31 yanvar 2019 10:37
359

Qarşıya qoyulan vəzifələr uğurla icra edilib

Prezident İlham Əliyev: Azərbaycanın güclü dövlətə çevrilməsi ona dünyada gedən riskli proseslərdən özünü qorumağa imkan yaradıb

Azərbaycan nəinki Cənubi Qafqazın, eyni zamanda, MDB məkanının ən sürətlə inkişaf edən ölkəsidir. Təbii ki, bu inkişaf yalnız iqtisadiyyat sahəsində deyil, eyni zamanda, əhalinin sosial rifahının yüksəlməsində də özünü ciddi şəkildə göstərir. Ən başlıcası isə artan maliyyə resurslarımız imkan verir ki, ölkəmizin hətta ən ucqar qəsəbə və kəndlərində belə müasir infrastrukturlar yaradılsın.

Azərbaycan dövləti müasir infrastruktur yaratmaq göstəricilərinə görə də MDB-də ön sıralardadır. Artıq ölkə ərazisinin 95 faizi qazlaşdırılıb, davamlı su təchizatı yaradılıb, nəqliyyat sistemi müasirləşdirilib, əhalinin enerji ilə təminatı yüksək səviyyəyə çatdırılıb, məktəb, səhiyyə ocaqlarının tikintisi sürətlənib.

Bu kimi uğurların qazanılmasında təbii ki, ölkə başçısının qətiyyəti və müdrik siyasi kursu mühüm amildir. Xüsusilə indiyədək regionların inkişafına dair bir neçə Dövlət Proqramının uğurlu icrası da məhz ölkə başçısının bu istiqamətə verdiyi önəmin nəticəsidir.

Son 15 ildə valyuta ehtiyatları 24 dəfə artaraq 45 milyard
dollara çatdırılıb, maaşlar 7 dəfə, pensiyalar isə 9 dəfə artıb

Görülən genişmiqyaslı işlərin nəticələrini müzakirə etmək və problemlərin həllinə dair məsələləri müzakirəyə çıxarmaq həmişə Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin bir hissəsi olub. Məhz yanvarın 29-da Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunları ilə bağlı təşkil olunan konfransda ötən dövr ərzində bu istiqamətdə həyata keçirilən fəaliyyətə nəzər salınıb, reallaşan işlər təhlil olunaraq dəyərləndirilib.

Ölkəmizin başçısı konfransda bildirib ki, əvvəlki dövlət proqramları kimi, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da artıqlaması ilə yerinə yetirilib, qarşıya qoyulan bütün vəzifələr uğurla icra olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin də çıxışında vurğulandığı kimi, son 15 ildə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib. Xüsusilə iqtisadi uğurlar daha ciddi şəkildə artıb. Belə ki, ölkəmizdə ümumi daxili məhsul 3,3, sənaye potensialı 2,6, valyuta ehtiyatları isə 24 dəfə artaraq 45 milyard dollara çatdırılıb. Azərbaycan iqtisadiyyata yatırılan sərmayəyə görə də rekord göstəricilərə nail olub. Yəni son 15 ildə 250 milyard dollar sərmayə qoyulmaqla 2 milyon yeni iş yeri yaradılıb. Ən başlıcası isə əhalinin sosial rifahının yüksəliş göstəricisi olan maaşlar 7 dəfə, pensiyalar 9 dəfə artıb.

Yüksək təhsilli, sağlam cüssəli, vətənpərvər vətəndaşın
formalaşması üçün regionlarda maddi və mənəvi inkişaf mühiti yaradılıb

Konfransda yeni qurulan infrastrukturlar barədə də məlumat verilib. Bildirilib ki, insanların sosial rifah halının yüksəlməsi, təhsilin və səhiyyənin maddi-texniki bazasının zənginləşdirilməsi üçün qarşıya qoyulan vəzifələr uğurla icra olunub. Belə ki, ötən 15 il ərzində 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi inşa olunub və ya yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılmaqla gənc nəslin idmana və bədən tərbiyəsinə marağı artıb. Bir sözlə, indi həm yüksək təhsilli, həm sağlam cüssəli, həm də vətənpərvər vətəndaşın formalaşması üçün bölgələrdə maddi və mənəvi inkişaf mühiti yaradılıb.

Regionlarda müasir infrastrukturun yaradılmasında elektrik enerjisi stansiyalarının qurulması önəmli vəzifə kimi qarşıya qoyulub və uğurlu nəticələr mövcuddur. Ölkəmizin başçısı konfransda bildirib ki, 2019-cu ildə Bakıda böyük elektrik stansiyasının-400 meqavat gücündə olan “Şimal 2” stansiyasının açılışı gözlənilir”. Eyni zamanda, Bakı şəhərində yeni, 300, 350, bəlkə də 400 meqavat gücündə stansiyanın tikintisi ilə bağlı işlər aparılıb: “İndi dəqiqləşmələr gedir və stansiyanın tikintisi bizim enerji potensialımızı daha da möhkəmləndirəcək. Bununla paralel olaraq, mövcud stansiyalarda bərpa və təmir işləri aparılaraq onların potensialını böyük dərəcədə artıra bilərik. İlkin hesablamalar göstərir ki, biz təqribən 500 meqavat əlavə güc əldə edə bilərik. Beləliklə, əgər bu üç məsələ öz həllini taparsa, - mən əminəm ki, bu, belə də olacaq, - biz əlavə 1500 meqavat elektrik enerjisi istehsal edəcəyik və həm artan daxili tələbatımızı ödəyəcəyik, həm də ki, ixrac edib ölkəmizə valyuta gətirəcəyik”.

Konfransda qeyd edilib ki, içməli su layihələri davam etdirilməklə əhalinin təminatı 70 faizə çatıb. Ölkə başçısı bu barədə məlumat verərək bildirib ki, hazırda 38 şəhərdə içməli su layihələrinin icrası başa çatıb, bu il 5 şəhərdə başa çatacaqdır və 12 şəhərdə işlər artıq başlanıb.

Regionlarda güclü sahibkarlar ordusu formalaşıb

Azərbaycan regionlarının inkişafında ən önəmli fakt isə güclü sahibkarlar ordusunun formalaşmasıdır. Son 15 ildə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatdan çox olub. Ən sevindirici məqam isə odur ki, həmin kreditlərin böyük hissəsi məhz sahibkarların geri qaytardığı kredit vəsaitindən maliyyələşib. Yəni artıq dövlət elə bir ədalətli sistem qurub ki, burada həm sahibkara, həm də dövlətə ağır yük düşmür.

Konfransda Prezident İlham Əliyev sahibkarlara tövsiyə edib ki, onlar çalışsınlar işçi ixtisarlarına yol verməsinlər və dövlətin onlara göstərdiyi qayğını hər bir sahibkar da öz işçisinə göstərsin. Eyni zamanda, ölkəmizin başçısı 2019-cu idə aparılan struktur islahatlarının ancaq inkişafa xidmət etdiyini bildirməklə ləğv olunan və yaxud birləşdirilən dövlət təşkilatlarının əməkdaşlarının başqa sahələrdə işlə təmin olunacaqlarını vurğulayıb.

Təbii ki, qısa müddətdə bu qədər böyük işlərin həyata keçirilməsi bir fədakarlıqdır. Bu fədakarlıq nümunəsini həm Prezident İlham Əliyev, həm də xalqımız göstərir. Məhz bu önəmli amili ölkəmizin başçısı konfransda belə dəyərləndirib: “Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkədə aparılan siyasət xalq tərəfindən dəstəklənir.”

Ən mühüm amil isə odur ki, bu inkişaf tendensiyası Azərbaycanın güclü dövlətə çevrilməsinə şərait yaradır: Bu amili müdrikcəsinə dəyərləndirən ölkəmizin rəhbəri deyib: “Azərbaycanın güclü dövlətə çevrilməsi ona dünyada gedən riskli proseslərdən özünü qorumağa imkan yaradıb”.

Elçin Zaman, “İki sahil”