27 yanvar 2020 20:12
1066

Qazaxıstan və BƏƏ arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Yanvarın 27-də Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfərə gəlib.

AZƏRTAC Emirates informasiya agentliyinə istinadla xəbər verir ki, Əl-Vətən sarayının qarşısında keçirilən rəsmi qarşılama mərasimindən sonra Qazaxıstanın dövlət başçısı Əbu-Dabinin vəliəhd şahzadəsi, BƏƏ Silahlı Qüvvələri Baş komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb. Sarayda, həmçinin ali qonağın şərəfinə rəsmi ziyafət təşkil edilib.

Təkbətək görüşdən sonra keçirilən geniş tərkibdə danışıqlarda Qazaxıstan Prezidenti qeyd edib ki, iki ölkə arasında açıq və konstruktiv dialoq mövcuddur. O diqqətə çatdırıb ki, gələn il BƏƏ-nin yaradılmasının 50 illik yubileyi keçiriləcək, Qazaxıstan isə öz müstəqilliyinin 30 illiyini bayram edəcək.

Tərəflər ikitərəfli ticari-iqtisadi əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə ediblər. Qeyd olunub ki, Nur-Sultanda Əbu-Dabi Plaza kimi nəhəng obyektin inşası bu əməkdaşlığın bariz nümunəsidir. Bundan başqa, indiyədək 350 birgə müəssisə yaradılıb.

Danışıqlarda diqqət mərkəzində olan əsas məsələ isə energetika sahəsində əməkdaşlığın inkişafı olub. Bu sahədə birgə layihələrin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.