28 fevral 2020 11:27
2440

Qaz anbarlarının saxlama imkanları hasilat artdıqca genişləndiriləcək

Azərbaycanda yeraltı qaz anbarlarından qaz götürmə mövsümü çərçivəsində indiyədək anbarlardan 1,34 milyard kubmetrdən çox qaz çıxarılıb.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov qeyd edib ki, Azərbaycanda iki yeraltı qaz anbarı mövcuddur. "Qalmaz" və "Qaradağ" yeraltı qaz anbarlarının tutumu 3,5 milyard kubmetr təşkil edir. Anbarların hər ikisi də SOCAR-ın tabeliyindədir.

İ.Əhmədovun sözlərinə görə, hazırda anbarlarda olan qalıq qazın həcmi 1,6 milyard kubmetrə yaxındır.

İ.Əhmədov onu da bildirib ki, hər ilin noyabr-may aylarında anbarlara qazın vurulması üzrə hazırlıq işləri aparılır, kompressorların və avadanlığın təmiri və sazlanması və anbarlarda mövcud olan quyular üzərində texniki işlər aparılır.

"Anbarların saxlama imkanlarının genişləndirilməsi respublikada qaz hasilatının artması nəticəsində yaranan zərurətdən asılı olaraq artırılması planlaşdırılır", - deyə İ. Əhmədov qeyd edib.

Qeyd edək ki, son illərdə Azərbaycanda “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsinin hesabına qaz hasilatı kəskin artıb. Belə ki, ötən il ölkədə 35,6 milyard kubmetr təbii qaz istehsal edilib. Hasil edilən təbii qazın 24,53 milyard kubmetri əmtəəlik qazın payına düşüb. 2018-ci ilin göstəricisi ilə müqayisədə ölkədə qaz hasilatı 16,3%, əmtəəlik qaz hasilatı isə 27,7% artıb.

Azərbaycanda yeraltı qaz anbarlarına vurulan qazın həcmi 2019-cu ildə tarixi rekord səviyyəyə – 3,036 milyard kubmetrə çatdırılıb ki, bunun da 2,266 milyard kubmetri 2019-cu ilin aprel-oktyabr aylarında vurulub.

SOCAR 2021-ci ilin sonunadək "Qalmaz" və "Qaradağ" yeraltı qaz anbarlarının tutumunu 5 milyard kubmetrə çatdırılmasını planlaşdırır.