08 aprel 2020 13:33
1682

Qədim Naxçıvanın daş yaddaşı - Qazma mağarası

Naxçıvan Muxtar Respublikasının ərazisi öz təbii coğrafi şəraitinə görə ölkəmizin digər yerlərindən fərqlənir. Bu fərq özünü karst relyef formasında göstərir. Belə ki, muxtar respublikanın ərazisi Kiçik Qafqaz ərazisində karst mağaralarının yayıldığı əsas yerlərdən biridir. Ərazidə qeydə alınan həmin mağaralar vaxtilə burada mövcud olmuş əlverişli iqlim şəraitinin təsiri nəticəsində formalaşıb. Elə məhz buna görədir ki, insanlar qədim dövrlərdən başlayaraq bu ərazidə məskunlaşıb və öz abidələrini yaradıblar.

Eramızdan 100-90 min il bundan əvvələ aid olan

arxeoloji abidə

Muxtar respublikanın ərazisindəki Kilid, Daşqala, Qazma kimi Daş dövrü abidələrinin hər biri Naxçıvanın daş yaddaşına çevrilməklə maddi və mənəvi mədəniyyətimizin öyrənilməsi sahəsində mühüm əhəmiyyət daşıyır. Bu abidələr yazıyaqədərki, həm də yazının meydana çıxmasından sonrakı tariximizi öyrənmək üçün əvəzsiz mənbələrdir. Muxtar respublikamızın ərazisindəki tariximizin daş yaddaşı olan Qazma mağarası belə abidələrdəndir.

Eramızdan 100-90 min il bundan əvvələ aid olan bu arxeoloji abidə nəinki Azərbaycan, həmçinin dünya arxeologiyasında insan məskəni kimi özünəməxsus yerə malikdir. Bu abidənin dünya arxeologiyası üçün müstəsna əhəmiyyət kəsb etməsini avropalı alim Henri dö Lümley də etiraf edib. 2002-ci il sentyabrın 7-dən oktyabrın 1-dək beynəlxalq “İNTAS-2000” proqramına uyğun olaraq, başda professor Henri dö Lümley olmaqla, Avropa ölkələrindən Bakıya gələn 22 alim Azərbaycanın qədim Daş dövrü abidələrindən olan Azıx, Tağlar, Qazma və digər düşərgələrdən tapılmış maddi-mədəniyyət qalıqları ilə tanış olduqdan sonra bu tapıntıların dünya arxeologiya, paleontologiya və paleoantropologiya elmləri üçün müstəsna elmi əhəmiyyət daşıdığını qeyd edib.

Naxçıvanda sənətkarlıq sahələrinin tarixinin qədim olduğunu sübut edən materiallar

Qazma mağarası Şərur rayonunun Tənənəm kəndindən 3 kilometr şimal-şərqdə, Araz çayından 17 kilometr aralıda, Arpaçaydan 14,5 kilometr uzaqlıqda, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Bu qədim yaşayış məskəni ilk dəfə 1983-cü ildə M.M.Hüseynov və Ə.Q.Cəfərovun rəhbərlik etdiyi “Paleolit” arxeoloji ekspedisiyasının muxtar respublikanın Ordubad və Şərur rayonları ərazisində apardığı kəşfiyyat işləri zamanı qeydə alınıb. Mağara girəcəkdə eni 6 metr və hündürlüyü 2 metr olan dəhliz şəklində uzanır və 2 qola ayrılır. Mağaranın qurtaracağı ilə girişi arasındakı hündürlük fərqi 10 metrə çatır. Burada 1987-1990-cı illərdə Ə.Q.Cəfərovun, 2008-2013-cü illərdə isə A.Ə.Zeynalovun rəhbərliyi ilə arxeoloji qazıntılar aparılıb. Aparılan tədqiqatlar zamanı abidədəki altı mədəni təbəqədən xeyli miqdarda arxeoloji materiallar tapılıb. Oradan tapılmış 17 mindən artıq heyvan sümüyü D.V.Hacıyev və S.D.Əliyev tərəfindən öyrənilib və onların 24 növ fauna qalığından ibarət olduğu, bəzilərindən əmək alətləri kimi istifadə edildiyi müəyyənləşib. Fauna qalıqları ilə yanaşı, abidədən tapılmış daş məmulatları da maraqlı arxeoloji materiallardandır. Daş məmulatının 780 ədədi dəvəgözü, 93 ədədi çaxmaq daşından, 1 ədədi isə tufdan ibarətdir. Dəvəgözü daşı yatağının Kəlbəcər dağlarında olmasına baxmayaraq, orada aparılan tədqiqatlar zamanı müəyyən edilib ki, mağara sakinləri tərəfindən bu daşlar Arpaçayın yataqlarından yığılıb. Abidədən əldə olunmuş daş məmulatları arasında istehsal tullantılarının tapılması mağara sakinlərinin burada daşdan müxtəlif alətlər hazırladığını göstərir. Əmək alətləri, əsasən, qaşovtipli alətlərdən və itiuclulardan ibarətdir. Onlar forma və xüsusiyyətlərinə görə Azıx və Tağlar Daş dövrü abidələrindən əldə olunmuş əmək alətləri ilə bənzərlik təşkil edir. Mağarada kiçik bir sahədə bir neçə ocağın mövcud olması Azıx adamları kimi, Qazma mağarasında da yaşayan ibtidai insanların oddan geniş istifadə etdiklərini və burada uzun müddət yaşadıqlarını göstərir. Bu abidədən tapılan arxeoloji materiallar Daş dövrünün bitki və heyvanat aləmi ilə yanaşı, insanların həyat tərzi, məşğuliyyət sahələri və sair haqqında məlumat verir. Mağaradan tapılan sümük qalıqlarının əksəriyyətinin iri heyvanlara məxsus olması göstərir ki, Mustiye mədəniyyəti dövründə Qazma sakinlərinin həyatında ovçuluq xüsusi yer tutub. Oradan əldə olunmuş işlənmiş daş və sümük materiallar Naxçıvanda daşişləmə və sümükişləmə sənətkarlıq sahələrinin tarixinin qədim olduğunu bir daha sübut edir.

Naxçıvan Muxtar Respublikasının ərazisindəki digər Daş dövrü abidələri kimi, Qazma mağarasında da aparılan arxeoloji tədqiqatların nəticələri sonda onu deməyə əsas verir ki, qədim və zəngin mədəniyyət mərkəzlərindən olan Naxçıvanda Daş dövründən etibarən mədəniyyətin formalaşması prosesi başlayıb, nəsillərdən nəsillərə keçərək zəngin mədəni dəyərlər yaradılıb.