23 iyun 2020 17:18
550

Qondarma “seçkilər” işğalçı Ermənistanın növbəti siyasi şousudur

Tarixə nəzər yetirsək görərik ki, II Dünya müharibəsindən sonra dünya dövlətləri, belə bir çətin vəziyyətlə ilk dəfədir ki, üz-üzə qalıb. Belə ki, dünya dövlətləri və xalqları hal-hazırda bütün digər dərd-sərlərini kənara qoyaraq, ümumi və gözəgörünməz düşmən olan COVID-19-a qarşı birgə mübarizə aparırlar. Bəşəriyyətin sınağa çəkildiyi və Azərbaycanın da dünya ilə həmrəylik nümayiş etdirdiyi bir vaxtda isə Ermənistan yenə də öz məkrli siyasətindən əl çəkmir. Belə ki, “koronavirus bəlasından ən tez necə qurtula bilərik?”, - deyə dünyanın ürəyinin tək bir arzu ilə çırpındığı zaman kəsiyində Ermənistan nəinki bu qorxunc virusla mübarizə aparmaq məsələsində ümumi axının əksi istiqamətində hərəkət edir, hətta Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda “seçkilər” keçirməklə sözün əsl mənasında şou göstərir. Bu addım, heç şübhəsiz, belə bir vaxtda Azərbaycana qarşı deyil, eyni zamanda, beynəlxalq aləmə meydan oxumaq deməkdir. Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “seçkilər” keçirməsi beynəlxalq hüquqa zidd olmaqla bərabər, regionda sülhə və inkişafa ən böyük təhdiddir. Baş verənlər bir daha göstərir ki, təcavüzkar Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarında iştirak etməsi  sadəcə görüntü xarakterlidir və onun əsl niyyəti status-kvonu saxlamaqdır. Qeyd etməliyik ki, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yeni bir pozuntu təşkil edən bu qanunsuz “seçkiləri” heç bir beynəlxalq təşkilat və ölkə tanımayıb. Kimin hansı münasibətdə olmasından asılı olmayaraq,  Ermənistan tərəfindən “seçkilər” adı verilən bu hadisə beynəlxalq hüquqa, insan haqlarına, dövlətlərin ərazi bütövlüyü prinsipinə və nəhayət mehriban qonşuluq və dostluq anlayışlarına kəskin şəkildə ziddir. Bu “seçki” şousu artıq bütün dünya tərəfindən pislənib. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər, nüfuzlu KİV-lər və görkəmli şəxsiyyətlər bu “seçkiləri” məqsədli təxribat, Qafqazda sülh və sabitliyə yönəldilən məsuliyyətsiz siyasi addım, münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı ciddi əngəl, beynəlxalq hüquq normalarına təhdid kimi dəyərləndirmişdir. Saxta “seçkilər”dən dərhal sonra Avropa İttifaqı, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər mötəbər beynəlxalq qurumlar işğalçı Ermənistanın təxribatçı fəaliyyətinə qarşı etiraz səslərini ucaltdılar. O cümlədən Türkiyə, Böyük Britaniya, Estoniya, Latviya, Moldova, Serbiya, Almaniya, İtaliya, Ukrayna, Gürcüstan, İran və digər bir çox ölkələr bu “seçkiləri” tanımadıqlarını rəsmi şəkildə bəyan etdilər. Bəyanatlarda xüsusilə qeyd olundu ki, qondarma “seçkilər” Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qızışmasına təsir göstərə biləcək siyasi addımdır.

Qeyd etdiyimizi kimi bir çox ölkəllərin rəsmi nümayəndələri, siyasi və qeyri-hökumət təşkilatları məsələ ilə bağlı bəyanat vermişdir. Onların bir neçəsinə nəzər salaq:

Azərbaycanın Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı bəyanatında deyilir ki, Ermənistan tərəfindən ərazilərin işğalının və bu ərazilərdə etnik təmizləmənin davam etdiyi bir vaxtda Dağlıq Qarabağda “seçkilər”in keçirilməsi Azərbaycan Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən BMT Nizamnaməsinin, ATƏM-in 1975-ci il Helsinki Yekun Aktının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır və bu baxımdan heç bir hüquqi qüvvəyə malik deyildir;

Avropa İttifaqının (Aİ) Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “prezident və parlament seçkiləri” ilə bağlı bəyanatında bildirilir ki, qurum 2020-ci il martın 31-də Dağlıq Qarabağda “seçkilərin” keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır;

Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsindəki görüşlərin keçirildiyi bir dövrdə işğal altındakı torpaqlarda saxta “seçkilər”in təşkil olunması sülh yolu ilə uzunmüddətli həllə yönəldilən cəhdlərə zərbə vuran bir təhrikdir. ATƏT-in Minsk qrupu daxil olmaqla beynəlxalq ictimaiyyəti bu “seçkiləri” tanımamağa çağırırıq;

ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyi isə belədir: “Həmsədrlər bu “seçkilər”in nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmirlər. Nəticələrin heç bir halda Dağlıq Qarabağın son statusuna və ya davam edən danışıqların nəticəsinə, münaqişənin davamlı və dinc yolla həllinə təsir göstərməyəcəyini bəyan edirlər”. NATO, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar da ATƏT-in Minsk qrupu ilə tamamilə eyni mövqedədirlər.

Dağlıq Qarabağda keçirilmiş qondarma “parlament və prezident seçkiləri” Bosniya və Herseqovina ziyalılarını da hiddətləndirmişdir. Bu barədə məqalə dərc etdirən “İntellektuallar Assosiasiyası”nın prezidenti Adil Kulenoviç baş vermiş bu qanunsuzluğu kəskin tənqid edib. Monteneqro mətbuatında Ermənistan silahlı qüvvələrinin işğalı altında olan və Azərbaycana məxsus Dağlıq Qarabağ bölgəsində mart ayının 31-də keçirilmiş qondarma “prezident və parlament seçkiləri”ni pisləyən çoxsaylı məqalələr dərc olunub. Türkiyənin ölkəmizdəki sabiq səfiri, görkəmli diplomat Hulusi Kılıç deyib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində qondarma “prezident və parlament seçkiləri”nin keçirilməsi siyasi əxlaqsızlığın son həddidir. Bu addım BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərar və qətnamələrinə təhqirdir.

Dünyanın ümumi mövqeyinə nəzər saldıqdan sonra, yəqin ki, heç kimə təəccüblü olmayacaq ki, məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı. Avropa Şurasının susmağının səbəbi isə artıq hamımıza bəllidir. Çünki, Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri ölkəmizi ləkələmək, gözdən salmaq, ölkəmiz haqqında əsassız və böhtan xarakterli uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək və Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmaq istəmədi. Bəli, Avropa Şurası qitədə yüz illərdir formalaşan bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım törədən, narkotik və silah qaçaqmalçılığının mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı. Bu təkcə Avropa Şurası üçün deyil, ümumilikdə bütün beynəlxalq hüquq və ədalət sistemi üçün utancverici haldır.

 Heç şübhəsiz ki, təcavüzkar Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı separatçı rejim işğal altındakı ərazilərdə qondarma “seçkilər”i təşkil edərkən Azərbaycan başda olmaqla dünya ictimaiyyətinin bu məsələyə kəskin etiraz edəcəyini yaxşı bilirdi. Belə olan halda, onlar, Azərbaycan işğal altındakı ərazilərində qondarma “seçki” düzəltməyin də siyasi şoudan başqa bir şey olmadığını da yaxşı anlamalı idilər.

Sonda daha iki məqamı qeyd etmək zəruridir. Birincisi, ekspertlərin də dediyi kimi, bu qondarma “seçkilər”in tarixinin 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə salınması həqiqətən də siyasi həyasızlığın son həddidir. İlk baxışda bu tarixin seçilməsi adi bir təsadüf kimi görünə bilər. Lakin əminliklə qeyd edə bilərik ki, bu qondarma “seçkilər” və onun tarixi məhz erməni toplumunda müsəlman-türk düşmənçiliyi yaratmaq strategiyasının davamıdır. Digər tərəfdən, dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası, sözün həqiqi mənasında, Ermənistanda tüğyan edir. Region ölkələrinin hərbi birlikləri arasında yeganə Ermənistan ordusunda koronavirusa kütləvi yoluxmalar var. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasının sürətlə yayılmasından narahatdır. ÜST rəhbərliyi sülhsevər dünya ictimaiyyətinə yeni növ koronavirusa qarşı birgə mübarizə çağırışı etdiyi halda, Ermənistan hakimiyyəti kütləvi yoluxma üçün münbit şərait yaradır. Heç şübhəsiz ki, ən yaxın vaxtda ermənilər haray salıb dünya ictimaiyyətindən koronavirusla mübarizə adı altında ianə yığmağa başlayacaqlar. Bəli, “Məzlum ermənilər virusdan qırılır” şüarı ilə dilənmək təcrübələrini və məharətlərini burada da işə salacaqlar. Bir sözlə, öz xalqının sağlamlığını qorunmaq əvəzinə Dağlıq Qarabağda qondarma “seçkilər” şousu düzəltmək təcavüzkar tərəfin siyasi riyakarlığından başqa bir şey deyil.  Bu, bir daha onu sübut edir ki, humanizm prinsiplərini pozan Ermənistan üçün bir dövlət olaraq koronavirus pandemiyasının insanların həyatına necə təsir edəcəyi maraqlı deyil. İkincisi isə işğalçı Ermənistan Dağlıq Qarabağda “seçki” keçirməklə bir daha beynəlxalq hüququ saymadığını nümayiş etdirdi.

Anar Babayev