18 mart 2020 14:54
860

Qubernator: Kvemo Kartlidə ərzaq qıtlığı təhlükəsi yoxdur

“Kvemo Kartli bölgəsində ərzaq məhsulları qıtlığı təhlükəsi yoxdur”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə azərbaycanlıların yığcam yaşadıqları bölgənin qubernatoru Şota Rexviaşvili keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ölkə sərhədlərində tətbiq olunan məhdudiyyətlər yük daşımalarına şamil olunmadığına görə bölgədə qida məhsulları çatışmazlığı yaşanmır.

Qubernator deyib ki, Kvemo Kartli bölgəsindəki məktəblər, bağçalar, ictimai nəqliyyat, inzibati binalar, ticarət obyektlərində dezinfeksiya işləri həyata keçirilib və proses hər gün davam etdirilir.

Ş.Rexviaşvili bölgədə aparılan məlumatlandırıcı kampaniyalar barədə də danışıb: “Qubernatorluğun rəsmi internet və sosial şəbəkə səhifələrində intensiv olaraq etnik azlıq nümayəndələrinin dilində bütün yeni qərar və tövsiyələr haqqında məlumatlar yerləşdirilir. Həmçinin Azərbaycan və erməni dillərində də məlumat vərəqləri hazırlanıb və mərhələli şəkildə əhali arasında paylanılır”.