13 may 2019 14:13
221

Qaxda aqrar sahədə məhsul istehsalı 5,9 faiz artıb

2019-cu ilin birinci rübü Qax rayonunun iqtisadiyyatı üçün uğurlu olub. Hesabat dövründə rayonda iqtisadiyyatın əsas sahələri üzrə 27 milyon 726 min manatlıq məhsul buraxılıb və xidmətlər göstərilib. Sənayedə məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 faiz artaraq 3 milyon 896 min manat olub. Rüb ərzində 4 milyon 452 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz çoxdur. Birinci rübdə əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi 8,6 faiz, nəqliyyat xidmətləri 5,2 faiz, ticarət xidmətlərinin həcmi isə 3,1 faiz artıb. Bu müddət ərzində 6 milyon 459 min manatlıq tikinti-quraşdırma işləri həyata keçirilib, 201 yeni iş yeri açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu rəqəmlər 2019-cu ilin birinci rübünün yekunları ilə əlaqədar mayın 13-də Qax Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə səsləndirilib.

Hesabat məruzəsində bildirilib ki, ənənəvi istehsal sahələrindən olan tütünçülük, baramaçılıq və fındıqçılığın inkişaf etdirilməsi istiqamətində tədbirlər 2019-cu ildə də davam etdiriləcək. Cari təsərrüfat ilində rayonda 532 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Bu məqsədlə fermerlər tərəfindən ümumi sahəsi 8100 kvadratmetr olan sadə tipli istixanalarda tütün şitilləri yetişdirilib. Hazırda şitillərin sahələrə köçürülməsi davam edir. Yaz mövsümündə rayon ərazisində 165,6 hektar sahədə yeni fındıq bağları salınıb. Cari ildə rayonda yaş barama istehsalının əvvəlki illə müqayisədə 9,7 ton artırılaraq 35 tona çatdırılması qarşıya hədəf olaraq qoyulub.

Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının ölkədə aqrar-sənaye kompleksinin inkişafı ilə bağlı verdiyi tapşırığa uyğun olaraq rayonda yeni yaradılan aqroparkda cari ilin birinci rübündə 136 hektar sahədə badam bağları salınıb. Bu il yeni salınacaq meyvə bağlarında damcılı suvarma sistemlərinin quraşdırılması ilə əlaqədar 10 min tonluq su anbarının tikintisi başa çatdırılıb, eyni zamanda, 20 min tonluq su anbarının tikintisi davam etdirilib. Anbarlara su vurmaq üçün ərazidə 3 ədəd nasos stansiyası tikilib.

Birinci rübdə rayonda həyata keçirilən tikinti-quraşdırma işləri barədə də məlumat verilib. Bildirilib ki, hesabat dövründə Qax-İlisu avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Tasmalı və Əlibəyli kəndlərində tam orta məktəblər üçün yeni binaların tikintisi, Qaxingiloy və Qum kəndlərində uşaq bağçalarının əsaslı təmiri, Qax şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər davam etdirilib.

Müşavirədə, həmçinin 2019-cu ilin birinci rübündə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlər geniş təhlil edilib.