14 may 2019 10:27
68

Qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr ikili yanaşmanın göstəricisidir

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov İkisahil.TV-yə açıqlamasında bildirdi ki, Azərbaycanın dünya arenasında böyük nüfuza sahib olması qərəzli təşkilatların diqqətindən kənarda qalmır. Qərbin müxtəlif təşkilatları ölkənin demokratik dəyərlərinə kölgə salmağa çalışırlar. Hazırda ölkəmiz mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final qarşılaşmasına ciddi hazırlaşır. Təəssüf ki, ölkəmiz bu mühüm qarşılaşmaya ciddi hazırlıq prosesində olduğu bir vaxtda Qərbdəki bəzi məkrli qüvvələrin çirkin qarayaxma kampaniyaları ilə üzləşib. Budəfəki kampaniyada ölkəmiz əleyhinə qərəzli və reallıqdan uzaq subyektiv mülahizələrin irəli sürülməsi, beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmaması barədə yanlış təsəvvürlərin formalaşdırılmasına çalışılır. Azərbaycanın son illərdə ev sahibliyi etdiyi digər mötəbər idman yarışlarının iştirakçıları ölkəmizdə idmançılar və komandaların üzvləri üçün ideal şəraitin yaradıldığını bildiriblər. Bütün bunlar Azərbaycan əleyhinə səsləndirilən ittihamların əsassız olduğunu ifadə edən faktlardır.

Görünən odur ki, Azərbaycanın gücü, üstün potensialı, ölkə başçısının müstəqil siyasəti, müxalifətin xalqın etimadını qazana bilməməsi daxildəki və xaricdəki məkrli qüvvələrə istədikləri planları həyata keçirməyə imkan vermir və bundan sonra da verməyəcək.

R.Göyüşov qeyd etdi ki, dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri də gənclər siyasətidir. Gənclərə diqqət və qayğı hər il daha da artır və konkret nəticələrlə müşayiət olunur. Xüsusilə gənclərin intellektual səviyyəsinin artırılması, elmə, təhsilə yiyələnmələri, peşəkar kadrlar olaraq yetişmələri üçün ardıcıl layihələr həyata keçirilir. Həmçinin R. Göyüşov xüsusi olaraq qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının gənclərlə işin təşkili istiqamətində xüsusi diqqət ayırdığı sahələrdən biri də gənclərdə vətənpərvərlik hisslərinin daha da artırılması, təbliğ edilməsidir. Rayon təşkilatının bu mövzuda keçirilən bütün tədbirlərində Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz ədalətli həllini tapması fikirləri qəti şəkildə vurğulanmışdır. Müharibə şəraitində olan və torpaqlarının 20 faizi işğal altında olan bir ölkənin vətəndaşlarının hər zaman vətənpərvərlik hissləri ilə öz dövlətinin haqlı mövqeyini müdafiə etmək iqtidarında olması önə çəkilmişdir. İnformasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bütün dünyada, həm də informasiya müharibəsinin getdiyini nəzərə alsaq vətəndaşlarımız, xüsusilə gənclərimiz daha çox maarifləndirilməli, onlara daim ayıq-sayıq olmaları, elmli, savadlı gənclik olaraq yetişmələri aşılanmalıdır. R.Göyüşov vurğuladı ki, 2013-cü ildən etibarən YAP Binəqədi rayon təşkilatının bineqediyap.org.az” rəsmi internet saytı fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd müasir texnologiya vasitələrindən səmərəli istifadə edərək partiya üzvlərinə və vətəndaşlara operativ məlumatlar çatdırmaqdır. Saytda dünyada baş verən hadisələr, ölkəmizdə həyata keçirilən uğurlu islahatlar, sosial-iqtisadi, siyasi, mədəni və s. sahələrdə əldə edilən nailiyyətlər ictimaiyyətə geniş təqdim edilir. Müasir dövrümüzdə təbliğat vasitələrindən biri kimi sosial medianın həyatımızda rolu getdikcə artır. Artıq insanlar xəbərləri mətbuatla yanaşı, həm də sosial media, müxtəlif sosial şəbəkələr vasitəsilə də alır və ötürürlər. YAP Binəqədi rayon təşkilatı da informasiya-kommunikasiya vasitələrinin sürətli inkişafı və günün tələblərindən irəli gələrək öz fəaliyyətini KİV-lərlə yanaşı, sosial media vasitəsilə də üzvlərinə və cəmiyyətə çatdırır. Hazırda bir çox sosial şəbəkələr içərisində işgüzar mühitin daha çox və fəal istifadə etdiyi “Facebook” sosial şəbəkəsidir. Burada rayon təşkilatının “Binəqədi YAP qrupu” uğurla fəaliyyət göstərir və qrupun üzvlərinin sayı günü-gündən artır. Hal-hazırda qrup 19000-ə yaxın üzvü öz ətrafında birləşdirir. Qrup vasitəsilə təşkilatın üzvləri ilə daim ünsiyyət saxlanılır, əlaqələr gücləndirilir, müxtəlif mövzular və layihələrlə bağlı müzakirələr aparılır. Nəticələrə əsasən YAP Binəqədi rayon təşkilatı sosial şəbəkələr üzrə ən aktiv və uğurlu fəaliyyətinə görə respublika üzrə birinci yerdədir. Təbii ki, bütün bunlar rayon təşkilatında sosial şəbəkələrlə işin yüksək səviyyədə qurulması, gənclərin debat aparmaq qabiliyyətinin olması, müxtəlif məsələlərlə bağlı fikir mübadiləsinə, müzakirələrə açıq olması onların yüksək potensialından və bu işə məsuliyyətlə yanaşmalarından irəli gəlir.

Şəmsiyyə Əliqızı, “İki sahil”