16 avqust 2019 16:02
696

"Qəbələ"nin baş məşqçisi: Bu, bizi bir az narahat edir

"Artıq çempionatımız başlayır. Bacardığımız qədər "Sumqayıt"la oyuna hazırlaşırıq. Yoxlama oyunları keçirdik və avqustun 13-də Qəbələyə yollandıq. Zədəli futbolçuların olması bizi bir az narahat edir. Oyunçuların zədəsi bir az uzun çəkdi".

Bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının I turunda qarşılaşacaqları "Sumqayıt"la oyundan öncə deyib.

39 yaşlı mütəxəssis bildirib ki, heyətlərində yetəri qədər dəyişiklik olub və hazırda yaxşı komanda qurmağa çalışırlar: "Bizim üçün çox maraqlı olacaq. İşimiz daha çoxdur. Yeni oyunçuları öz oyun üslubumuza uyğunlaşdırmaq üçün zaman lazımdır. Amma görünən odur ki, futbolçular çalışırlar və istəklidirlər. Sabahkı qarşılaşma bizim üçün çox vacibdir. Çempionata uğurlu başlamaq istəyirik. "Sumqayıt" ciddi rəqibdir".

Qurbanov "Sumqayıt"ı ötən mövsüm Azərbaycan Kubokunun finalında məğlub etdiklərini xatırladıb: "Ölkə Kubokunun finalında onları 1:0 hesabı ilə məğlub etdik. Amma ötən mövsüm geridə qaldı. İnanmıram ki, hansısa komanda keçmişlə yaşasın. "Sumqayıt"ın da heyətində dəyişikliklər olub. Onlar bəzi oyunçularını komandada saxlaya bildilər. Rəqib də mövsümə uğurlu başlamaq niyyətindədir. Bu hər iki kollektiv üçün vacib oyundur. Maraqlı qarşıdurma olacaq. Çempionat uzun marafondur. Matçlara düzgün yanaşmaq lazımdır".

Gənc məşqçi yeni mövsümdə bacardıqları qədər irəli getmək istədiklərini söyləyib: "Yeni komandayıq, cavan oyunçularımız və yeni cəlb olunan legionerlərimiz var. Yaxşı kollektiv formalaşdırmaq niyyətindəyik. Uduzmaq hər zaman pisdir. Çalışırıq ki, işimizə pozitiv başlayaq, bunun üçün də yaxşı nəticələr əldə etməliyik".

Qurbanov əyalət təmsilçisində baxışda olan toqolu yarımmüdafiəçi Yaovi Akakpo və qanalı müdafiəçi Maykl Boakyedi ilə bağlı qərar verməkdiklərini deyib: "Onlar da, biz də tələsmirik. Ola bilər ki, yaxın günlərdə qərar verək. Kollektivlə məşq edirlər. Gəldikləri gündən fiziki durumları ürəkaçan deyildi. Artıq bizimlə ayaqlaşmağa çalışırlar. Məşqlərdə onlara baxırıq. Qarşıdakı günlərdə bu barədə açıqlama verəcəyik". 

Qeyd edək ki, avqustun 17-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Sumqayıt" oyunu saat 19:00-da başlayacaq.