KÖŞƏ

Mənsumə Babayeva

Qərb təsisatlarının qeyri-qanuni aksiyaya “demokratiya donu” geyindirmək cəhdi və...

24 oktyabr 2019 19:46
2316

Oktyabrın 19-da  “Milli Şura”nın keçirməyə cəhd etdiyi qeyri-qanuni aksiya  ölkəmizə qarşı qərəzli olan beynəlxalq təşkilatlar və ermənipərəst dairələr üçün sanki göydəndüşmə hadisə oldu. Aksiyandan sonra təkcə radikal müxalifətin saxtakarlığı ortaya çıxmadı, eyni zamanda, bəzi beynəlxalq təşkilatların da ikili standartlardan çıxış etdiyi bir daha sübuta yetirildi. Elə Avropa İttifaqının (Aİ) sözçüsünün Bakıda aksiya keçirilməsinə cəhd ilə bağlı açıqlaması da məhz buna bariz nümunədir. Onu da qeyd edək ki, qeyri-qanuni aksiyaların və hüquqazidd əməllərin qarşısının alınması hər bir hüquqi dövlətdə olduğu kimi, Azərbaycanda da müvafiq hüquq-mühafizə qurumları tərəfindən təmin olunur. Aİ-yə  üzv ölkələrdə baş verən qanunsuz aksiya iştirakçılarına münasibətdə görülən tədbirləri hər kəs izləyir və görür ki, bu məsələyə münasibətdə bir qayda olaraq ikili standartlara yol verilir. Maraqlısı odur ki, tez-tez insan hüquqlarından danışan Avropa İttifaqına üzv dövlətlərin bir çoxunda keçirilən qanunsuz aksiya iştirakçılarına qarşı görülən tədbirləri hamı, o cümlədən Avropa, Qərb demokratiyasının heyranı olan bizim radikallar da yaxşı görürlər. Lakin bəzi Avropa qurumları, xüsusilə Avropa İttifaqı bu birliyə üzv ölkələrin ərazisində son zamanlar kütləvi hal alan iğtişaşlarda istifadə olunan güc tətbiqi, polis zorakılığı və insan ölümü halları barədə susurlar.

Heç də uzağa getməyək, bu yaxınlarda Fransada “sarı jiletlilər”in keçirdiyi aksiyaların, elə son günlər İspaniyanın Kataloniya regionunda mərkəzi hakimiyyətin əleyhinə keçirilən mitinqlərin polis tərəfindən qəddarcasına dağıdılması, atlarla və itlərlə dinc nümayişçilərə hücum edilməsi heç bir beynəlxalq qurum tərəfindən sərt təqdim edilməyib. Amma Aİ-nin üzvü olan həmin ölkələrdən fərqli olaraq, Azərbaycanda hüquq-mühafizə orqanlarının əməkdaşları öz işlərini peşəkarcasına yerinə yetirdiyi halda, bu qurum ölkəmizi hədəfə alıb. Bu isə bəzi Avropa qurumlarının, o cümlədən Avropa İttifaqının ikili standartlardan çıxış etdiklərini növbəti dəfə sübuta yetirmiş oldu.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “EURACTIV Network”də dərc olunan məqaləsində bildirib ki, Bakının mərkəzində icazəsiz mitinq keçirmək cəhdi birtərəfli və təhrif olunmuş formada təqdim edilib: “Aşırı güc tətbiq olunması və onlarla şəxsin saxlanması barədə bəyanatlar həqiqətə uyğun deyil”.

Bundan başqa H.Hacıyev qeyd edib ki, Azərbaycanda sərbəst toplaşma azadlığı tam təmin olunub: “Bu il oktyabrın 8-də həmin qrupun Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək müraciəti də təmin olunmuşdu. Amma onlar bunu günün hərəkətli vaxtında mərkəzi küçədə mitinqə çevirməyə çalışdılar. 19 oktyabr mitinqində Azərbaycan polisi peşəkar davranıb. Saxlanan şəxslər xəbərdarlıq alıb buraxılıblar. Heç kim xəsarət almayıb. Beləliklə, bəzi şəxslərin, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin polis tərəfindən xəsarət almaları barədə bəyanatlar yalandan başqa bir şey deyil”.

Şöbə müdiri Avropa paytaxtlarında dinc aksiyalar zamanı aşırı gücdən, o cümlədən rezin güllələrdən, eləcə də itlərdən istifadə olunması faktlarını xatırladaraq bildirib ki, bu mitinqin əsl hədəfi həddən artıq dramatikləşdirilmiş teatr səhnəsini göstərmək idi: “Bu fəaliyyət daxili və xarici ictimai dəstək almağa yönəlmişdi. Azərbaycan xalqı hakimiyyətin mənbəyidir və seçkilərdə iştirak edir. Demokratik və sabit inkişaf Azərbaycanın şüurlu seçimidir”.

Yaxşı olardı ki, başqalarına  “demokratiya dərsi” keçmək iddiasında olan bu dövlətlər  əvvəlcə öz daxili siyasətlərində demokratik hüquq və prinsiplərə  qanun çərçivəsində əməl etsinlər, sonra digər  dövlətlərə yol göstərsinlər. Axı, həmin ölkələrdə baş verənlərin heç biri Azərbaycanda keçirilən aksiyalarda baş vermir. Avropa Konvensiyasında təsbit olunmuş fundamental siyasi azadlıqların təminatına  da ciddi problemlər yaradan elə Qərb və  özlərini  Avropada  “demokratiyanın  beşiyi” hesab edən dövlətlərdir. Təəssüf ki, nə Avropa İttifaqı, nə Avropa Şurası, nə də Azərbaycan barəsində qərəzli bəyanatlar  yayan digər qurumlar bütün bu qanun pozuntuları barədə hələ də səslərini çıxarmırlar. Çünki siyasi riyakarlıqları buna imkan vermir.

Bütün bunları əsas götürərək qeyd edə bilərik ki, maraqlısı odur ki, haqq-ədalətdən dəm vuranlar niyə bir dəfə də olsun bir milyondan artıq  azərbaycanlının doğma ata-baba yurdlarından didərgin salınmasına, məcburi köçkün halına düşməsinə səslərini çıxarmırlar?  Niyə Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxındır ki, işğal altında saxlanılmasına etiraz etmirlər? Amma qeyri-qanuni aksiyaya “demokratiya donu” geyindirməklə məğşuldurlar. Göründüyü kimi, bu da onların ikili standartlar və siyasi riyakarlıq mərəzindən xilas ola bilməməsindən irəli gəlir.