18 mart 2020 20:41
961

Qarabağlı illərin Novruz ovqatı

Bu milli bayram günlərində həm də bizə əziz və müqəddəs insanların, doğmalarımızın məzarını ziyarət edir, xatirələrini anır, ruhlarına dualar oxuyuruq.  Bu da xalqımızın  milli-mənəvi dəyərlərə sadiqliyindən xəbər verir.

Mənbələrdə göstərilir ki, Novruz nə bir məzhəb, nə də bir dini bayram deyil. Mahmud Kaşğarlının “Divan-i-Lüğəti-türk”ündə, Səlcuqlu Vəzir Nizamülmülkün “Siyasətnaməsi”ndə, Qaraqoyunlu hökmüdarı Cahan şahın təqvimində, Ağqoyunlu sultanı Həsən xan Bayandurun  “Həsən Padşah Qanunları”  toplusunda, Qazi Bürhanəddinin, Səfəvi-Qızılbaş şahı Şah İsmayılın divanında türklərin yaşam tərzini, adət-ənənəsini əks etdirən Novruz bayramının ortaq türk bayramı olduğu göstərilir.

Qədim dövrlərdə bu bayram Tura adlanardı. Tura - Törə (törəmək) sözündən yaranıb ki, bu gün dilimizdə işlətdiyimiz Turan sözü də bu addan götürülüb. Tura yeni günün başlanğıcı kimi qeyd edildiyindən farslar bu sözü Nov-yeni, ruz-gün ilə əvəzləyiblər. Sonralar bayramın adı Novruz kimi yaddaşlarda qalıb... 

Akademik İsa Həbibbəyli bayramı əks etdirən kəlmənin “Novruz” deyil, “Nuh Ruz” olduğunu bildirir. Alimin fikrincə, yeni həyat, yeni nəfəs mənasını verən bu günün bayram edilməsi təsadüf sayıla bilməz. Novruzun tarixi türk xalqlarının tarixi qədər qədimdir. Bilinən ən qədim türk təqvimi “On iki heyvanlı təqvim”də yeni ilin ilk günü məhz 21 martdan hesablanır, yəni bildiyimiz Novruz bayramından.

İslamiyyətdən sonra hicri təqvimi qəbul edilməklə bərabər Səlcuq Sultanı Məlik şah zamanında “Cəlalə Təqvimi” adlı yeni təqvim qəbul etdirilmişdir ki, orada da 21 mart yeni ilin ilk günü kimi qeyd olunur.

Azərbaycanda  Sovet höküməti qurulandan bir müddət sonra  Novruz milli-dini bayram kimi bolşeviklərin hücumuna məruz qalıb. Mənbələrdə göstərilir ki, “Mübariz allahsızlar ittifaqı” deyilən təşkilat bayram günlərində küçə-küçə, ev-ev gəzir, bayramı qeyd edən, evində səməni yetişdirən, tonqal üstündən atılan kommunist və komsomolçuları cəzalandırırdılar. Belə cəzalar  əsasən ictimai qınaqdan ibarət olurdu. Buna baxmayaraq Novruzu uzun müddət əziz bayram kimi  ailə çevrəsində keçiriblər.

...1967-ci ildə dövlət məhz həmin ilin baharında Suraxanı atəşgahından gətirilmiş od Bakının qoynunda - məğrur və əfsanəvi Qız Qalasının yaxınlığında böyük Novruz  tonqalını şölələndirdi. Gəlin kimi bəzədilmiş Bahar qız obrazını canlandıran Səfurə İbrahimovanın şənliyə at belində gəlməsi və təbriki ağ-qara kinolentin yaddaşına həkk olunub.  Böyük  bayram  tonqalı  günəşin yerdəki simvolu kimi xalqımızın   taleyini  nura qərq etdi. Novruzun hər gəlişi Odlar Yurdunun adına ucalıq, əzəmətinə əzəmət, vüqarına vüqar qatdı, bayram şənlikləri təntənəli məqamlarla zənginləşdi. Novruzun Azərbaycanda rəsmi “milli vətəndaşlıq vəsiqəsi” alması onun Orta Asiyadakı sovet respublikalarında da bayram kimi qeyd olunmsına  rəvac verdi.

Novruz bayramının bərpa olunması mahiyyətcə xalqımızın azadlıq əzminin nümayişi idi  və ilk növbədə  milli dövlətçilik quruculuğuna xidmət edirdi.

Sözsüz ki, Bahar bayramı son illər xalqla dövlətin vəhdəti işığında keçirilir; dövlət xadimləri də, el aşığı da, uşağdan  böyüyəcən sadə insanlar da ümumxalq şənliyində birlikdə iştirak edirlər. Qədim xalq oyunlarını, Kosa ilə Keçəlin məzhəkəsi, Novruz atəşfəşanlığı, xoruz döyüşü, halay qurub yallı gedənlər bahar məclislərinə ülfət gətirir, sevinc, gülüş töhfəsi bəxş edirlər... 

Bu gün üçrəngli bayrağımız da allı-güllü Novruzun gözəlliyinə gözəllik qatır... Novruz abadlıq, səliqə sahman, barışıq və s. ilə yanaşı, həmrəylik və sülh rəmzidir, bütün nəsillərdən olan insanların bir-birinə bənzərsiz ehtiram vədəsidir.

Novruz Azərbaycanda və dünyada yaşayan müxtəlif millətlərin arasında birliyin və mehribanlığın möhkəmləndirilməsində, onların bir-birinə mərhəmət və diqqət göstərməsində humanizm ənənələrinə malik bayramdır.

Sevindirici haldır ki, Azərbaycan dövlətinin təklifi ilə Novruz bayramı UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib və 2010-cu ilin fevralın 23-də  BMT Baş Məclisi  martın 21-ni  “Beynəlxlaq Novruz Günü” elan etdi...

Azərbaycanda qədimdən Novruz günü bütün ailə üzvlərinin birlikdə mübarək bayram süfrəsinin başına yığışması yaxşı əlamət sayılır. Son illər Novruz ərəfəsi cəzaçəkmə müəssisələrində azadlıqdan mərhum olmuş yüzlərcə məhbus əhv olunaraq, ailələri ilə birlikdə bayram sevincini yaşayırlar. Milli adət-ənənələrimizə dərin ehtiramdan irəli gələn və humanizm meyarlarına söykənən bu addımın atılması çox təqdirəlayiq haldır.

Etiraf edək ki, nə qədər təmtaraqlı keçirilsə də indiki Novruz nə uşaqlıq,  nə də gənclik dövrümüzün Novruzuna bənzəyir. Çünki uzun illərdir ki,  biz bu bayramı Qarabağsız  keçiririk.

Hər il Ulu Tanrıdan diləyirik ki, çal-çağırlı Novruz şənliklərini tezliklə yurdumuzun Qarabağ adlı cənnət güşəsində də keçirək...

Mən də bu yazıma nikbin ovqatla son nöqtəni qoymaq istədim. Qoy bu Novruzun qədəmləri uğurlu olsun! Təkrarsız sənət incimiz olan muğam festivalları Azərbaycanın musiqi beşiyi Şuşada keçirilsin! Qoy əzəli torpaqlarımızda bayram tonqalları şölələnsin! Bax, o zaman, novbəti Novruz daha əzəmətli, daha möhtəşəm, çal-çağırlı olacaq. Bu arzunu gerçəkləşdirmək üçün - Yurda sevgimizi, Ulu Novruzun bizə bəxş etdiyi milli birliyimizi əməli işlərimizlə sübut etməliyik.

Hər birinizə tükənməz yurd sevgisi, xeyir əməl, cansağlığı və bir də tezliklə Cıdır  düzündə  Novruz bayramını  keçirmək istəyi ilə

Nurəddin Ədiloğlu, “İki sahil”