07 fevral 2019 16:00
194

“Qürur yerim Naxçıvanım” adlı sərgi təşkil olunub

Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə əlaqədar Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Qürur yerim Naxçıvanım” adlı sərgi təşkil edilib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Memarlar Birliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Memarlar Birliyinin sədri Heydər Əhmədov çıxış edərək bu gün doğma diyarımızın 95 illik tarixi yolunun ən dinamik inkişaf dövrünü yaşadığını bildirib.

“Azərbaycan Prezidentinin böyük diqqət və qayğısı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə qədim diyarda həyatın bütün sahələrində əsaslı yüksəlişə nail olunub, oğuz yurdu cənnətməkana çevrilib”, – deyən Heydər Əhmədov qeyd edib ki, son illər diyarımızda aparılan kompleks tikinti-quruculuq tədbirləri nəticəsində şəhər, qəsəbə və kəndlərin siması tanınmaz dərəcədə dəyişilib. Təqdirəlayiq haldır ki, Naxçıvanda ucaldılan binalar qədimliklə müasirliyi özündə cəmləşdirməklə yanaşı, memarlıq üslubu ilə də fərqlənir. Bu binalar yerləşdikləri ərazilərə xüsusi gözəllik verir, ətrafla harmoniya yaradır. Qabaqcıl dünya təcrübəsini və milli ənənələri mənimsəyən memarlarımız muxtar respublikanın inşaat sektoruna yeni üslublar və müasir dizayn formaları gətirməkdədirlər.

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxışında bildirib ki, böyük qürur hissi ilə 95-ci ildönümünü qeyd etdiyimiz muxtar respublikamız çətin, mürəkkəb, eyni zamanda, şərəfli inkişaf və tərəqqi yolu keçib. Müstəqillik illərində bütün sahələrdə aparılan quruculuq işlərində, mədəni-kütləvi tədbirlərdə dövlətimizin dəstəyinə arxalanan gənclər də fəallıq göstərib, qədim Naxçıvanda hərtərəfli dünyagörüşünə malik müasir düşüncəli gənclik formalaşıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Əliyev, Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva çıxış edərək qədim diyarın muxtariyyət tarixindən bəhs edib, ötən dövrdə təhsil, incəsənət və ədəbiyyat sahəsində qazanılan uğurlardan söhbət açıblar.

Sonra Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə bağlı hazırlanan videoçarx nümayiş olunub, tədbir iştirakçıları sərgiyə baxıblar.

Qeyd edək ki, “Qürur yerim Naxçıvanım” adlı sərgidə 10 memarın 45-ə yaxın memarlıq layihələri və muxtar respublikamızda müasir üslubda inşa olunan tikililərin fotoları yer alıb.