31 yanvar 2019 12:13
240

Qızılca, məxmərək və suçiçəyi fərqli əlamətlərə malikdir

İnfeksion xəstəlik olan suçiçəyi, qızılca və məxmərək səpgili olduğuna görə bir-birinə bənzəyir. Lakin onların arasında ciddi fərqlər var.

Paytaxtdakı 26 nömrəli Birləşmiş Uşaq Xəstəxanası uşaq poliklinikasının həkim-infeksionisti Aytən Ziyadova AZƏRTAC-a deyib: “Suçiçəyi səpgiləri tək-tək əmələ gəlsə də, hər birinin ucunda suluqlar olur. Həmin səpgilər saçın dibi, selikli qişa, ağız boşluğu və gözün içərisinə də çıxa bilər. Qaşıntılı olan səpgilər bütün bədəni bürüyür.

Qızılcada isə proses tam fərqlidir. Qızılcanın xarakterik xüsusiyyəti isə qrip əlamətləri ilə başlayır, işığa baxa bilməmə, ağızda, yanağın iç səthində ağ ləkələrin olması diaqnostika üçün əhəmiyyətlidir. Həmin xəstəlik zamanı səpgilər əvvəlki dövrdə üç-dörd gün uşaqda yüksək qızdırma olur və sonra səpgilər başlayır. Səpgi əvvəlcə üzdə, ikinci gün bədəndə, üçüncü gün ayaqlarda olur. Qızılca çəhrayı səpgilərlə başlasa da, sonradan qırmızıya çevrilir”.

O, məxmərək xəstəliyi haqqında isə bunları söyləyib: “Qızılcadan fərqli olaraq məxmərək zamanı xəstənin yüksək hərarəti olmur. Xəstəliyin əvvəlində uşağın hərarəti bir qədər qalxır, ümumi zəiflik, bəzən burun tənəffüsünün çətinləşməsi, zökəm, öskürək əmələ gəlir, ənsə və arxa boyun limfa vəziləri böyüyür. İştahasızlıq, qızdırma, başağrısı baş verir. Daha sonra, əvvəlcə sifətdə, sonrakı bir neçə saat ərzində isə bütün bədənə yayılan 5-10 mm ölçüsündə olan qırmızımtıl ləkələr şəklində səpgilər əmələ gəlir. 2-3 gündən sonra səpgilər heç bir iz qoymadan yox olur. Məxmərək zamanı ənsə və boyundakı limfa düyünlərinin əllənməsi mühüm diaqnostik əlamət daşıyır”.

Həkim-infeksionist onu da qeyd edib ki, uşaq vaxtı aparılan peyvənd həmin xəstəliklərin qarşısını alır.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib: “Ölkəmizdə yalnız suçiçəyinə qarşı peyvənd aparılmır. Lakin buna baxmayaraq, ötən illərlə müqayisədə xəstəliyə yoluxanlar arasında artım nəzərə çarpmır”.

Onun verdiyi məlumata görə 2008-ci ildən ölkəmizdə məxmərək xəstəliyi yoxdur. Ötən ilin noyabr və dekabr aylarından etibarən qızılca xəstəliyi yayılmağa başlayıb. Xəstəliyin qonşu Gürcüstandan keçdiyi güman edilir və peyvənd edilməyən 18-40 yaşlılar arasında təsadüf olunur. Onların peyvənd olunması üçün 160 min doza vaksin mart ayında Azərbaycana gətiriləcək.