13 may 2019 16:05
372

“Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri məlum olub

Mədəniyyət Nazirliyi 2009-cu ildən etibarən hər iki ildən bir yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədilə “Qızıl Kəlmə” ədəbi mükafatını keçirir.

Nazirlikdən bildirilib ki, növbəti dəfə mükafata əsərlərin qəbuluna ötən ilin avqust ayında başlanıb və bu ilin martın 29-da qəbul yekunlaşıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 58 əsər təqdim edilib.

Akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, professorlar Nizaməddin Şəmsizadə, Telman Cəfərov, filologiya elmləri doktoru Vaqif Yusifli, “Ədəbiyyat” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan və filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimovadan ibarət “Qızıl Kəlmə” ədəbi mükafatı komissiyası tərəfindən bütün əsərlər oxunub və hər nominasiya üzrə seçilən əsərlər qiymətləndirmə cədvəlində xüsusi işarə ilə qeyd edilib. Daha sonra komissiyanın yekun iclasında nəticələr səsə qoyulub və 5 nominasiya üzrə seçilən əsas mükafatlarla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb.

2018-2019-cu illər üzrə “Qızıl Kəlmə” ədəbi mükafatının nəsr nominasiyası üzrə qalibi Şərif Ağayarın “Arzulardan sonrakı şəhər”, Mübariz Örənin “Balıq gülüşü”, poeziya nominasiyası üzrə Salam Sarvanın “Heykəl tənhalığı”, Vaqif Bəhmənlinin “Qansız savaş”, İbrahim İlyaslının “Şair olmaq zülmdü” kitabları olub.

Ədəbi tənqid və publisistika nominasiyası üzrə Yaqub Babayevin “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)”, Abid Tahirlinin “Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabları, orijinaldan bədii tərcümə nominasiyası üzrə Vilayət Hacıyevin Haynrix Böllün “Kişisiz ev”, Seyfəddin Hüseynlinin Culian Barnsın “Aqibət duyğusu” romanları seçilib.

Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə Reyhan Yusifqızının “Dostum Mimi”, Solmaz Amanovanın “İlmənin macəraları”, Rafiq Yusifoğlunun “Nağıl qapısı” kitabları qalib olub.

Həmçinin “Qızıl Kəlmə” ədəbi mükafatı çərçivəsində “Şans” ödülü Şahanə Müşfiqin “Şahanənin nağılı”, Sadıq Qarayevin “Sahibsiz kölgələr” kitablarına təqdim olunacaq.

Qeyd edək ki, mükafatın təqdimatı mayın 17-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Qaliblərə diplom, pul mükafatı və xüsusi plaket hədiyyə ediləcək.