01 fevral 2019 15:14
103

Qaradağ rayonunun fəal gənclərinin yığıncağı keçirilib

31 yanvar 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində “2 fevral – Azərbaycan gəncləri günü” münasibətilə rayonun fəal gənclərinin yığıncağı keçirilib.

Trend-in məlumatına görə, yığıncaqda millət vəkili Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov iştirak edib.

Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmaqla başlanan tədbir daha sonra öz işini Heydər Əliyev Mərkəzindəki Konfrans zalında davam etdirib.

Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov Dövlət Gənclər Siyasəti istiqamətində idarənin gördüyü işlər, “2 fevral Gənclər günü” münasibətilə keçirilmiş tədbirlər barədə qısa məlumat verib. Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin iştirakından danışaraq Azərbaycan gənclərini vahid təşkilat altında birləşdirmək, dövlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusilə vurğulanıb.

Millət vəkili Aydın Hüseynov Azərbaycan gənclərin beynəlxalq hərəkatdakı rolundan, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədilə xaricdəki azərbaycanlı diasporaların fəaliyyətindən danışıb. Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının Gənclər Birliyinin sədri Ramiz Yusubov dövlət orqanlarının diqqətini gənclərlə bağlı məsələlərə yönəltmək məqsədilə ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial islahatlardan, o cümlədən 2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyasının, "Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının qarşıya qoyduğu məsələlərdən söz açıb.

Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova iri sənaye regionuna çevrilməkdə olan Qaradağ rayonundakı quruculuq və abadlıq işlərindən, yaxın gələcəkdə reallaşacaq irimiqyaslı layihələrdən danışaraq bu istiqamətdə gənclər üçün böyük perspektivlər açıldığını söyləyib.

Tədbirin sonunda gənclər sahəsi üzrə rayon, şəhər və ölkə birinciliklərinin qalibləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər və təşkilatlar rayon rəhbərliyi tərəfindən fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.