22 iyul 2019 19:58
1250

Qeyri-neft sektoru: gəlirlər 2 milyard manatı ötüb

Azərbaycanda son on beş ildə aparılan düzgün siyasət, eləcə də 2016-cı ildə ölkə başçısının rəhbərliyi ilə hazırlanan və təsdiq olunan Strateji Yol Xəritəsində nəzərdə tutulan genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, inqilabi islahatların davamlı xarakter alması iqtisadiyyatın sürətlə böyüməsində mühüm amilə çevrilib. Ölkə başçısının məqsədyönlü siyasəti respublikamızın yeni inkişaf mərhələsinə keçməsinə, vətəndaşlara xidmət istiqamətində səmərəli və şəffaf, müasir idarəetmə modelinin, vətəndaş-dövlət münasibətlərində yeni düşüncə tərzinin, kadr potensialının formalaşdırılmasına, səmərəli dövlət idarəetməsinə zəmin olmuşdur.

Aparılan islahatların nəticəsində Azərbaycan iqtisadiyyatı 2017-ci ildə sabitləşdi, 2018-ci ildə isə dinamik artım mərhələsinə qədəm qoydu ki, bunun ən mühüm göstəriciləri cari ilin birinci rübündə özünü göstərdi.  Belə ki, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 3,6 faiz  yüksəlib. Əhalinin gəlirləri 5,5 faiz artıb, 2,1 faiz səviyyəsində qalıb. Azərbaycan iqtisadiyyatına ötən rüb ərzində ümumilikdə 2,8 milyard dollar sərmayə qoyulub ki,  onun da 2 milyardı məhz qeyri-neft sektoruna yönəlib.Cari ilin birinci rübündə büdcə daxilolmaları ciddi şəkildə, yəni, təxminən 200 milyon manatdan çox artıb. Bütün bu amillər heç şübhəsiz vətəndaşların rifah halının yüksəlməsinə şərait yaradıb, minimum əməkhaqqı və pensiyalar təxminən 40 faiz, məcburi köçkünlərə verilən müavinətlər 50 faiz, sosial müavinətlər isə orta hesabla iki dəfədən çox artıb. 

Reallaşdırılan islahatlar çərçivəsində vergi sisteminin liberallaşdırılması, investorların hüquqlarının etibarlı qorunması, bu sahədə dövlət siyasətinin sahibkarlığın inkişafı, daxili və  xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi baxımından qurulması, zəngin xammal bazasının mövcudluğu, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində irimiqyaslı layihələrin reallaşdırılması, bütövlükdə əlverişli biznes mühitinin yaradılması respublikamızın xarici investorlar üçün cəlbediciliyini daha da artırıb. 

Son illər sənaye parklarının və zavodların, aqroparkların yaradılması qeyri-neft sektorunun inkişafına güclü təkan verib. Bu məqsədlə ölkədə sahibkarlığın, biznes fəaliyyətinin inkişafı və stimullaşdırılması ilə əlaqədar investisiyaların təşviqinin əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır.

Görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2019-cu ilin birinci yarısında qeyri-neft sektorunun gəlirlərinin ümumi həcmi 70,1 faiz, yaxud 2,245 milyard manat təşkil edib. Bu, da ötən ilin birinci yarısındakı göstəricidən 14,3 faiz çoxdur.

Respublikamızda sosial-iqtisadi sahələrdə əldə edilən müsbət göstəricilər zaman-zaman nüfuzlu beynəlxalq reytinq təşkilatlarının hesabatlarında da öz ifadəsini tapır. Dünyanın aparıcı “Fitch”, “Moody’s” və “Standard & Poor’s” reytinq agentlikləri, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi nüfuzlu təşkilatların hesabatlarında Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, o cümlədən ölkəmizdə investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi məsələləri müsbət qiymətləndirilir.

Dövlət başçısının siyasi iradəsi və müəllifliyi ilə  həyata keçirilən iqtisadi və institusional islahatlara beynəlxalq təşkilatlar yüksək qiymət verir. Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilib və ən çox islahat aparan ölkə kimi elan olunub. Hesabata əsasən, Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.

Zahid Rza, “İki sahil”