04 dekabr 2020 17:20
1584

Qazi və şəhid haqqında ballada və ya Babəklə baş tutmayan müsahibə

Vətən müharibəmizdə parlaq qələbəni məhz onların sayəsində qazandıq. Adını bildiyim, bilmədiyim yüzlərlə cəsur, igid, qorxmaz oğullarımızın sayəsində. Rahim Calalov soyadlı qiyabi müsahibim belə oğullarımızdan biridir. Həmkəndlimdir. Məni tanıyanlar bilirlər ki, mənim nəzərimdə vətənpərvər adam kimliyindən, haralı olmasından asılı olmayaraq çox əziz və möhtərəmdir. Rahim də əsl vətənpərvvərliyi ilə, Vətəni sevməyinin xüsusi baxış bucağı ilə bu gün yazımın qəhrəmanıdır.

44 günlük müharibənin 44 yaşlı qəhrəmanı Rahim Calalov Şəkinin Kiçik Dəhnə kəndində çoxuşaqlı ailədə - sürücü ailəsində doğulub. Onun doğulduğu ildə mən həmin Kiçik Dəhnə kəndində orta məktəbi bitirmişəm. Bu mənada yaşıdım olan Rahim 1993-cü ildə kəndimizdəki 2 saylı orta məktəbi bitirib və həmin il Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) daxil olub, 1997-ci ildə həmin hərbi təhsil müəssisəsini uğurla bitirib. Müstəqil Azərbaycanın ilk peşəkar hərbçilərindən biri kimi - leytenant kimi Tərtər ərazisində hərbi xidmətə başlayıb.

2000-ci ilədək Tərtərdə xidmət edən R.Calalov yaralandığına görə ordudan tərxis olunub. Uzun müddət müalicə olunduqdan sonra Şəkidə tədricən biznesini qurub və böyük qardaşı Elçin kimi xeyriyyəçiliklə məşğul olub və olmaqdadır. Yeri gəlmişkən, qeyd edim ki, Moskvada yaşayan Elçin Calalov Şəkidə, respublikada və Rusiyanın paytaxtında kimsəsizlərə, kasıba əl tutan iş adamı kimi tanınır. Biznesini inkişaf etdirsə də, peşəkar zabit kimi Rahimin fikri-zikri həmişə cəbhəyə getmək olub.

2016-cı ilin aprel hadisələri başlayan kimi Rahim özünü dərhal Tərtərə çatdırıb. Deyir ki, ayın sonuna qədər orda qaldım. Döyüşlər rəsmi olaraq 4 gün davam etsə də, ermənilər mənfur xislətlərinə uyğun olaraq atəşkəsi pozmaqda davam edirdilər. 2016-cı il aprelin 26-27-də Talış yüksəkliyində namərd düşmənin atdığı mərmidən qəlpə yarası aldım. Əməliyyat olundum.

Onun sözlərinə görə, aldığı qəlpə yaralarından indi də əziyyət çəkir. Sağ ayağında hələ də xırda qəlpə qalıqları ona əzab verməkdədir. Sağ əlində də problem olduğunu deyən Rahim Calalov həmin vaxt qazi kimi dövlətin imtiyazlarından istifadə etməyə razılaşmayıb, daha doğrusu, könüllü imtina edib. Deyir ki, mən qazi olsam da, olmasam da müharibəni gözləyirdim ki, gedim iştirak edim, döyüşüm, Ali Baş Komandanımız İlham Əliyevin dillər əzbəri olan kəlamı kimi, düşmənin başını əzmək istəyirdim.

Və o gün gəlib çatdı. 2020-ci il sentyabrın 27-si səhər. Biznesi ilə bağlı təsadüfən sentyabrın 26-da Bərdədə olan, Qaradağlı kəndində gecələyən Rahim Qapanlı kəndinə düşmən hücumu zamanı özünü ora çatdırıb. Elə o qalan döyüş bölgəsində qalmağa qərar verib. Deyir ki, mən axı 2016-cı ildə özümə və dostlarıma söz vermişdim ki, müharibə başlasın, mən yarımcan olsam da vuruşacağam. Hərbi qayda-qanunlarını gözəl bilən peşəkar zabit R.Calalov vaxt itirmədən dərhal ərazidə yerləşən hərbi hissəyə - general-mayor Hikmət Həsənovun komandir olduğu korpusa yaxınlaşaraq, döyüşmək istədiyini deyir. Və onun əvvəlki xidməti təcrübəsini, əraziyə hərbi taktika baxımından yaxşı bələd olduğu nəzərə alınaraq, korpus komandirinin müavini polkovnik qəhrəman şəhid Babək Səmidlinin köməkçisi təyin olunur.

“Bismillahir-rəhmanir-rəhim” - deyərək, 2016-cı ildəki kimi döyüşə qatılır. Rahim deyir ki, rəhmətlik Babəklə, əsgərlərimizlə bağlı çox çətin günlərimiz oldu, çox. Sözlə ifadə edilməli deyil. Amma hamımızda çox böyük ruh yüksəkliyi vardı. Bəzən əsgərlərimizi saxlamaq mümkün olmurdu: yalnız irəli getmək və cənab İlham Əliyevin dediyi kimi, “düşmənin başını əzmək” əzmi hamımızın şüarı, arzusu və məqsədi idi.

Bu yerdə bir haşiyə çıxmalıyam. Мən Rahimlə ilk dəfə noyabrın 23-də telefonla danışdım və qərara aldıq ki, səhər danışaq. Amma danışa bilmədik. Rahimdən bir neçə gün xəbər-ətər çıxmadı. İki gün əvvəl danışanda bildim ki, o, rəhmətlik Babək Səmidlinin köməkçisi olub və polkovnik B.Səmidli minaya düşərkən lap yaxınlığında olub. Rahim acı kədərlə bildirdi: “Suqovuşandan gəlib səhəri sizə müsahibə verəcəkdik, səs yazısı göndərəcəydik. Babəkə bu barədə deyəndə o da söyləmişdi ki, Aytəkin Alxaslıya müsahibə vermək mənə xoş olar”.

Qayıdaq müzəffər ordumuzun cəsur oğullarından olan Babək Səmidlinin şəhid olduğu günə. Noyabrın 23-də Beynəlxalq Qızıl Xaç Komitəsi nümayəndələrinin Ermənistan FHN əməkdaşlarının, Rusiya sülhməramlılarının və Azərbaycan hərbçilərinin olduğu Suqovuşanda meyitlərin mübadiləsi aparılırdı. Rahim deyir ki, burada minaya düşən cəsur polkovnik Babək Səmidli şəhid oldu, Rusiya sülhməramlısı ağır yaralandı, ermənilərdən də yaralananlar oldu:

“Mən orda çox dəhşət yaşadım. Babəki təcili yardım maşını ilə xəstəxanaya çatdırdıq, döyüş dostum, komandirim xəstəxanada keçindi. Həmin vaxt Rusiyanın sülhməramlısını da tez Tərtər xəstəxanasına çatdırmalı idim, yoxsa namərd ermənilər bunu öldürüb yıxarlar həmişəki kimi Azərbaycanın üstünə. Xislətləri budur, bilirəm axı. Tez köməkləşib rusiyalı sülhməramlını “Pikap” hərbi maşınımıza qoyub Tərtərə çatdırdım. Yolda kefini soruşanda yarasından qan axdığını dedi və ayağını sarıtdırdım, iynə vurdurdum. Onu xəstəxanaya çatdıranda elə bildim çiynimdən dağ götürüldü. Çox rahatlaşdım. Amma ürəyim bir tərəfdən də əziz dostum, igid silahdaşım Babəkə görə qan ağlayırdı”.

Könüllü olaraq hərbi xidmətə qayıdan keçmiş peşəkar zabit Rahim Calalov bütün hərbçi yoldaşlarını indi dərin hörmətlə və kövrələ-kövrələ anır. Deyir ki, təbii ki, biz döyüşdə hörmətli general-mayor, Azərbaycanın Şanlı Ordusunun qaymaqlarından olan Hikmət Həsənovun tapşırıq və əmrlərini yerinə yetirmişik. Bu generalın döyüş taktikasını mən heç yerdə görməmişəm, valehəm onun incəliklərinə qədər – bütün sərtliyi ilə yanaşı hər birimizə aydın olan döyüş taktikasına. Bu, sadə ya mürəkkəb hərbi əməliyyat taktikası deyil. Biz sonradan bildik ki, bu – QƏLƏBƏ taktikası imiş.

Rahim Calalov indi tarixi qələbəmizə çox sevincəkdir. Amma gülən gözünün biri ağlayır. Əziz dostu, polkovnik Babək Səmidlinin şəhid olmağına çox üzülür. Rahim mənim xahişimlə döyüşdə onunla birgə olan videolar və şəkillərdən mənə göndərdi, təqdim edəcəyəm. Bu videolara baxanda adamın ürəyi ağrıyır. Təsəvvür edirəm, döyüşdə həmişə bir yerdə olan Rahimə necə pis təsir edib onun ölümü. Suqovuşanda çəkilən videonun birində Rahim polkovnik Səmidliyə deyir ki, ehtiyatlı ol, başın hərlənər, suya düşərsən.  Birində isə "şəhid olsaq, bir yerdə oljux (Dəhnə ləhcəsi ilə yəni – olacağıq). Belə videoların birində isə Rahim öz komandiri Babəklə zarafat edir. Aralarında belə dialoq gedir: "Söz verirsənmi mənə fərqlənmə verəsisən? Ha, yox. Cavabında Allah kərimdir" deyən mərhum polkovnik köməkçisinin “Söz verirsənmi?” təkrar sualına isə “Ölməyib sağ qalsam, verəcəm – deyir.

Adamın ürəyinin başına od düşür. Mənfur və son anda qorxaqcasına məğlub olan rəzil düşmənə belə igid oğullarımızı qətlə yetirdiyinə görə NİFRƏT edirəm. Bu korpus hərbçilərinin döyüş vaxtı çox şəkil və videoları sosial şəbəkələrdə paylaşılıb. Talış yüksəkliyinə Azərbaycanın üçrəngli bayrağını sancanlardan biri də Rahim Calalov olub. Rəhmətlik Babək Səmidlinin Suqovuşanda Rahimlə olan bir videosunu hətta Rusiyanın ermənipərəst elektron mediası da paylaşıb. Videoda Azərbaycan Prezidenti İlham Əliyevin “Madagiz”in adının Suqovuşanla əvəzlənməsindən “narahatlığı” ifadə olunur və Azərbaycan əsgərinin burada at oynatmasına "qısqanclıq" açıq-aydın sezilir. Bu, şərəfsiz erməni qonşularımızın həmişəki dəsti-xəttidir.

Rahim polkovnik Babək Səmidli ilə zarafatlarından, 5 illik dostluğundan danışanda bildirdi ki, mən 44 yaşımı 19 mart 2020-ci ildə əziz dostum polkovnik Babək Səmidlinin kabinetində - hərbçilərlə birgə yüngülvarı qeyd etmişəm. Onda mən arzumu demişdim ki, inşallah, Şuşaya Azərbaycan bayrağını sancaq. Sancdıq, nəinki Şuşaya, işğal altında olan daha bir neçə rayonumuza. Arzuma çatmışam. Mənə indi heç nə lazım deyil.

Sadə və emosional qəhrəmanımın sonuncu cümləsi rəhmətlik Babəklə etdiyi “fərqlənmə verəsisənmi?” – sözlərinə görədir. Deyir ki, 30 ildir erməninin aldığı torpaqlarımızı geri qaytarmağımız mənə elə ən yüksək təltifdir. Sadəcə, onunla gərginliyimizi azaltmaq üçün belə zarafat çox edirdik. Heyf o günlərdən… kaş ki, saatın əqrəbi geri qayıtsaydı....

Müsahibimi çox yordum. Rahim anası, Qəhrəman Ana Fatma xaladan da danışıb. “Anam “Anan össün” - deyərək məni çox ruhlandırırdı döyüşə. Onunla telefon danışığım da döyüş gedəndə sosial şəbəkələrdə yayılıb. Allah bütün anaları qorusun!!!”.

Müsahibim 44 günlük Vətən müharibəsi qazisi, iğid həmkəndlim 44 yaşlı Rahim Calalovun fikirlərini kağıza köçürdükcə, bu cəsur Azərbaycan zabitinin dəmir iradəsinə, səbrinə heyran oluram. Gözünün qabağında döyüş dostu şəhid olan, özünün şəhid olmamasına təəssüf edən Kiçik dəhnəli Rahimlə olan söhbətim belə sona yetir.

Məndə heç vaxr yerliçilik meyili olmayıb. Vaxtım, imkanım olsaydı, harada yaşamasından asılı olmayaraq bütün cəsur hərbçilərimizdən və şəhidlərimizdən yazardım. Hələliksə Kiçik Dəhnənin böyük ürəkli qəhrəmanını – Rahim Baba oğlu Calalovu sizlərə tanıtdım. Rahim isə öz komandiri, rəhmətlik qəhrəman polkovnik Babək Mətləb oğlu Səmidli haqqında məlumat verdi. Peşə borcuma sadiq qalaraq, Vətən oğulları barəsində qısa tanışlıq verdim. Amma ürəyimdə bir nisgil qaldı. Ağır bir nisgil. O da ali ŞƏHİD rütbəli polkovnik Babək Səmidli ilə baş tutmayan müsahibəmdi.

Aytəkin Alxaslı