08 fevral 2019 10:25
160

Qərbin yağlı tikəsinin həsrətində olan Ermənistana Rusiyanın “dəyənək” hədiyyəsi

Baş nazir seçilmək üçün küçələrdə gecələyən, hamıya “krantlardan su yerinə süd axacağını” söyləyən  Ermənistanın baş naziri Nikol Paşinyanın pafoslu nitqlərindən doqquz ay keçməsinə baxmayaraq hələ də vədləri havadan asılı qalıb, mitinq meydanlarında “paslanıb.”   Dekabrda keçirilən parlament seçkilərində Paşinyanın partiyasına səs verdikləri üçün ikinci dəfə aldandıqlarını dərk edən ermənilər yenə də  yoxsulluq içərisində çabalamaqda davam edirlər.

Siyasətin təkcə küçə yürüşlərində  səsucaldıcılar vasitəsilə  boğaz yırtmaqdan ibarət olmadığını anlayan, dilənçi payı,  nəzir-niyaz toplamaq üçün  üz tutduğu dövlətlərdən də  əliboş qayıdan Paşinyanın son çarəsi “Rusiya,  ya   Qərb” dilemması qarşısında seçim etməsidir. Amma çoxbilmiş quş dimdiyindən tora düşdüyü kimi, Paşinyan da   yalan və böhtan danışmağa adət etmiş dilinin qurbanı olub. Kremldə aparılan danışıqlarda  “ruspərəst olan” Paşinyan, Avropaya üz tutduqda  başqa  havaya oynayır. Onun məkrli siyasətini başa düşən tərəflər baş nazirdən  son qərarını açıqlamasını tələb edəndə də “mulatam” deyir.

Xülasə, baş nazirin “iki stula yiyələnmək” şansının az olduğunu Almaniyaya  ikinci səfəri də sübut etdi. Ermənistan parlamentində  “Çiçəklənən Ermənistan” fraksiyasını təmsil edən Arman Babacanyan bildirir ki,  xarici ölkələrə səfərləri zamanı  əlində investisiya yönümlü paketi, yaxud  birgə əməkdaşlıq üçün  fəaliyyət proqramı olmayan Paşinyanın heç əvvəldən  iqtisadi inkişaf konsepsiyası  olmayıb. “Qüdrətli Ermənistan” barədə səslənən illüziyalar Paşinyanın “gözbağlayıcılıq məharətinin”  görüntüsüdür.  İqtisadi böhranın davam etdiyi indiki zamanda cəlbedici və tərəflər  üçün səmərə verən, layihə və  inkişaf perspektivi olmayan ölkə ilə hansı dövlət  əməkdaşlıq edər? O ki qaldı almanlara, iqtisadiyyatın dəqiq məntiq və nəticəsinə üstünlük verən almanlar ölkəsində heç bir islahat aparmayan dövlətə bir marka belə güzəşt etməzlər. Belə ki, “Ermənistanın gələcəyi naminə çalışdığı” görüntüsü yaratmaq istəyən Paşinyanın boşuna  vaxt sərf etdiyini artıq hamı bilir. Rusiyanın soyuq  münasibətindən donan,   bütün hallarda öz mənafeyini düşünən  Avropa dövlətləri rəsmilərinin  sərt rəftarından çəkinən Paşinyanın özü üçün “mülayim  iqtisadi iqlimə malik” məkan axtarmaq cəhdi  baş tutmur. Hakimiyyətə gələn kimi  qarşıdurma yaratmaqda  mahir olduğunu  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) törətdiyi  münaqişə ilə bildirən Paşinyana bu qurumda da  etibar və etimad demək olar ki, tükənib. Bu, “inamın sıfırlaması” ölkə əhalisinin  baş nazirə  etimadsızlığı ilə də  özünü göstərir. Baş nazir seçildiyi gündən “Qarabağ klanı”na qarşı yaratdığı qarşıdurmadan başqa yadda qalan elə bir fəaliyyətinin olmadığını etiraf edən,  Azərbaycana məxsus mənəvi dəyərləri oğurlamaqla  özününküləşdirən ermənilər “köhnə hamam, köhnə tas” deyirlər.   Almanlardan istədiyi maddi dəstək əvəzinə  tövsiyələr alan Paşinyan boş əllə nə edəcəyini bilmədiyi  üçün dost, müttəfiq seçməkdə də yanlış yol tutduğunu dərk edir.

Cənubi Qafqazın digər  ölkəsi olan Azərbaycanla daha geniş əməkdaşlıq edən Almaniyanın Ermənistana qarşı  biganəliyini  baş nazirin siyasətdə  geri qalması kimi dəyərləndirən erməni politoloqları Paşinyanın bütün görüşlərinin fiaskoya uğradığını ölkələrinin gələcəyini gözləyən qaranlıq məqamlar kimi dəyərləndirirlər. Üstəlik Almaniyanın dəfələrlə səsləndirdiyi “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir” rəsmi açıqlamaları  da  Berlinin Ermənistana ciddi tövsiyəsidir. Davos İqtisadi Forumunda iştirak edən dövlət və hökumət başçılarının baş nazirə biganə münasibəti də təsdiqləyir ki, işğalçılıq siyasətini davam etdirən Ermənistan üçün   Qərb sərmayələrini cəlb etmək ancaq xəyal ola bilər.

Ən əsası isə  ABŞ rəsmilərinin İrəvana səfərlərindən sonra  Ermənistana sərt üzünü göstərən  Rusiya  forpostuna verdiyi qazın qiymətini qaldırmaqla kifayətlənməyəcək, başqa  cəza tədbirləri də görəcək.

Xuraman İsmayılqızı, “İki sahil”