19 yanvar 2021 15:10
456

Qırğızıstan “Pfizer” peyvəndindən imtina edir

Qırğızıstan “Pfizer” peyvəndinin saxlanılması üçün soyuducu çatışmazlığı səbəbindən ondan imtina edəcək.

"İki sahil" xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Alımkadır Beyşenəliyev bildirib.

"Bizə Amerika “Pfizer” peyvəndi təklif edildi. Ancaq peyvənd mənfi 70 dərəcədə saxlanmalıdır. Bizə bir milyondan çox doza pulsuz vermək istəyirdilər. Onları gətirmək, saxlamaq və vaksinasiya üçün xüsusi soyuduculara ehtiyacımız var. Ancaq bizdə belə soyuducular yoxdur”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, bu temperaturu qoruya bilən bir soyuducu təxminən 4 min dollardır: "Pfizer peyvəndini təmin etmək üçün materiallara daha 2 milyon dollar lazımdır. Ölkənin büdcəsində bu vəsait yoxdur".

Beyşenəliyev, həmçinin bildirib ki, Qırğızıstan Rusiya peyvəndinin tədarükü üçün danışıqlar aparır. Rusiya peyvəndi 2-18 dərəcə arasında temperaturda saxlanılır.

Qeyd edək ki, Qırğızıstanda koronavirusa ilk yoluxma halları 2020-ci ilin mart ayında aşkar edilib. Ümumilikdə, ölkədə 83 268 COVID-19 infeksiyası qeydə alınıb, 1390 nəfər ölüb.