23 iyul 2019 20:53
664

Qırğızıstan-Tacikistan sərhədində vəziyyət normallaşıb

Qırğızıstan-Tacikistan sərhədində vəziyyət normallaşıb. AZƏRTAC Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, Qırğızıstan Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, iki ölkənin sərhədyanı bölgələrində yaşayan əhalini sakitləşdirmək üçün Xidmətin sədri Ularbek Şarşeyev və Tacikistanın rəsmi şəxsləri insident yerinə gəliblər.

Verilən məlumata görə, iyulun 22-də, qırğız tərəfinin iddia etdiyinə görə, sərhəd bölgəsində Tacikistan tərəfindən odlu silahla atəş açılıb və nəticədə Qırğızıstan Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Hər iki tərəfdən sərhədçilər yüksək döyüş hazırlığı vəziyyətinə gətiriliblər. Bundan başqa, İsfara-Vorux avtomobil magistralında nəqliyyatın hərəkəti dayandırılıb. Tacikistan vətəndaşları İsfana-Batken yolunu da bağlayıblar. İnsidentin səbəbi Tacikistanın İsfarin rayonunun Vorux kəndinin sakinlərinin əvvəllər “Ak-Say” lövhəsi olan yerdə bayraqlar sancması olub. Bu, qırğızları hiddətləndirib və hər iki tərəf bir-birinə daş və odlu silahlardan atəş açmağa başlayıb. İnsident nəticəsində 14 nəfər xəsarət alıb. Onların arasında sərhədçilər və polis əməkdaşları da var.