29 noyabr 2019 16:32
1237

Qubanın bəzi kənd və qəsəbələri qazlaşdırılıb

Quba rayonunun Əliməmmədoba, Çaydüzü, Hacıhüseynli kəndləri və Gənclər qəsəbəsinin qazlaşdırılması istiqamətində işlər başa çatdırılıb, noyabrın 29-da həmin ərazilərə təbii qazın verilişi təmin olunub.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, qazlaşdırma işləri üçün Əliməmmədoba kəndində 16 min 902 metr, Çaydüzü kəndində 5299 metr, Hacıhüseynli kəndində 31 min 255 metr, Gənclər qəsəbəsində isə 9907 metr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, hər bir ev fərdi tənzimləyici və qaz sayğacı ilə təmin olunub. Əliməmmədoba kəndində 248, Çaydüzü kəndində 65, Hacıhüseynli kəndində 488, Gənclər qəsəbəsində 106 fərdi yaşayış evi bu gündən etibarən təbii qazdan istifadə edəcək.

Həmin gün Quba rayonunda “Barlı” Qaz Tənzimləyici Məntəqəsi (QTM) də istifadəyə verilib. Hələlik bu məntəqə 5 kəndin qaz təchizatına xidmət göstərir. Lakin perspektivdə Quba rayonundan 19 kilometr aralıda, Xaçmaz rayonu istiqamətində digər kəndlərin də bu QTM-ə qoşulma imkanları olacaq. Bu isə rayonda qaz təchizatının texnoloji rejimdə tənzimlənməsi, eləcə də dayanıqlı şəkildə abonentlərə çatdırılmasına şərait yaradacaq.