09 avqust 2020 19:08
777

“Qarabağ”ın rəqibini yaxından tanıyaq

Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubu ilə üz-üzə gələcək.

AZƏRTAC klubun “Facebook” səhifəsinə istinadla xəbər verir ki, bir görüşdən ibarət olacaq mərhələnin oyunu evdə keçiriləcək.

Kratovonu təmsil edən “Sileks” Şimali Makedoniya çempionatının koronavirus pandemiyasına görə yarımçıq dayandırılan ötən mövsümündə 23 tura topladığı 36 xalla ikinci olub. Komanda üçüncü yerdəki “Şkendiya”nı cəmi 1 xal qabaqlayıb, çempion “Vardar”dan isə 10 xal geri qalıb. Ancaq “Vardar” avrokuboklara iştirak lisenziyası ala bilmədiyindən “Sileks” UEFA Çempionlar Liqasında yarışmaq hüququ qazanıb. Əlli beş yaşlı klub indiyə qədər üç dəfə ölkəsində çempion adını qazanıb. Bunlar ötən əsrin son 10 illiyinə təsadüf edir. “Sileks” 1996-1998-ci illər arasında ölkədə ən güclü olub. Ev oyunlarını 1800 azarkeş tutumuna malik “Qradski” stadionunda keçirən klub, altı dəfə çempionatı ikinci yerdə bitirib. “Sileks”in uğurları sırasında dörd dəfə ölkə kubokunu qazanmaq, bir dəfə ikinci liqanın qalibi olmaq da var.

Komandanı 45 yaşlı Qoran Simov çalışdırır. “Sileks”in heyəti tamamilə Şimali Makedoniya və Serbiyadan olan futbolçulardan qurulub. Ötən mövsüm komandanın ən sərrast futbolçusu dörd qolla İvan İvanovski olub.

“Sileks”in qitəmiqyaslı yarışlarda 18 oyun keçirən komanda 4 qələbə qazanıb, 3 heç-heçə edib, 11 matçda isə məğlub olub. 18 top vuran kratovolular 32 qola üzülüb. “Sileks” indiyə qədər avrokuboklarda cəmi 1 dəfə mərhələ keçib. 1995-1996-cı illər mövsümündə keçirilən Kubok Qalibləri Kubokunun yarışan klub ilk mərhələdə Macarıstan təmsilçisi “Vaç”ı keçsə də, ardınca “Borussiya Münhenqladbax” uduzaraq, mübarizəni dayandırıb. Bundan sonra İntertoto Kuboku, UEFA kuboku və UEFA Çempionlar Liqasındakı bütün cəhdlər uğursuz olub.

“Sileks” sonuncu dəfə 2016-2017-ci il mövsümündə avrokuboklarda oynayıb. UEFA Avropa Liqasında yarışan kollektiv I təsnifat mərhələsində iki oyunun cəmində Lixtenşteynın “Vaduts” klubuna yenilərək (2:5) mübarizəni dayandırıb.

Qeyd edək ki, qaydalara əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarətdir. Birinci təsnifat mərhələsinin oyunları 18-19 avqustda keçiriləcək. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qalib komanda UEFA Çempionlar Liqasında, məğlub isə UEFA Avropa Liqasında II təsnifat mərhələsinə keçəcək.