15 yanvar 2020 16:50
591

Qatı duman ağır yol qəzasına səbəb oldu: 4-ü ağır, 29 yaralı

Faktla bağlı araşdırmalara başlanılıb

Türkiyənin Isparta əyalətində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yanvarın 15-də səhər saatlarında Isparta – Konya trasının Şarkikaraağaç rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Fəxrəddin Yazarın (55) idarə etdiyi “Metro Turizm” şirkətinə məxsus 63 DV 750 qeydiyyat nömrə nişanlı sərnişin avtobusu, qatı duman və görmə məsafəsinin aşağı düşməsi səbəbindən idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəzanı görən digər avtomobil sürücülərinin xəbər verməsi ilə hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım briqadaları gəliblər.

Bəzi yaralılar öz imkanları sayəsində, bəziləri də ətrafdakıların köməkliyi ilə salondan çıxıblar. Üç sərnişin isə avtobusun altında qalıb. Onlar xilasetmə briqadaları tərəfindən olduqları yerdən xilas ediliblər.

Nəticədə 4-ü ağır olmaqla 29 nəfər ərazidə yerləşən xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Avtosfer.az