11 avqust 2020 18:53
1143

Qaydalara əməl edilsə...

Dünyada tüğyan edən yeni növ koronavirusun - COVID-19-un yayılmasının qarşısının alınması üçün aylardır mübarizə aparılır. Ölkələr çoxsaylı tədbirlər görür, virusun təsirinin azaldılması məqsədilə müxtəlif addımlar atır. Azərbaycan dövləti də əhalinin təhlükəsizliyinin və sağlamlığının qorunması üçün effektiv, təxirəsalınmaz tədbirləri həyata keçirir. Pandemiyanın ilk günlərindən ölkəmizin xüsusi karantin rejiminə keçidi dövründə yoluxma hallarının sayı minimuma endirilmiş, ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını üstələmişdir.

Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə Prezident İlham Əliyev koronavirusa qarşı mübarizə işində müsbət dinamikanın müşahidə olunduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı bildirdi ki, iyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq. Artıq üç həftədir ki, bu müsbət dinamika, əlbəttə, bizi çox sevindirir. Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.

Ölkəmizdə xəstəliyin cilovlanması və azalması istiqamətində uğurlar var. Bunu nəzərə alan Operativ Qərargah avqustun 5-dən etibarən karantin rejimini bir qədər yumşaldıb. Yay fəsli nəzərə alınaraq, insanların çimərliklərdən istifadə etməsinə imkan yaradılıb. SMS və icaze.e-gov.az portalı vasitəsilə icazə mexanizmi ləğv olunub, vətəndaşların sərbəst hərəkəti təmin olunub, avqustun 10-da isə qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin fəaliyyətinə icazə verilib. 

“Virusa yoluxma sürətini azaltmaq üçün əsas şərt karantin qaydalarına əməl etməkdir” deyən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, karantin qaydalarına əməl edilsə, daha çox açılmalara getmək mümkün olacaq: “Cəmiyyətdə bəzi insanlar yumşalmaları cəmiyyətdə qələbə, virusa yoluxmanın başa çatması kimi qələmə verir. Hətta artıq dünyada karantin rejiminin olmadığını iddia edənlər var. Bu, çox yanlışdır. Həmin insanlara internetdə kiçik araşdırma aparmağı tövsiyə edirəm. Bütün dünyada virusa qarşı mübarizə aparılır. Bu virus hələ də bizim aramızdadır”.

Sözsüz ki, bu yumşalmalar pandemiyanın sona çatması anlamına gəlməməli, insanlarda arxayınlıq yaratmamalıdır. Ölkə vətəndaşları maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməli, o cümlədən həkimlərin və sanitar-epidemioloji qurumların tövsiyəsinə əsasən açılan obyektlərdə qayda-qanunlara, tələblərə riayət olunmalıdır. Həm istehlakçılar, həm də sahibkarlar bilməlidirlər ki, mövcud qaydalara ciddi şəkildə riayət olunmasa koronavirusa yoluxma sayı yenidən arta, xəstəliyin miqyası genişlənə bilər.

Mənsumə Babayeva,  “İki sahil”