25 iyun 2019 17:32
1330

Qəribli kəndində görüş - FOTO

Milli Məclisin deputatı, Yeni Azərbaycan Pariyası (YAP) Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov Qəribli kəndində yaşayan seçicilərin nümayəndələri ilə görüşüb.

Cavid Osmanov son 15 il ərzində Azərbaycanda görülən işlərdən və əldə olunan uğurlardan danışaraq bildirib ki, dünya birliyinin layiqli üzvü olan müstəqil Azərbaycan bu gün ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində modern inkişaf yolunda inamla irəliləyir. Azərbaycanın regionun lider dövləti olduğunu qeyd edən Cavid Osmanov son illər ərzində ölkədə görülən işlərdən söhbət açaraq bildirib ki, reallaşdırılan məqsədyönlü siyasət sayəsində Azərbaycan bütün sahələrdə böyük uğurlara nail olub: “Bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının təxminən 71 faizi Azərbaycanın payına düşür. Ötən 15 ildə Azərbaycan həmçinin strateji valyuta ehtiyatlarını dəfələrlə artıraraq 44 milyard dollara çatdırmağa nail olub.

Bu faktlar Azərbaycanı kifayət qədər böyük potensiala və gücə malik dövlət kimi səciyyələndirir. Son 15 ildə reallaşdırılan məqsədyönlü siyasət sayəsində respublikanın iqtisadi müstəqilliyinin təmin olunması, maliyyə imkanlarının genişləndirilməsi Azərbaycanın özünəinam hissini artırır və ölkənin siyasi müstəqilliyini təmin edir. Bu gün Azərbaycan regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü aktora çevrilib. Təsadüfi deyil ki, respublikamız regionda qlobal əhəmiyyətli əksər layihələrin moderatoru rolunda çıxış edir. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Ölkənin qarşısında yeni hədəflər, yeni məqsədlər dayanır. Biz daha güclü Azərbaycan qurmaq üçün daha böyük əzmlə, səylə çalışmalıyıq. Biz gələcəyə baxmalıyıq. Perspektivlə bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib ki, növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Məqsəd dövlətimizin daha da gücləndirilməsi, xalqın rifah halının daha da yüksəldilməsidir.”

Görüşdə çıxış edən kənd sakinləri Nicat İsmayılov, Seymur Cabbarzadə, Vaqif Hüseynov, İkram İbrahimov, Rəfi Xəlilov, Aidə Cavadova və Dəyanət Quliyev bildiriblər ki, ölkəmiz durmadan inkişaf edir, insanların sosial rifahı ildən-ilə daha da yaxşılaşır. Ağdaşlılar hər zaman cənab İlham Əliyevin ətrafında sıx birləşiblər və bundan sonra da bu belə olacaq.

Sonda C.Osmanov seçiciləri maraqlandıran sualları cavablandırıb.

Orxan Vahidoğlu, “İki sahil”