25 sentyabr 2020 17:39
489

Qaydalarla yaşamağı bacarmalıyıq...

Unutmaq olmaz ki, qaydalara əməl etməməklə həm özümümzün, yaxınlarımızın sağlamlığına  təhlükə törədirik, həm də vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasına,  ölkə iqtisadiyyatının inkişafına əngəl oluruq

COVID-19 böhranının dağıdıcı iqtisadi və tibbi şokunu hərtərəfli araşdıran ekspertlərin proqnozlarına görə, dünya iqtisadiyyatının böhrandan əvvəlki səviyyəyə qayıtması üçün ən azı iki il vaxt lazımdır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında məhz 2020 ci il dünyanın 1930-cu illərdən bəri sülh dövründə ən dərin tənəzzülə uğradığı il olduğu bildirilir. 2020-ci ildə dünya iqtisadiyyatında müşahidə edilən şok tamamilə fərqlidir. COVID-19-un iqtisadi nəticəsi hətta 2007-2009-cu illərin böhranından daha pisdir. Çünki koronavirus pandemiyası ilə əlaqədar ayrı-ayrı ölkələrdə tətbiq olunan məhdudlaşdırma siyasəti nəticəsində qısa müddətdə dünya iqtisadiyyatı durğunluğa, böhran və tənəzzülə düçar oldu.

Yeni növ COVID-19 infeksiyası ilə bağlı ilkin hallar üzə çıxdığı andan etibarən Azərbaycanda bu istiqamətdə atılan addımlar, reallaşdırılan sosial izolyasiya tədbirləri, eləcə də o çətin günlərdə qısa müddət ərzində tibbi infrastrukturun təkmilləşdirilməsi, modul tipli xəstəxanaların yaradılması, test laboratoriyalarının qurulması, bir sözlə, epidemioloji vəziyyəti düzəltmək üçün görülən tədbirlər öz nəticəsini verdi. İş yerlərinin və məktəblərin bağlanması, səyahət qadağaları, özünütəcrid tələbləri ilə ümumilikdə insanların sosial məsafə səviyyəsini qorumaq qaydalarına riayət edilməsi istiqamətində görülən tədbirləri infeksiyanın yayılma sürətini aşağı saldı. Bunların sayəsində xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirildi, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə oldu, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələdi.

Prezident İlham Əliyev martın 19-da koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Ölkə başçısının digər bir Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və qısa müddətdə bu fonda milyonlarla manat vəsaitlər ianə olunub. Pandemiyanın mənfi fəsadlarını minimuma endirmək üçün dövlət büdcəsindən milyardlarla manat vəsait ayrılıb və təsirləri qiymətləndirmək məqsədilə dörd İşçi Qrup yaradılıb. Qısa müddət ərzində makroiqtisadi sabitliyi qorumaq və məşğulluğu təmin etmək üçün ölkənin sosial-iqtisadi və maliyyə vəziyyəti təhlil edilib, lazımi əlavə tədbirlərin görülməsi, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı təkliflər hazırlanıb.

COVID-19 pandemiyası dövründə məşğulluğa və sosial rifaha dəstək yönümündə genişmiqyaslı tədbirlərin reallaşdırılması bir daha təsdiq etdi ki, ölkə başçısının siyasətinin mərkəzində vətəndaş amili, onun rifahı dayanır. Məhz bu cətin günlərdə həyata keçirilən tədbirlər ilk növbədə dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 640 minədək işçinin iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunmasına imkan verib. Sosial ödənişlərin davamlılığı təmin edilməklə, əsasən həssas qruplardan olan 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilib. 600 minədək aztəminatlı işsiz şəxsi əhatə edən birdəfəlik ödəmə proqramı, məşğulluq imkanlarının artırılması üçün 90 minədək şəxsin ödənişli ictimai işlərə cəlb olunması, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min kiçik ailə təsərrüfatlarının qurulması istiqamətində atılan addımlar 82 min ailənin 340 minədək üzvünün ünvanlı dövlət sosial yardımı ilə, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı, bir daha sübut etdi ki, dövlət hər zaman olduğu kimi, pandemiya bəlasının tüğyan etdiyi dövrdə də vətəndaşının yanında oldu.

Aydındır ki, qlobal koronavirus təhlükəsi ilə mübarizədə görülən tədbirlərin daha effektli olması üçün vətəndaş məsuliyyəti də başlıca şərtdir. Koronavirus pandemiyasının ilk günlərindən Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın bu gözəgörünməz düşmən ilə bağlı reallaşdırılan karantin tədbirləri ilə bağlı səsləndirdikləri fikirlər, sosial məsuliyyətə və nizam-intizama çağırışları bunu bir daha təsdiq edir. Kimliyindən, vəzifəsindən asılı olmayaraq hər bir vətəndaş karantin rejiminin şərtlərinə əməl etməlidir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq, hamı qanun qarşısında bərabərdir.  Lakin hələ də vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların kobudcasına pozulması halları var.

Təbii ki, gözəgörünməz koronavirus bəlası ilə mübarizədə inzibati tədbirlərin görülməsi, məhdudiyyətlərin və cərimələrin tətbiqi, cəzaların sərtləşdirilməsi ilə yanaşı, vətəndaş məsuliyyəti də vacib şərtdir. Çünki bütün bunların çəkindirici təsiri olsa da, təhlükənin qarşını almağa tam yetərli deyil. Hər şey vətəndaşlarımızın sosial məsuliyyətinə, qaydalara əməl etməsindən daha çox asılıdır. Cəmiyyətimiz qaydalarla yaşamağı öyrənməlidir. Unutmaq olmaz ki, qaydalara əməl etməməklə yalnız özümüzün, yaxınlarımızın sağlamlığına  təhlükə törətmirik, həmçinin ayrı-ayrı sahələrdə çalışan vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasına, bütövlükdə ölkə iqtisadiyyatının inkişafına əngəl oluruq. Çünki koronavirusa yoluxma halları çoxaldıqca məhdudlaşdırıcı tədbirlər daha da sərtləşdirilir, iş yerləri bağlanır, nəticədə yüzminlərlə insan işsiz qalır. Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 81.5 min vətəndaşımız çalışır. Bütövlükdə ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçı var. Nəzərə almaq lazımdır ki, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır.

Sağlamlığımız, rifahımız üçün məsuliyyətli olaq, qaydalara əməl edək, gözəgörünməz koronavirus bəlasına birlikdə qalib gələk!..

Zahid Rza, “İki sahil”