KÖŞƏ

Zahid Rza

Qrant “mühacirlərinin” söyüş taktikası iflasa uğrayır

14 fevral 2019 11:23
2884

Son zamanlar özünü azərbaycanlı adlandıran bir qrup xəyanətkar, Avropanın bəzi ölkələrində “mühacir” adı ilə məskunlaşan “söyüş makinaları” Azərbaycan əleyhinə apardıqları “qara piar” kampaniyasının rəngini daha da tündləşdiriblər. Bu başıpozuq dəstənin üzvləri bütün etik prinsipləri pozaraq dövlətçiliyimiz, dövlət rəmzlərimiz haqqında təhqiredici ifadələr səsləndirirlər. Milli mənlik şüurundan, vətəndaşlıq borcuna sadiqlikdən məhrum olan bu ünsürlər-Orduxan Teymurxan, Tural Sadıqlı, Həbib Müntəzir, Vidadi İsgəndərli, Azər Kazımzadə, Qurban Məmmədov, Qənimət Zahid, Məhəmməd Mirzəli, İnqilab Kərimov kimi xəyanətkarlar  ermənipərəst qüvvələrdən aldıqları çirkli pulların müqabilində onların bütün sifariş və tapşırıqlarını yerinə yetirmək üçün ən əxlaqsız üsullardan istifadə etməkdən belə çəkinmirlər.

Uzun müddətdir ki, ermənipərəst qüvvələrin dəyirmanına su tökməklə məşğul olan bu marginallardan ibarət xəyanətkar dəstənin son  vaxtlarda sosial şəbəkələrdəki antimilli fəaliyyətləri bunun əyani sübutudur.  Birmənalı demək olar ki, bu gün Avropanın müxtəlif ölkələrində məskunlaşaraq ermənipərəst qüvvələrin patronajlığı ilə fəaliyyət göstərən bəzi beynəlxalq qurumların çirkli maliyyəsi ilə ələ alınan, adını azərbaycanlı qoyan  bəzi üzdəniraq vətənşüvənlər də öz xəyanətkar əməllərini ə.kərimlilərin, c.həsənlilərin, g.hacıbəylilərin antimilli əməlləri ilə uzlaşdırırlar. 

Bir vaxtlar ABŞ MKİ-nin rəhbəri olmuş A. Dalles deyirdi: “Müharibə qurtaracaq, əvvəl-axır hər şey sakitləşəcək, düzələcək. Biz əlimizdə olan bütün resurslardan istifadə edərək insanların ələ salınmasına, səfeh yerinə qoyulmasına xərcləyəcəyik. Orada xaos yaratmaqla biz onların dəyərlərini əllərindən alıb, əvəzində saxta dəyərlər verəcəyik. Necə? Bizimlə eyni düşünənləri, köməkçilərimizi və müttəfiqlərimizi tapacağıq. Bir xalqın məhv edilməsi anbaan baş verəcək, özünüdərkin məhvi geri dönməz xarakter alacaq”.

Bu satqınlar şəbəkəsi ölkəmizin əleyhinə apardıqları “qara piar” kampaniyasının rəngini gündən-günə get-gedə tündləşdirsələr də,  heç nəyə nail ola bilməyəcəklər. Çünki ictimaiyyətimiz bu merkantilləri çox yaxşı tanıyır, xəyanətkarlar zümrəsi kimi qiymətləndirərək rədd edir.

“Mühacir” adı altında Qərb ölkələrində sığınacaq tapmış bu xəyanətkarların toplandıqları sosial şəbəkələrdəki iyrənc vəziyyət bir daha sübut edir ki,  Azərbaycan əleyhdarı olan bəzi qüvvələr və ermənipərəst dairələr, “sapı özümüzdən olan baltalar”dan, xəyanətkar antimilli ünsürlərdən ibarət geniş bir  “nüfuz agenti” şəbəkəsi formalaşdırıblar. Həmin qüvvələr bu satqın, avantürist, mənsəbpərəst, əxlaqsız, ruhlarını şeytana təslim edən bu şəbəkədən, eləcə də dağıdıcı müxalifət düşərgəsinin öncüllərindən olan AXCP sədri Əli Kərimlidən, “Milli Şura”nın sədri Cəmil Həsənlidən və onların ətrafındakılardan ölkəmizdə xaos və anarxiya, qarşıdurma yaratmaq üçün böyük məharətlə istifadə edirlər. Bu gün məhz Azərbaycan əleyhdarı olan qüvvələrin diktəsi ilə  özünü müxalifət adlandıran bu marginallar ölkədə sivil, demokratik siyasi mübarizə aparmaq əvəzinə inqilab tərəfdarı kimi çıxış edirlər.

Azərbaycanın inkişafını, ölkədəki sabitliyi, monolit xalq-iqtidar birliyini istəməyən qüvvələr, ən əsası isə dünya erməniliyi onların bu xəyanətkar əməllərindən yararlanmaq üçün min bir oyundan çıxırlar. Əslində Azərbaycan əleyhdarı olan dairələr və erməni lobbisi ölkəmizdə xaos, qarşıdurma yaratmaqda maraqlı olduqlarını və bütün bunlara nail olmaq üçün “sapı özümüzdən olan baltalar”dan istifadə etdiklərini özləri də bilmədən zaman-zaman büruzə verirlər. Ancaq istər həmin məkrli  dairələr, istərsə də onların maşasına çevrilən bu  xəyanətkar ünsürlər unudurlar ki, hansısa “gedişlərlə” özlərinin məkrli niyyətlərini ört-basdır edə bilməyəcəklər. Çünki sular durulduqca, bəzi qaranlıq mətləblərə işıq düşdükcə ermənilərlə və antiazərbaycan dairələrlə işbirliyində olan bu üzdəniraq “söyüş makinalarına” qarşı ictimaiyyətimizin nifrəti daha da artır. Ona görə ölkəmizdə sabitliyi, inkişafı istəməyən, milli maraq və mənafelərimizə zərbə vurmağa çalışan,  xalqımızın milli-mənəvi və əxlaqi dəyərlərini hədəfə alan daxili və xarici qüvvələrin öz niyyətlərini həyata keçirmələrinə heç vəchlə imkan verilməyəcək.