06 avqust 2020 10:18
817

Qəbələ rayonunda Həzi Aslanov küçəsinə Polad Həşimovun adının verilməsi barədə məlumat həqiqətə uyğun deyil

Qəbələ Rayon İcra Hakimiyyətinin mətbuat üçün məlumatı

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələ şəhərində şəhid general-mayor Polad Həşimov adının Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı əsassız məlumatlar yayılır. Qeyd edək ki, Polad Həşimovun adı Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə verilib. Polad Həşimov küçəsi  başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək  davam edir.

Həzi Aslanov küçəsinin adı isə dəyişdirilməyib. Bu küçənin başlanğıc nöqtəsi Heydər Əliyev prospekti ilə kəsişmədən başlayaraq son nöqtəsi 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı həlak olmuş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə kompleksinədək uzanır.

Bir daha kütləvi informasiya vasitələrini və sosial media istifadəçilərini həqiqətə uyğun olmayan məlumatlar yaymamağa və ictimaiyyətdə çaşqınlıq yaratmaqdan yayınmağa çağırırıq.