KÖŞƏ

Vəli İlyasov

Qurub-yaradanlara tələ quranlar...

08 yanvar 2019 11:15
1792

“Nə yaradar, nə də də qurar, Yaradana tələ qurar.”

Böyük şairimiz Səməd Vurğun sanki bu misraları  indiki başabəla dağıdıcı müxalifətçilərimiz barədə yazıb. Ancaq burada bir məsələni vurğulamaq lazımdır ki, Azərbaycanda “fəaliyyət” göstərən dağıdıcı müxalifət əməlli-başlı qrant almaq həvəsinə  düşüb. Qrant sahibləri isə pullarını o şəxsə verirlər ki, xalqının, dövlətinin əleyhinə dağıdıcı fəaliyyət göstərsin. Belələrindən  AXCP sədri Əli Kərimli hazırda bu sahənin ən “bərkgedənlərindən” biridir. Pula necə aludə olubsa oğlu Turalı da belə çirkin işlərə qoşub. Ancaq Əli Kərimli ilə yarışa çıxanlar, estafetini davam etdirən digərləri də peyda olublar.

Bu günlərdə sosial şəbəkələrdə Xədicə İsmayılın müsahibəsi yayılıb. Xədicə İsmayıl sevincini gizlədə bilməyib. Səbəbi də bu olub ki, ona avropalı ağalarından 500 min dollar qrant ayrılması xəbərini çatdırıblar. Xədicə İsmayıl ağlamsınaraq bildirib ki, hardaydı məndə belə bəxt. Burada bir səhnə yada düşür...Canavara xəbər çatdırırlar ki, səni qoyun sürüsünə çoban seçiblər. Oturub ağlayır. Ondan soruşurlar ki, niyə ağlayırsan? Deyir, qorxuram yalan ola.

Onlar heç nəyin fərqində deyillər. Məsələn, təzəlikcə ortaya çıxan və konkret cinayət əməlinə görə həbs olunan Mehman Hüseynov kimi.

Dağıdıcı müxalifətin bütün bu Mehman Hüseynov şousunun  arxasında isə yenə də külli miqdarda qrant pulları durur. Bazar genişləndikcə, havayı pullar hərisləri özünə daha çox cəzb edir. Həmin qrant pullarının hesabına Əli Kərimli, Cəmil Həsənli, Xədicə İsmayıl, Tural Abbaslı, Orduxan Teymurxan, Qurban Məmmədov, Vidadi İsgəndərli və başqaları hər rəzalətə hazırdırlar. Təki coxlu pulları olsun. Yəni böyük Sabir demişkən: “Mən salim olum, cümlə-cahan batsa da batsın” ideyası ilə yaşayanlar harada iblis yuvası varsa ora yığışırlar.

Adlarını çəkdiyimiz bu adamların əksəriyyəti gedib oturublar Avropa ölkələrində. Doğulub boya-başa çatdıqları, çörəyini yeyib, suyunu içdikləri öz ata-baba  yurdlarını bəyənmirlər. Əcnəbi ölkələrə və külli miqdarda pula aşiqlik bunların ağıllarını başlarından çıxarıb. Maraqlıdır, indi bunların gün keçirdikləri ölkələrdə mitinqçilərlə polis arasında əlbəyaxa vuruşmalar gedir. Görəsən, onlar orada da burunlarını məsələn fransızların işlərinə soxa bilirlərmi? Qətiyyən. Heç cınqırlarını da çəkə bilmirlər. Orada mitinqçilər döyülür, söyülür, hüquqları tapdanır. Ancaq xaricdə haqq-ədalət axtaranlar sakitcə oturub haqsızlıqlara tamaşa edir, hadisələrin nə ilə bitəcəyini gözləyirlər. Çünki cəsarətləri yalnız öz soydaşlarına qarşı xoruzlanmağa çatır. Ancaq Azərbaycandakı dinclik, inkişaf, əmin-amanlıq bunları çox narahat edir. Əcaib məntiqdir, deyilmi? 

Məşhur bir tamaşada deyildiyi kimi, bunlara hər şeydən əvvəl “ağıl duası” lazımdır. Kosmopolitləşmiş bu şəxslər çox pul müqabilində vətənə, xalqa xəyanəti ağıldan da üstün tuturlar. Ancaq unudurlar ki, indiki və gələcək nəsillər onların rəzalətlərini daim nifrətlə yad edəcəklər.