29 yanvar 2019 20:57
230

Qəbələdə 657 arıçıya subsidiya verilməsi nəzərdə tutulur

Qəbələ rayonunda arıçılıqla məşğul olan 657 arıçıya saxladıqları 9670 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi nəzərdə tutulur. İlkin mərhələdə 205 arıçının təsərrüfatlarında olan 4243 arı ailəsinə identifikasiya kodu verilib və Respublika Komissiyasının qərarına əsasən, onlara 42 min 430 manat subsidiya ödənilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Şamil Osmanov məlumat verib.

O bildirib ki, arıçılara subsidiyanın verilməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli Sərəncamına əsasən həyata keçirilir. Sərəncamın icrası olaraq, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına 10 manat məbləğində subsidiya ödənilir.

“Növbəti mərhələdə daha 207 arıçının təsərrüfatlarında olan 3122 arı ailəsi identifikasiya kodu ilə təmin edilib və sənədlər hazırlanıb. Respublika Komissiyasında baxıldıqdan sonra həmin arıçılara da subsidiyanın ödənilməsi təmin ediləcək. Hazırda qalan arı ailələrinin də identifikasiya kodu ilə təmin olunaraq subsidiyanın verilməsi üçün zəruri işlər aparılır”, - deyə sektor müdiri bildirib.