28 yanvar 2019 10:58
288

“Qurani-Kərim”də adı çəkilən yeganə ədviyyat

Bəli, zəncəfil müqəddəs kitabımızda adı çəkilən yeganə ədviyyatdır. Amma çox təəssüf ki, biz bu dəyərli bitkidən lazımi dərəcədə istifadə etmirik. Zəncəfil demək olar, bütün bitki tərkibli qarışımlarda  istifadə edilir.

Zəncəfil mədə-bağırsağın hərəkətini artırır, köpün xaric olmasını asanlaşdırır, mədə-bağırsaq ağrılarına qarşı  ağrıkəsici təsiri var. Zəncəfil, həmçinin həzmi yaxşılaşdırır, iştahaaçıcıdır, zəncəfil qatılmış çayın içilməsi ürəkbulanmanın qarşısını alır, hətta hamiləlik zamanı zəncəfildən istifadə oluna bilər.

Zəncəfil bədəni, əl və ayaqları soyuq olanlar üçün əsl şəfadır. Zəncəfil orqanizmdə qan dövranını sürətləndirdiyi üçün bütün iltihabi xəstəliklərin müalicəsində, xüsusən də revmatizm üçün çox faydalıdır. Bundan əlavə, beyinə gedən qanın miqdarını artırır, skleroz, alzheymer kimi xəstəliklərin əmələ gəlməsinin qarşısını alır, hafizəni və əzbərləmə qabiliyyətini gücləndirir.  Zəncəfil, həmçinin yaddaşsızlığı və diqqətsizliyi aradan qaldırmağa kömək edir.

Bronxit xəstələrində bəlğəmi durulaşdırır. Zəncəfil təbii ağrıkəsici və tərlədici olduğundan soyuqdəymə və boğazağrısı üçün faydalıdır. Bütün sayılan xəstəliklər zamanı çayın tərkibinə zəncəfil qatıla və ya məcunundan istifadə oluna bilər. Yaxşı olar ki, zəncəfili özünüz alıb üyüdəsiniz və ağzı bağlı qabda saxlayasınız. Bu, həm tozun ətrini qoruyur, həm də təmiz olmasına şübhə qalmır.

Zəncəfilli çayın hazırlanma qaydası

1/3 çay qaşığı zəncəfil tozu 1 stəkan adi çaya və ya qaynar suya qarışdırılır, gündə üç dəfə yeməkdən əvvəl bir stəkan qəbul olunur. Bu çay, həmçinin orqanizmdəki artıq yağların əriməsinə və arıqlamağa da səbəb olur. Barmaq böyüklüyündə təzə zəncəfilin qabıqları soyulur, adi qəpik ölçüsündə doğranılır, 3 stəkan suda dəmlənilir. İstəyinizə görə bal da qata bilərsiniz.

Məcunun hazırlanma qaydası

50 qram zəncəfil tozu 500 qram bal ilə qarışdırılır, gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı yeyilir. Sağlamlıq üçün 1 xörək qaşığı bal, 1 çay qaşığı alma sirkəsi və 1/3 çay qaşığı zəncəfil bir-birinə qarışdırılır və 1 stəkan çiy suda həll edilir, səhər və axşam yatmazdan əvvəl içilir.

Röya Rasimqızı