13 dekabr 2019 11:14
1236

“Quş Yuvası”nda nahar etmək... 

yoxsa meymunların xidməti?...

Digər ölkələrə səyahət edərkən, onların mədəniyyətini araşdırıb, yerli mətbəxləri ilə tanış olmaq istəyirik . Fərqli ölkələrin orijinal yeməklərini dadmaq bizə  maraqlı gəlir. Əsas diqqətimizi çəkən məqam isə bu gözəl yeməklərin verildiyi qeyri-adi məkanlardır. Turistləriləri öz xüsusi dizaynı ilə heyran edən, fərqliliyi ilə seçilən bəzi restoranlarla sizi tanış edək:

“Sakit restoran” - ABŞ

Nyu-York ştatının Grinpoint şəhərində Nikolas Noyman tərəfindən “Eat” (Ye) restoranı açılıb. Restoranın fərqli bir xüsusiyyəti var. Orada nahar edən insanlar yemək zamanı söhbət etməməlidirlər. Nikolas Noyman  Asiyada bir buddist monastırına səyahət edərkən, bu restoranı açmaq qərarına gəlib. O, insanların səssizlikdən zövq alacağı bir məkan yaratmaq istəyib. Bu qeyri-adi məkana gələn insanlar, onu “Sakit restoran” adlandırıblar. Fərqli məkanda verilən “sakit naharlar” insanlar tərəfindən çox sevildiyinə görə, onlar burada  nahar etmək üçün əvvəlcədən özlərinə masa sifariş edirlər.

“Kayabukiya Tavern” - Yaponiya

Yaponiyanın paytaxtı Tokioda “ Kayabukiya” restoranı fəaliyyət göstərir. Bu qeyri-adi restoran insanları yalnız yeməkləri ilə deyil, həm də qəribə isçiləri ilə cəlb edir. Çox maraqlıdır ki , restoranın ofisiantları 16 yaşlı Yat-çan və Fuku-çan adlı meymunlardır. Onlar müştərilərə həm yemək, həm də əllərini yumaq üçün dəsmal aparırlar. Restoranın sahibi Kaoru Otsuka meymunlara bu işi etməyi xüsusi olaraq öyrətmədiyini deyir. Onun sevdiyi meymun Yat-çan sahibinin hərəkətlərini eyni ilə təkrarlamağa başlayıb. Meymunun qəribə hərəkətlərindən sonra Kaoru Otsuka “Kayabukiya” restoranını açmaq fikrinə gəlib. Qonaqların sözlərinə görə, meymunlar onlara yaxşı xidmət göstərirlər, gətirilən  yeməkləri və içkiləri dəyişik salmırlar. Meymunlardan məmnun qalan müştərilər onlara çay pulu əvəzində soya paxlaları verirlər.

“Quş yuvası” restoranı - Tailand

Tailandın “ Soneva Kiri Eko” otelində ağac başında nahar etmək olar. Bu unikal restoran 4.8 metr hündürlükdə, sanki göydən asılmış bir zənbilin içində yerləşir. Ofisiantlar qonaqlara xidmət göstərmək üçün xüsusi “ kəndir yollarla” hərəkət edərək, insanlara qulluq edirlər. Adi nahar yeməyi bu restoranda təxminən 450 dollara başa gəlir. Lakin bu gözəlliyi görən insanlar burada olan yüksək qiymətlərə fikir vermirlər.

“At Eenmaal” restoranı - Amsterdam

Amsterdamda yerləşən “At Eenmaal” restoranı “təklik” anlayışını təbliğ etməklə məşhurlaşıb. Bu məkanda eyni tipdə tək yerləşən masalar görə bilərsiniz. Restoranın quruluşçusu və dizayneri Marina van Goorun sözlərinə görə, bu qeyri-adi yanaşmanın məqsədi insanlara təkliyi hiss etməyə imkan verir.Marina van Goorun fikirlərinə görə, təklikdə nahar etmək bəzən əsəblərimizin sakitləşməsinə yardım edir.

“Buz restoranı” - Finlandiya

Son zamanlar buzdan inşa edilən restoranlar  və otellər dəbə düşüb. Bunlardan ən məşhuru Finlandiyada yerləşir. Bu restoran hər il yanvar ayının sonuna doğru xidmət göstərməyə başlayır.Bura gələn qonaqlar mənfi 5 dərəcə soyuqda nahar edirlər.Buzdan inşa edilmiş bu restoranda insanlar yalnız soyuq qəlyanaltılar dada bilərlər.

“Mikroskop restoranı” - Yaponiya

Bir neçə il əvvəl zarafat kimi başlayan “mikroskop yeməkləri” layihəsi aşbaz Hironori İkenonu bütün dünyaya məşhur etdi. Bir gün kiçik qablarda miniatür yeməkləri nümayiş etdirən aşbaz, bu layihənin bu dərəcədə sevildiyini gözləmirdi. Hironi İkenon bütün dünyaya bir düyüdən düzəldilən suşi nümayiş etdi. Bu gün bütün dünyadan gələn turistlər cənab İkenonun miniatür yeməklərini dadmaq arzusundadır.

“EL Diablo” restoranı - İspaniya

Bu restoranda verilən kabablar, restoranın dibində olan aktiv  vulkanın istisi ilə bişirilir. Restoranın dibində olan vulkan XIX əsrdən bəri püskürmür. “El Diablo” restoranı 6 qaya üzərində tikilib.

Samirə Tağıyeva, “İki sahil”