23 iyun 2020 15:53
311

Qazaxıstanda yoluxma artır, karantin rejimi sərtləşdirilir

Vladimir Neçitaylo: “Yoluxma sayının artmasına insanların sanitar-epidemioloji qaydalara riayət etməməsi səbəb olub”

Qazaxıstanda koronavirus infeksiyasına 499 yoluxma faktı aşkarlanıb, 7 nəfər vəfat edib. Ümumilikdə, ölkədə koronavirus infeksiyasına 18 min 231 nəfər yoluxub. Xəstələrdən 129-nun vəziyyəti ağır qiymətləndirilir. Yaranmış vəziyyətlə əlaqədar ölkənin iri şəhərlərində həftəsonu karantin rejimi bir neçə dəfə tətbiq oluna bilər. Sanitar həkim Janna Praliyeva bu rejimin zəruri olduğunu bildirib. Qeyd edib ki, sanitariya normalarına laqeyd münasibət göstərildiyi təqdirdə həftəsonu karantin rejimi bir neçə dəfə tətbiq ediləcək. Qazaxıstanın Kostanay vilayətində də yeni növ koronavirus infeksiyası ilə bağlı epidemioloji vəziyyətin kəskin pisləşməsi müşahidə olunmaqdadır. Kostanay vilayətində hər gün 50-100 arası yoluxma halı qeydə alınır. Bölgədə COVID-19-a yoluxanların sayı 518 nəfərə çatıb. Kostanay vilayətinin baş dövlət sanitar həkimi Vladimir Neçitaylo deyib ki, yoluxma sayının artmasına insanların sanitar-epidemioloji qaydalara riayət etməməsi səbəb olub. Onun sözlərinə görə, qadağalara baxmayaraq, kafe və restoranlarda toylar, ziyafətlər keçirilməkdədir. Kostanay vilayətində yerləşən iki uşaq bağçasının personalının arasında COVID-19-a yoluxma qeydə alınıb. Monitorinq qrupu tərəfindən 288 qayda pozuntusu aşkarlanıb. 13 obyektin fəaliyyəti könüllü şəkildə dayandırılıb. 78 halda isə cərimə tətbiq edilib, yerdə qalanlara xəbərdarlıq edilib. İnfeksiyaya yoluxma sayının artması ilə əlaqədar karantinin rejiminin iyunun 23-dən 30-na qədər gücləndirilməsi ilə bağlı qərar qəbul edilib. Belə ki, mülkiyyət formasından asılı olmayaraq, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb, açıq havada 20 nəfərlik qrupla məşq etmək istisna olmaqla, idman komplekslərinin fəaliyyəti qadağan edilib. Eyni zamanda, ictimai-iaşə obyektlərinin fəaliyyətində məhdudiyyətlər tətbiq edilib.