06 aprel 2020 19:55
1408

Qədim Şərurun maddi-mənəvi dəyərlər xəzinəsi

Naxçıvan Muxtar Respublikasının Şərur rayonu qədim tarixə malikdir. Min illər boyu əcdadlarımız bu torpaqda ardıcıl həyat sürüb, zəngin mədəniyyət və dəyərlər sistemi formalaşdırıblar. Bəşər sivilizasiyasının ilkin dövrünün yadigarları olan Oğlanqala, Qazma mağarası, Ovçular təpəsi və Qız qalası kimi qədim yaşayış yerlərində aparılan tədqiqatların nəticələri Naxçıvan tarixinin öyrənilməsində yeni mərhələ təşkil edir. Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi də qədim bölgənin keçmişini yaşadan mühüm saxlanc yeri kimi diqqəti cəlb edir.

1978-ci ildə rayon mədəniyyət şöbəsinin nəzdində ictimai əsaslarla yaradılan muzey 1980-ci ildə ulu öndərimiz Heydər Əliyevin Tarix-Diyarşünaslıq Muzeylərinin yaradılması haqqında imzaladığı qərara əsasən dövlət müəssisəsi kimi fəaliyyətə başlayıb. Ötən dövrdə muzeyin fondu eksponatlarla daha da zənginləşdirilib. 2018-ci il dekabr ayının 20-də muzeyinin yeni binası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iştirakı ilə istifadəyə verilib.

Rayon ərazisində qədim insanların əmək fəaliyyətini və həyat tərzini əks etdirən, maddi-mədəniyyət nümunələri ilə zəngin olan muzey 3 mərtəbədən və 2 ekspozisiya zalından ibarətdir. Tarixin dərin qatlarından soraq verən muzeydə 7 min 300-dən çox eksponat qorunub saxlanılır. Muzeyin 2-ci mərtəbəsində yerləşən birinci ekspozisiya zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunan guşədə ulu öndərin ölkəyə rəhbərliyi dövründə Şərur rayonuna səfərləri zamanı çəkilmiş fotoşəkillər yerləşdirilib.

Digər bir guşədə sərgilənən eksponatlar eramızdan əvvəlki dövrlərə aiddir və Şərur rayonunun qədim tarixini özündə əks etdirir. Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən biri olan, Şərur rayonunun Dizə kəndi yaxınlığında yerləşən Eneolit və Erkən Tunc dövrlərinə aid edilən Ovçular təpəsi ən qədim yaşayış məskənlərindən biridir. Muzeydə həmin ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən eramızdan əvvəl V minilliyə aid saxsı küpə, qədim insanlar üçün inanc xarakteri daşıyan eramızdan əvvəl IV-III minilliklərə aid daş bütlər, eramızdan əvvəl IV-III minilliklərə aid daş əmək alətləri, daş dəstəklər, gürzlər, eramızdan əvvəl IV-II minilliklərə aid olan daş həvəngdəstə və digər eksponatlar yer alır. Ovçular təpəsində aşkar edilən boyunbağı Cənubi Qafqazda ən qədim zinət əşyası hesab olunur.

Şərur rayonu ərazisində yerləşən Qazma mağarasından aşkar olunan maddi-mədəniyyət nümunələri Orta Daş dövrünə, yəni təqribən 80-100 min il bundan əvvələ aid edilir. Həmçinin rayonda Oğlanqala, Qız qalası, Maxta Kültəpəsi və digər tarixi yerlər də bu ərazilərin ilk insan yaşayış məskəni olduğunu sübut edir. Bunun nəticəsidir ki, muzeydə tarixin bu dövrlərinə aid eksponatlar var. Digər bir guşədə nümayiş olunan eramızdan əvvəl III minilliyə aid olan tunc bilərzik də diqqətçəkən eksponatlardandır.

Bölgənin tarixi-mədəni inkişafında ən mühüm yerlərdən birini boyalı saxsı qablar tutur. Boyalı saxsı qablar polixrom və monoxrom boyalı saxsı qablar olaraq iki yerə bölünür. Burada hər iki vitrində nümayiş olunan, eramızdan əvvəl II minilliyə aid monoxrom boyalı naxışlı saxsı qablar həmin dövr dulusçuluğunun ən gözəl nümunələrindəndir. Qız qalası yaşayış yerindən aşkar olunmuş, tarixi eramızdan əvvəl II minilliyə gedib çıxan saxsı qablar, eyni zamanda incə sənətkarlıq xüsusiyyətləri ilə ərsəyə gətirilmiş saxsı küpələr və badyatipli gil qablar qiymətli eksponatlardandır.

Növbəti vitrinlərdə Tunc dövrünə aid məişət əşyaları nümayiş olunur. Eramızdan əvvəl II-I minilliklərə aid darboğazlı saxsı küpələr, saxsı qablar, daş möhür, gildən hazırlanmış insan fiquru və tunc silahlar olduqca maraqla qarşılanan eksponatlar sırasındadır.

Digər bir guşədə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şərur rayonuna səfəri zamanı çəkilmiş fotoşəkillər və burada söylədiyi aşağıdakı fikirlər yer alır: “Naxçıvanın çox qədim tarixi, zəngin mədəni irsi, gözəl ənənələri vardır. Bizim bütün bu tarixi keçmişimiz və milli dəyərlərimiz lazımi səviyyədə qorunur və bununla bərabər, müasir şərait, müasir infrastruktur yaradılır”.

Şərurun xanım-xatın nənələrinin min bir zəhmətlə ərsəyə gətirdikləri öz gözəlliyini və zərifliyini bu günədək qoruyub saxlayan, xalqımızın dünyagörüşünü, estetik bədii zövqünü özündə əks etdirən gözoxşayan xalçalar da muzeydə öz yerini alıb.

Mədəniyyət müəssisəsinin ikinci ekspozisiya zalının ilk guşəsində orta əsrlərə aid saxsı qapaqlı nehrə, saxsı küpə, XX əsrə aid saxsı ləyən sərgilənməkdədir. Növbəti vitrində XI-XV əsrlərə aid şirli və şirsiz saxsı və kaşı parçaları, saxsıdan hazırlanmış su borusu və qablar, dəmir nizə ucluğu və eyni dövrə aid olan işıqlandırma vasitələri – çıraqlar da ziyarətçilərin marağına səbəb olan eksponatlardandır.

Digər bir guşədə görkəmli rəssamımız İbrahim Səfiyevin ustalıqla yaratdığı “Avtoportreti”, həmçinin onun kətan üzərində yağlı boya ilə işlədiyi “Səyyar musiqiçi Hafiz”, “Çörək bişirənlər”, “Şəhərdə qış” adlı rəsm əsərləri ilk baxışda diqqəti cəlb edir.

Ölkəmiz tarixən misgərliyin mərkəzlərindən biri olub və bu sənət Şərur rayonu ərazisində də geniş yayılıb. Muzeydəki növbəti guşədə nümayiş olunan, XIX əsrə aid mis məişət əşyaları – mis kasalar, məşqəfə dəsti, mis badya, mis lüləyinlər və başqaları da öz gözəlliyi ilə seçilir.

Ərazi bütövlüyümüz, müstəqilliyimiz uğrunda öz canını fəda edən şəhidlərin fotoşəkilləri də muzeyin ən dəyərli guşələrindən biridir.

Növbəti guşədə də Şərur rayonu ərazisində bərpa olunan, yaxud yenidən qurulan, bir-birindən dəyərli tarixi-abidələrimizin fotoşəkilləri yer alıb. Onlardan XVIII əsrin sonlarında Yengicə kəndinin mərkəzində inşa olunmuş Şərq hamamı, XVII-XVIII əsrlərdə yaradılan Parçı (Xanlıqlar) İmamzadəsi və XIX əsrdə inşa olunmuş Cəlilkənd buzxanası diqqəti cəlb edir.