavablandırdı: “Bildiyiniz kimi, ötən il aprel ayında ölkəmizdə “Qarabağ qaziləri” amputant futbol klubu yaradılıb. Komandamız yarandığı qısa müddətdə müəyyən uğurlara imza atıb. Belə ki, Gürcüstanda, Türkiyədə, Ukraynada, Polşada keçirilən yarışlarda müəyyən nailiyyətlər əldə etmişik. Hətta gələn il Polşada keçiriləcək Avropa çempionatına da vəsiqə qazanmışıq. Yeri gəlmişkən, dünya ölkələrində bu cür komandalar bir qayda olaraq ümumi əlillərdən təşkil olunur. Bizim komandanın tərkibini isə Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olan hərbçilər təşkil edir. Bu mənada belə bir komandanın təşkilində əsas məqsəd həm də Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”